Modern.az

Hüquq müdafiəçiləri Tofiq Yaqublunun əfv olunacağına inanırlar

Hüquq müdafiəçiləri Tofiq Yaqublunun əfv olunacağına inanırlar

Təhsil

29 Aprel 2015, 12:09


“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının üzvləri Tofiq Yaqublunun əfvi ilə əlaqədar cənab prezidentə hamıdan əvvəl müraciət edib”.

Bunu Modern.az saytına hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib:

“Düşünürəm ki, inşallah, Tofiq Yaqublu əfv olunacaq”.

“Həbsdə olan şəxs özü əfv olunması üçün Prezidentə ərizə ilə müraciət etməsə belə, əfvə düşə bilərmi” sualını digər hüquq müdafiəçisi Səidə Qocamanlı cavablandırıb. O qeyd edib ki, hər şey ola bilər: “Bu prezidentin səlahiyyətində olan məsələdir. Əlbəttə, hər şey ola bilər, bu mümkündür”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 23-də və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün əvvəl Moskvanın Tomsk şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, qızının yas mərasimində iştirak etməsi üçün 7 gün müddətinə azadlığa buraxılıb. Hadisədən sonra bir çox təşkilatlar, siyasi partiyalar, həmçinin parlament üzvləri Tofiq Yaqublunun əfv olunması üçün Prezidentə müraciət ediblər.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə