Modern.az

Abdulla Gül: “Qarabağ münaqişəsi regionda sülhə ciddi təhdid yaradır”

Abdulla Gül: “Qarabağ münaqişəsi regionda sülhə ciddi təhdid yaradır”

Təhsil

28 Aprel 2015, 16:01


“Danışıqlar prosesində iştirak edən dövlətlər Qarabağ münaqişənin həllinə ciddi səy göstərmir”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda işinə başlayan III Qlobal Bakı Forumu davam edir.

Komitədən Modern.az saytına verilən məlumata görə, Boliviyanın sabiq prezidenti Jorge Quiroqanın moderatorluğu ilə keçən panel iclasında “Yeni dünya düzəninin başlıca problemləri” müzakirə edilib. Sessiyada Türkiyənin 11-ci prezidenti Abdulla Gül, Kanadanın keçmiş baş naziri Jan Kretien, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Yunanıstanın keçmiş baş naziri George Papandreou, Sloveniyanın sabiq prezidenti Danilo Türk, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa çıxış edib.

Forumda iştirakdan məmnunluğunu vurğulayan Abdulla Gül yeni dünya düzənində etimadın yaradılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. XX əsrin ilk 15 ilinin bəşər sivilizasiyasına yaraşmayan siyasi və ideoloji münaqişələr şəraitində keçdiyini bildirən keçmiş prezident qloballaşmanın inkişafı nəticəsində dünya nizamının ciddi problemlərlə qarşı-qarşıya qaldığını vurğulayıb. O qeyd edib ki, iki dünya müharibəsinin dərsləri əsasında formalaşan beynəlxalq əməkdaşlıq sistemlərinin qəbulundan 70 il keçdiyi üçün beynəlxalq strukturlar yeni dünya nizamına uyğunlaşdırılmalıdır. Bu sahədə ciddi cəhdlərin göstərilmədiyini vurğulayan Abdulla Gül bildirib ki, BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı səylər nəticəsiz qalıb:

”Bu da BMT və Təhlükəsizlik Şurasına etibarın azalmasına səbəb olur. Münaqişələrin uzun müddət həll olunmamış qalmasından yaranan məyusluq bizə təsir edir. Məhz bu baxımdan belə islahatlar beynəlxalq ictimaiyyətə və sistemə yeni dinamika gətirəcək, beynəlxalq proseslərə müsbət təsir göstərəcək. Buna görə də biz ümumi dəyərlər və maraqlar ətrafında birləşməli, beynəlxalq münasibətlərin digər prinsiplərini və mexanizmlərini gücləndirməliyik”.

Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Abdulla Gül bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 ildən çoxdur işğal altında qaldığını, bir milyondan çox insanın doğma yurdundan didərgin düşdüyünü bildirib. Sabiq prezident deyib ki, bu münaqişə regionda sülhə ciddi təhdid yaratmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər münaqişənin həlli ilə bağlı ciddi səy göstərmir: “Belə hallar dünya nizamına mənfi təsir göstərir. Beynəlxalq sistemin bu problemləri həll edə bilməməsi ona olan etimadı azaldır. Odur ki, beynəlxalq və regional təşkilatların rolu gücləndirilməlidir”.

Kanadanın keçmiş baş naziri Jan Kretien çıxışında enerji amillərinin dünya siyasətinə təsirindən danışıb. Son illər ABŞ-ın siyasətində enerji amilinin təsirinin azaldığını vurğulayan Kretien ABŞ-ın Yaxın Şərqdə və Cənubi Amerikada maraqlarının get-gedə azalacağını bildirib.

Planetin müxtəlif bölgələrində baş verən münaqişələrin həllinə BMT-nin ciddi təsir edə bilmədiyini söyləyən Kretien məhz bu baxımdan dünya ictimaiyyəti arasında beynəlxalq qurumlara etimadın azaldığını vurğulayıb.

Yunanıstanın keçmiş baş naziri George Papandreou prezident İlham Əliyevin ölkənin təbii resurslarından səmərəli istifadə olunması, Azərbaycanın müstəqilliyinin onun təbii sərvətlərindən istifadə hüququ yaratmasını yüksək qiymətləndirib.

Çıxışlardan sonra sessiya müzakirələrlə davam edib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə