2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edib. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməyib. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasmindəki çıxışında deyib. Prezident yarışların Təşkilat Komitəsinin çox fəal və böyük uğurla işlədiyini qeyd edərək bildirib ki, artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsinə tam hazırdır.
“Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır.Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir. Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır” – deyə dövlət başçısı vurğulayıb.
Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcək.
Modern.az