Modern.az

Deputat seçkilərdə akademiklərin təbliğatını aparacaq

Deputat seçkilərdə akademiklərin təbliğatını aparacaq

21 Sentyabr 2010, 13:11

Milli Məclisin deputatı Gülhüseyn Əhmədovun adı Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıya salınmayıb. Əvəzində YAP G.Əhmədovun deputat olduğu 65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsindən Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanovun namizədliyi irəli sürüb. Bununla bağlı mövqeyini Modern.az-a açıqlayan G.Əhmədov namizədliyini irəli sürməyəcəyini deyib.

YAP-ın siyahısı ilə bağlı hər hansı narazılığının olmadığını vurğulayan deputat  bu seçki kampaniyasında Saatlı bölgəsindən namizəd olacaq iki akademikin təbliği ilə məşğul olacaq.

“Mənim Əhliman müəllimin namizədliyinə qarşı heç bir narazılığım ola bilməz. Cənab akademik məndən çox tanınır, hörmətli adamdır. Ölkənin müstəqiliyi üçün çalışan insandır”-deyən deputatın sözlərinə görə, akademikin namizədliyini yaxşı qarşılayıb.

"Əhliman müəllimi yaxşı tanıyıram, hörmətli alimimiz Azərbaycandan kənarda yaxşı tanınır. Böyük ziyalıdır. Ola bilsin ki, başqa bir namizəd olsaydı, narazılığım olardı. Hesab edirəm ki, həm Əhliman müəllim, həm də 62 saylı Saatlı seçki dairəsindən namizəd göstərilimiş hörmətli alimimiz Cəlal Əliyev -hər ikisi layiqli namizəddir.  Saatlı seçiciləri onları dəstəkləyəcəklər. Mən özüm hər ikisinin təbliğatını aparacağam, dəstəkləyəcəyəm”-deyə G.Əhmədov bildirib. Onun sözlərinə görə, onların namizədliyini YAP irəli sürübsə bu şəxsləri dəstəkləməlidirlər.
“Bu bizim bopcumuzdur. Vəzifəmizdir. Mən onlara uğurlar arzulayıram”.

G. Əhmədov Cəlal Əliyevin Saatlı ilə bağlayan tarixin 50-ci illərə çıxdığını deyərək qeyd edib ki,  rayonda akademikin böyük hörməti var.  Özünün siyasi taleyinə gəlincə, G.Əhmədov deyib ki, uzun illər Saatlıda İcra Hakimiyyətinin başçısı olub. İndi yenidən istehsalatda çalışmaq arzusundadır.

YAP-ın siyahısını yaxşı qiymətləndirdiyini deyən millət vəkili qeyd edib ki, siyahıda tanınmış şəxslərin adı var. 
“İnanıram ki, onlar seçkidə qələbə qazanacaqlar”-deyə sonda vurğulayıb.

Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?