Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına bildirib ki, Azərbaycanda ailə həkimi institutu yaradılmalıdır:
“Çünki ailə həkimi ilkin səhiyyə xidmətinin ən uğurlu bir formasıdır. Bu istiqamətdə hökumət də müəyyən iş aparır. Səhiyyə Nazirliyi tibb kadrlarına ailə həkimi ştatını daxil edib, həkimlərin təkmilləşdirmə institutunda ailə həkimi hazırlayan kafedra yaradılıb, Tibb Universitetində təhsilini başa vuran, amma hələlik rezidenturaya girməyən həkimlər ilkin praktikalarını ailə həkimi kimi başlayırlar. Hesab edirəm ki, bu həkimlərin daha geniş fəaliyyət göstərməsi, maliyyə əsaslarının müəyyənləşdirilməsi üçün müəyyən hüquqi bazanın da yaradılmasına ehtiyac var. Yaxud bununla bağlı qanun qəbul olunmalı, Nazirlər Kabineti bir əsasnamə təşkil etməlidir.
Birinci növbədə onların əmək haqları məsələsinə baxılmalıdır. Hesab edirəm ki, onlar həm dövlət büdcəsindən, həm də yerli bələdiyyələrin büdcəsindən maliyyələşməlidirlər. Bu səbəbdən də bələdiyyənin müəyyən sağlamlıq fondu və ya səhiyyə fondu yaradıla bilər. Ailə həkimləri də həmin fondan maliyyələşə bilərlər. Bundan başqa, həmin vəsaitlə ailə həkimin fəaliyyət göstərməsi üçün lazım olan maddi-texniki baza kəndlərdə yaradıla bilər. Bu sahədə hökumətin müəyyən proqramı var. Tədricən bu yöndə işlər gedir.
Amma tam fəaliyyətə başlaması üçün mütləq qanunvericilik bazası genişlənməlidir”.
Musa Quliyevin fikrincə, Nazirlər Kabinetinin qəbul edəcəyi bir əsasnamə də ailə həkimlərinin fəaliyyətini genişləndirə və tənzimləyə bilər:
“Həvəsləndiriçi hansısa tədbirlər görülməlidir ki, ailə həkimi gedib bir necə kənddə həvəslə xidmət eləsin. Hətta bununla bağlı komitəmizin xüsusi iclası da keçirib, işçi qrupu da yaradılıb.
Müəyyən araşdırmalar aparmışıq. Müxtəlif ölkələrin təcrübəsini də öyrənmişik. Amma təşəbbüs icra orqanlarından gəlməlidir. Yəni belə qanun layihəsini Səhiyyə Nazirliyi özünə lazım hesab edirsə, təşəbbüs onlardan gəlsə, daha yaxşı olar. Heç bu sahədə insanları maarifləndirməyə ehtiyac yoxdur. Əgər qanun qəbul olunsa, həkim kəndə gedib öz işini görəcək. Bu zaman hər şey yaxşı olacaq. Bu səbəbdən də bu institut Azərbaycanda genişləndirilməlidir”.
Sevinc Yasinqızı