“Onlar vaxtında partiyadan xaric olunmuş şəxslərdir. Ona görə də onları partiya ilə heçnə bağlamır. Sadəcə olaraq onlar partiyanın adından istifadə edib müəyyən tədbirlər keçirməyə cəhd göstərirlər. Yalandan mətbuata nəsə ötürmək, montaj olunmuş şəkilləri öz “Facebook” səhifələrində qoymaqla hansısa bir tədbir keçirmək cəfəngiyatdır”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib. O bildirib ki, 1 May - Zəhmətkeşlərin beynəlxalq bayramı gününda özlərini Kommunist Partiyası adlandıran digər qondarma qurumla birgə tədbir keçirməyəcəklər.Rauf Qurbanovun sözlərinə görə Azərbaycanda qanuni olaraq fəaliyyət göstərən Kommunist Partiyası bu cür qurumlarla heç vaxt ortaq bir tədbirin keçirilməsinə razılıq verə bilməz.
“Partiyadan xaric olanlarla hər hansı bir ümumi iş görmək partiyanın qarşısında duran məqsədlərdən deyil. Onların özləri də bunu yaxşı bilir. Təəsüflər olsun ki, onlar öz səviyyələrinə uyğun adamları ətraflarına yığıb gündə bir şey danışırlar”
AKP rəhbəri qeyd edib ki, heç bir beynəlxalq təşkilatlarda təmsil olunmayan bir neçə nəfər özləri kimi insanları toplayıb bu cür cəmiyyətdə çaşdırıcı fikirlər yaymaqla məşğul olurlar. “Biz öz tədbirimizi tək keçirəcəyik. Partiya olaraq mayın 1-də ümumxalq gəzintisi keçirməklə bağlı qərar qəbul eləmişik”-deyə o bildirib.
Qeyd edək ki, Telman Nurullayev də AKP sədri olduğunu iddia edir.
Telman Nurullayevin başçısı olduğu deyilən AKP-nin katibi Ədalət Abidinov isə Modern.az saytına deyib ki, onlar da 1 Mayla bağlı Nizami rayonundakı Bakı Neft Emalı Zavodunun yaxınlığında yerləşən Azad Fəhlə Heykəlinin önündə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış bayram tədbiri keçirəcəklər.