Modern.az

Yalanlar “sezon”u

Yalanlar “sezon”u

Aktual

29 Aprel 2015, 12:33

Türkiyədə hər zamankı kimi çox maraqlı seçki yarışması start götürüb və seçkilərin əsas qabarıq cəhətlərindən biri olaraq diqqətə gələn dəbdəbəli, amma qeyri-inandırıcı proqram üzərində siyasi reklam, bir azdan oxşar şəkildə Azərbaycandakı  parlament iddialılarının təbliğat kampaniyasında da ortaya çıxacaq.

Əslində çox yerdə və həmişə seçkilərin xüsusiyyəti belədir: öz auditoriyana bacardıqca yalan de, vədlərin seçicini məftun etsin və şişirdilmiş  proqramının cazibəsi  səni  müəyyən uğurlara daşısın. Başqa sözlə, seçki prosesində hamıda avaz yaxşı gəlir, amma oxunan Quran olsaydı.

Böyük sosial-iqtisadi-hərbi problemləri olan ölkələrin demək olar ki, əksərində, beş ildən bir təkrarlanan qızğın siyasi mübarizədə siyasətçilər fantastik qərəmləri, qəlp vədləri seçki kampaniyasının gurultulu şüarına çevirməklə, kütləni əslində içiboş bir sövdələşməyə dartırlar.


Alternativ proqramlarda bəzən  Avropa modelindən də kənara çıxan uğurlu  sosial həyat, qayğısız gələcək təklif edilir ki, əslində bunun adı mədəni  hiylədir və iddialı komanda, lider, fərd siyasi reklamını cəfəng vədlər üzərində qurmaqla,  səs verən təbəqəni sadəcə, məst etməyə çalışır. Məhz elə bu qədər bəsit.

Çalışır ki, mümkün fiasko ehtimalından  özünü seçicinin aktiv, onu irəli çıxaran  pozitiv mövqeyi ilə qoruya bilsin. Yoxsa ki,  qulağa xoş gələn, müsbət emosiyalara səbəb olan “cənnət içərisində həyat” sözverməsinin əsl  tərəfində, nə səmimiyyət, nə deyilən qədər mümkünlük, nə də bunun real qaynağı dayanır. Mükəmməl seçki platformalarının xalqa toxluq, bolluq, topsuz, tüfəngsiz, qansız-qadasız həyat  vəd edən heç bir müddəası gerçəkliyə tətbiq olunmayıb.

Bu mədəni  hiylə öz işini görüb qurtardıqdan sonra kütlə, toplum fərdləri ilə əlaqə qırılır, “yağ içində üzmək” vədləri hafizələrdə izini də saxlamır. Qarabağ və PKK məsələsinin çozümü böyük güclərin ixtiyarında olan məsələyə çevrilir və psevdosiyasətçilərin seçkidə elan edilən “hərbi kəşfləri”, lovğa həll metodları sonradan  zibil qutusuna atılmalı olur.

Növbəti beş ilin tamamına doğru isə səs təmənnası seçənlə seçilənin arasındakı məsafəni təkrar qısaldır.  Toz basmış deputat və seçici otaqlarının qapısı hiss edilən bir “qayğı” ilə vətəndaşların üzünə açılır, bir çox millət vəkilləri əzabkeş obrazda üzünü göstərməyə başlayır.

Bu gün Milli Məclisin üzvləri arasında öz sözünün ağası olmaq naminə  nazirlərin, icra başçılarının  qapılarını döyə-döyə istədiyini almağı bacaran qənirə paşayevlər çox olmadığı üçün, çönüb bir daha xalqa baxmaq istəyənlərin, onunla qılıqlı dili tərcih edənlərin rəftarındakı dəyişikliyi görməmək mümkün deyil. Çünki növbəti seçki zamanı yetişib. Yenidən kütləyə yaxınlaşmaq, yenidən fantastik, gurultulu vədlərə sığınmaq zamanıdır.  Əksəriyyət fürsət düşəndə mətbuat çıxışlarını hesabat xarakterli qurmağa meyllənir və beş ilin hesabatını qüsursuz təqdim etməyə çalışanlar niyəsə səmimi olmağı bacara bilmirlər.    

Türkiyə siyasətində yalanlar “sezon”u Azərbaycandan bir qədər tez başlayıb. AK partiyanın rəqibləri seçki platformalarında ilk baxışdan populist təsir bağışlayan və ümumiyyətlə, qaynağı bəlli olmayan ideal sosial həyat şüarları ilə hakim partiyanın seçki kampaniyasını alt-üst etmək niyyətinə düşürkən, əslində onların icra edilən və masa üzərində icra sırasını gözləyən  real projelərinə uduzurlar.

Hakim partiyanın “Onlar konuşur, biz yaparıq” şüarının qaynağı da gerçəklikdir və bu komanda son illərdəki yanlışlara, radikal addımlara rəğmən, toplumun zehniyyətinə fantastika ilə girməyi taktik etmir.  

Diqqət etsək, nə Türkiyədə, nə Azərbaycanda hakimiyyətdə olan komandanın  seçki təbliğatı kommunizm ictimai-iqtisadi formasiyasına xas ideal həyat standartlarına söykənir. Doğrudur, onlar da ədalı vədlərin öhdəsindən gəlməyib, yaxud gəlmək istəməyib seçici qarşısına gözükölkəli çıxır. Amma yoxsulun həssas  damarını tutmaq naminə vacib kommunal məhsullar üzərinə, nə gerçək olaraq, nə də sadəcə,  kəlmələrin ucunda pulsuzluq möhürü basılmır.   

Seçki prosesləri çox zaman üst-üstə düşən hər iki ölkənin iqtidara alternativlik edən qüvvələri isə vətəndaşa elektrik enerjisi, qaz, su, internet və təhsilin pulsuz olacağını, mazutun, benzinin əhaliyə aşağı qiyməyətə satılacağını, imkansız təbəqənin kredit borclarını silmək və yaxud, faizləri maksimum aşağı salmağı, həmçinin, etnik, ərazi münaqişələrinin dərhal çözülməsini  bütün seçkilər boyunca vəd edir. Halbuki Türkmənistan istisna olmaqla, heç bir neft ölkəsi milli sərvətlərini vətəndaşına pulsuz vermədiyi halda,  neft, qaz resurslarına sahib olmayan Türkiyədə kommunal ehtiyacları pulsuz etmək yalnız proqram üzərində xəyali müddəa ola bilər.

Etnik separatizm, ərazi münaqişəsinin çozümü, terrorizm bəlasından xilas vədləri üzərində hakimiyyətə gələn Türkiyə və Azərbaycan iqtidarlarının bu istiqamətdəki fəaliyyəti nədirsə, sosial şüarlar fantastikası müəlliflərinin  millətə verə biləcəkləri nəticə də elə odur.  

Türkiyədə kürd, Azərbaycanda erməni məsələsi ilə necə güclü  liderlər məşğul oldu, vurulmuş düyün illərdir açılmır, indi dəyirmi masalarda, tribunalarda seçki təbliğatı aparanların hərb, yaxud, sülh konsepsiyaları bu gerçəklik fonunda gülməli nağıllara bənzəyir...

Seçki hərrac deyil. Amma, belə görünür ki, seçkilərin əsas sütünu olan xalqla illərdir,  hərrac qaydalarında oyun oynanılır. Kim ki,  kütləni daha çox özünə sarı çəkmək istəyir, ona başından da böyük vədlər verir.  Cəfəngiyyat üzərində seçki təbliğatı isə  kütlənin az bir hissəsinin ağlını qarışdıra bilər. Böyük çoxluğun bu yalanlara cavabı ironiyadan başqa heç nə ola bilməz. Belə olan təqdirdə isə seçilib oturanın səslərində xalqın payı olmaz, seçilmək istəyən digərininsə mandat xəyalları suya düşüb islanar...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü