Aprelin 24-də dünya erməniləri 1915-1922-ci illərdə Osmanlı imperiyasında baş verdiyini iddia etdikləri “erməni soyqırımı”nın 100 illiyini anacaqlar. Bu qondarma tarix üçün dünyanın müxtəlif ölkələrinə şaxələnmiş diaspor və həmin diasporun maliyyə əsaritində olan yerli siyasətçilər artıq bir neçə aydır görünməmiş canfəşanlıq nümayiş etdirirlər.
Roma Papasının aprelin 12-də Vatikandakı dini ayin zamanı “erməni soyqırımı XX əsrin ilk genosididir” deməsi isə bu canfəşanlığı pik həddə çatdırıb. 1 milyarddan artıq insanın dini lideri olan I Fransisk 24 aprel öncəsi ermənilərə ən böyük hədiyyəni vermiş oldu. Amma “erməni soyqırımı” faktının beyinlərə yeridilməsi üçün başqa tədbirlər də həyata keçirilib.
Modern.az saytı Ermənistan və diaspor ermənilərinin “soyqırımı”na diqqət çəkmək üçün təşkil etdikləri təbliğat aksiyalarını təqdim edir.
2015-ci il martın 11-də “100 LİVES” (100 həyat) layihəsinin Nyu-Yorkda təqdimatı
Erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın təşəbbüsü ilə yaradılan proqram çərçivəsində “1915-1922-ci illərdə erməniləri xilas edən əcnəbi vətəndaşlara beynəlxalq Avrora Prize” mükafatı təqdim olunacaq. Mükafatın münsiflər heyətinə Hollivud ulduzu Corc Kluni, Nobel sülh mükafatının laureatı Eli Vizel, “Karneqi” fondunun prezidenti Vardan Qriqoryan daxil olacaq. Dəyəri 1 milyon dollar olacaq “Avrora Prize” ilk dəfə 2016-cı il aprelin 24-də Yerevanda Corc Kluni tərəfindən təqdim olunacaq.
“System of a Down” rok qrupunun dünya turu
Kaliforniya erməniləri Serj Tankyan, Con Dolmayan, Daron Malakyan və Şavo Ocacyanın 1995-ci ildə Los-Ancelesdə yaratdıqları qrup hard rok və treş-metal üslubunda çıxış edib. 2006-cı ildə “Qremmi” mükafatına layiq görülən “System of a Down” 2015-ci ilin əvvəllərindən “erməni soyqırımı”nın təbliğinə həsr olunan “Wake Up The Souls” (Ruhları oyandır) adlı konsert proqramına başlayıb. Aprelin 10-da Londonda, 13-ü Kölndə, 14-ü Lionda, 17-si Amsterdamda, aprelin 20-si Moskvada konsert proqramı ilə çıxış edən “System of a Down” dünya turnesini aprelin 23-də Yerevan Respublika meydanında 50 minlik konsert proqramı ilə yekunlaşdıracaq.
Kim Kardaşyanın Ermənistan səfəri
Populyar Amerika realiti-şou ulduzu və fotomodel Kim Kardaşyanın aprelin 9-da Yerevana səfər etməsi bütün aparıcı dünya KİV-lərinin diqqətini cəlb etdi. Atası erməni olan Kardaşyan “erməni soyqırımı”nın 100 illiyini anmaq üçün tarixi vətəninə gəldiyini açıqladı. Səfər çərçivəsində onun 21 “Qremmi” mükafatı qazanan müğənni əri Kanye Uest, qızı Nort Uset və kiçik bacısı Xloya Kardaşyan da Ermənistana gəlmişdilər. Kim Kardaşyanın səfərindən sonra Ermənistan barədə sorğular “Google”da 7,5 dəfə , “Wikipedia”da Ermənistan səhifəsində isə 7 dəfə artıb. Dünya mətbuatı ilə yanaşı, Azərbaycan və Türkiyə mətbuatı da erməni əsilli amerikalının səfərini geniş işıqlandırıb.
“Erməni soyqırımı”nın tanınması ilə bağlı bəyannamələr və qanunun kriminallaşdırılması
Aprelin 16-da Avropa parlamenti “1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisə”lərlə bağlı iclas keçirdi. İclasın sonunda Avropa Birliyinin əsas qanunverici orqanı “1915-1917-ci il hadisələrini genosid kimi tanıyan xüsusi qətnamə qəbul etdi. Avropalı parlamentarilər Türkiyə hökumətindən tarixi ilə üzləşməyi və “soyqırımı” tanımağı da tələb ediblər.
ürkiyənin tanımadığı və aralarında münasibət tarixən gərgin olan Cənubi Kipr isə bir neçə il öncə tanıdığı “erməni soyqırımı”nı kriminallaşdırmaqla bağlı qərar qəbul etdi. Aprelin 2-də ölkə parlamenti yekdilliklə “soyqırımı” iddialarını inkar edən şəxslərə qarşı cinayət məsuliyyətinin tətbiq edilməsini dəstəklədilər.
4 ölkə başçısının 24 aprel günü Yerevana səfəri
“Erməni soyqırımı”nın 100 illiyi ilə bağlı əsas tədbir Yerevanda cərəyan edəcək. Türkiyənin Çanaqqala zəfərini qeyd edəcəyi həmən tarixdə bir sıra dövlət başçıları Ermənistan getməyi üstün tutacaqlar. Heç şübhəsiz ki, belə qonaqlar arasında Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin, Cənubi Kipr prezidenti Nikos Anastasiadis və Serbiya prezidenti Tomislav Nikoliç iştirak edəcəklər. Xüsusən, ilk iki prezidentin “tarixi gün”də Yerevanda olmaları Ermənistan tərəfinin diplomatik uğuru sayılmalıdır. Daha 60-dan artıq dövlətin nazir, deputat və səfir səviyyəsində təmsil olunması gözlənilir
Vüqar İsmayılov