Modern.az

“Akkord” “Uğur 2014” milli mükafatina layiq görüldü

“Akkord” “Uğur 2014” milli mükafatina layiq görüldü

Təhsil

27 Aprel 2015, 17:47



“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə iqtisadiyyat və biznes sahəsində “Uğur” milli mükafatının sahibi olub. “Consulting and Business” jurnalının təsis etdiyi ənənəvi nüfuzlu mükafata Korporasiya “Milli iqtisadiyyatın inkişafına verdiyi töhfələrə görə” layiq görülüb.

Aprelin 24-də Şamaxı şəhəri yaxınlığındakı “Samaxı Palace Platinum by RIXOS” otelində baş tutan təntənəli mərasimdə 2014-cü ilin nəticələrinə əsasən, bu nüfuzlu mükafata layiq görülən 20-dən artıq şirkət və qurumun iştirak etdiyi təntənəli təqdimetmə mərasimi keçirilib. Yüzlərlə namizəd arasından seçilən nominantlar tam bir il ərzində ortaya qoyduqları səy və zəhmətin “Uğur”lu qarşılığı ilə seviniblər.

2014-cü ildə Azərbaycan Respublikasında daxili məhsuldarlığı yüksəltmək yolu ilə ölkəmizin xarici idxaldan asılılığını aradan qaldırmaq kimi vacib dövlət siyasətinə dəstək olmaq xətti götürən “Akkord” Korporasiyası nominantlar arasında xüsusi nailiyyətləri ilə seçilənlərdən olub. Qeyd olunub ki, ölkə başçısı tərəfindən elan edilmiş “Sənaye ili” çərçivəsində istər sənaye məhsullarının istehsal həcminin, istərsə də çeşidliliyin artırılması istiqamətində görülən mühüm əhəmiyyətli işlərlə yanaşı Korporasiya yeni, daha effektiv idarəetmə sistemlərini tətbiq edib. Bunun nəticəsi olaraq, sənaye sahələrinə uyğun olaraq yeni məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb və məhsul istehsalı sahəsində ciddi nailiyyətlər əldə edilib, milli iqtisadiyyatın inkaşafına mühüm töhfələr verilib.

Tədbirdə “Akkord” Korporasiyasının layiq görüldüyü mükafatı şirkətin mərasimdə iştirak edən nümayəndə heyətinin rəhbəri, qurumun İşlər İdarəsinin  direktoru Eyyub Məmmədov qəbul edib.

Mükafatı qəbul edərkən E. Məmmədob təsisçi və təşkilatçılara Korporasiyanın fəaliyyətinə verilən bu yüksək qiymətə görə, təşəkkürünü bildirib. O, həmçinin digər mükafatçıları da təbrik edib. E.Məmmədov “Akkord” Korporasiyasının öz fəaliyyətində daim “hər şey insan üçün” fəlsəfəsinə söykəndiyini, milli iqtisadi inkişafa yönəlmiş bütün istiqamətlərdə səylə çalışdığını və bu baxımdan inanılmaz əzm və iradə nümayiş etdirən ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə dəstək vermək üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb. “Akkord” nümayəndəsinin çıxışı alqışlarla qarşılanıb.

Mükafatlandırma mərasimi yüksək əhval-ruhiyyə, xoş musiqi nömrələri ilə müşayiət olunub, qarşılıqlı təbriklər və yeni-yeni uğurlar arzusu ilə yekunlaşıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə