Modern.az

Elmlər Akademiyasının xanım müxbir üzvləri KİMLƏRDİR...

Elmlər Akademiyasının xanım müxbir üzvləri KİMLƏRDİR...

22 Aprel 2015, 17:50


Azərbaycan elmində xanımların rolu getdikcə artmaqdadır.  Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 31,7 faiz, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 14 faiz  artıb. Buna baxmayaraq, AMEA-nın həqiqi və müxbir üzvləri arasında xanımlar azlıq təşkil edir. Akadmeiyanın cəmi 5 həqiqi üzvü və ya akademiki, 13 müxbir üzvü  var.

Modern.az bu yazıda akademiyanın xanım müxbir üzvlərini təqdim edir:

Gövhər Baxşəliyeva - Milli Məclisin deputatı olan Gövhər Baxşəliyeva 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Şərqşünaslıq sahəsində 200-ə yaxın elmi əsərinin müəllifidir. Hazırda AMEA-da Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur.

Sevda Məmmədəliyeva - Böyük alim Yusif Məmmədəliyevin yadigarı olan Sevda Məmmədəliyeva 2001-ci ildən akademiyanın müxbir üzvüdür. Sosial fəlsəfə sahəsində həm Azərbaycan, həm də beynəlxalq çərçivədə bir sıra uğurlar qazanıb. Y.Məmmədəliyeva Beynəlxalq Ekoenergetika Akademiyasının akademikidir. Sevda Məmmədəliyeva həm də mədəniyyət və turizm nazirinin müavinidir.

Nərgiz Paşayeva -  Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2005-ci ildə professor elmi adına layiq görülən alim 2006-2008-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. Hazırda həmin universitetdə Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir.

Zemfira Səfərova -  2007-ci ildən etibarən akademiyanın müxbir üzvü olan Z.Səfərova Azərbaycan musiqi elmi və musiqi tarixi üzrə bir çox dəyərli araşdırmaların müəllifidir. Hazırda akademiyanın Mədəniyyət və Memarlıq İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir. Zemfira xanım xalq yazıçısı, AYB sədri Anarın həyat yoldaşıdır.

Məşədi xanım Nemət -  Azərbaycan elminin qocaman alimlərindən olan alim (91 yaş) tarix və etnoqrafiya sahəsində xeyli sayda tədqiqatların müəllifidir. Epiqrafikanı bir fənn kimi Azərbaycanda o yaradıb və bu sahədə kadrlar yetişdirib. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilən xanım professor hazırda akademiyada Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiridir.

Nərgiz Axundova -  tarix elmləri doktoru, professor N. Axundova ötən il akademiyanın müxbir üzvü seçilib. Hazırda AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir.

Elmira Əliyeva -  geologiya üzrə elmlər doktoru olan Elmira Əliyeva hazırda Dövlət Neft Şirkətinin tabeliyindəki elmi tədqiqat institutunda şöbə rəhbəri kimi çalışır. Ötən il müxbir üzv seçilən xanım professor Dövlət Mükafatı laureatıdır.

Məsumə Məlikova - hüquq sahəsində yeganə xanım alimlərdən olan M.Məlikova  hazırda Bakı Dövlət Universiteti hüquq fakültəsində kafedra müdiridir. Hüquq elmləri doktoru olan xanım həm də prezidentin fərdi təqaüdünə layiq görülüb.

Fəridə Məmmədova - Ölkədə tanınan tarixçi alimlərdən olan Fəridə Məmmədova Qafqaz Albaniyasının tarixi və coğrafiyasının öyrənilməsi istiqamətində bir çox işlər görüb. 2001-ci ildən akademiyanlın müxbir üzvüdür.

Rəna Məmmədova - sənətşünaslıq üzrə iki müxbir üzvdən biridir. Azərbaycan muğamının tarixi və nəzəriyyəsi istiqamətində bir çox elmi  araşdırmaların müəllifidir. 2001-ci ildən akademiyanlın müxbir üzvüdür.

Elmira Ramazanova - Neft, Qaz və Kimyanın Geotexnoloji Problemləri Elmi-Tədqiqat İnstitutunun  direktoru olan xanım  professor ölkənin ən qocaman neft mühəndislərindən biridir. Bu sahədə 16 patentin, 221 elmi əsərin müəllifidir.

Fazilə Səmədova -  xanım professor kimya üzrə bir çox elmi nailiyyətlərin müəllifidir. 2001-ci ildə akademiyanın müxbir üzvü seçilib. Hazırda Y. Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiridir.

Elmira Vəliyeva -  Bu xanım professor da geologiya sahəsində müxbir üzv seçilib. Hazırda Geologiya və Geofizika İnstitutunda şöbə müdiridir.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir