Modern.az

İstedadlı sənətkara nə sağlığında qiymət verildi, nə də dar günündə əl tutan oldu

İstedadlı sənətkara nə sağlığında qiymət verildi, nə də dar günündə əl tutan oldu

29 Aprel 2015, 13:44

Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, bir az da kövrək hisslər oyadan xatirələr

O, qarmonçalan idi. Fitri istedadı vardı. Barmaqlarını qarmonun şirmayısı üzərində qəzdirəndə elə bilirdin ki, saça sığal çəkir, qarmonun dillərinə heç toxunmur.  Ancaq ecazkar musiqi – xüsusən milli rəqslərimiz səsləndikçə onun ifasına heyran qalırdın. Əslən Salyandan olan Aslan İlyasov hər dəfə səhnəyə çıxanda, televizorda görünəndə dinləyicini valeh edirdi. Qəribə ifa tərzi vardı onun. Stulda oturanda bədənini bir az sola tərəf əyər, ara bir yatmış kimi gözlərini xumar-xumar yumar, sanki xəyala dalardı.

Tez-tez verilişimizin – “Səhər görüşləri”nin, “Dalğa”nın qonağı olardı. Yolumuz nə vaxt Salyana düşsəydi mütləq onu arayıb axtarar, görüşərdik, bir tikə çörək kəsməyənəcən buraxmazdı. Aslan İlyasov nüfuzlu və imkanlı sənətkar idi, əliaçıqlığı ilə həmkarlarından fərqlənirdi.

Uzun müddət redaktoru olduğum verilişlərin rejissoru, çox kövrək qəlbli Məhərrəm Bədirzadə də onun xətrini çox istəyərdi. Onlarca bədii əsərə ekran, səhnə həyatı vermiş istedadlı rejissor indi əməkdar incəsənət xadimidir, gözəl ailə başçısıdır, hamımızın fəxridir.


Bir gün Məhərrəm müəllim Aslanın bir xahişini mənə çatdırdı: “Aslan istəyir ki, növbəti verilişimizdə onun ifasını verək”. Aslan İlyasovun ifasını bu yaxınlarda efirə verdiyimizi dedim. Ancaq sənətkarın sözündən çıxa bilməzdik. Niyə tələsdiyini bilmək istədim.

- Anam xəstədir, məni görməyəndə darıxır.

-  Aslan, şükür allaha Bakıda cəmi üç – beş adamın “Mersedes”i varsa biri səndədir. Salyan da hara – buradır, elə uzaq deyil, get ananı gör də!  Zarafatyana dedim bunu.

- Yox ey, o məni ekranda görəndə sevinir.

- Baş üstə, növbəti verilişdə deyərsən baxar.

Verilişi efirə montaj etdiyimiz gün Aslan montaj otağına girdi. Öz ifasına efirqabağı baxmağa gəlmişdi. Çəkiliş xoşuna gəlsə də, üz-gözündən narazılıq hiss olunurdu.

- Nədi, Aslan, yoxsa narazısan?

- Deyirəm, bəlkə mənim titrimi də verəsiniz – ad-familiyamı?

Güldüm, onun çiyinlərini qucaqlayıb dedim:

-  Aslan, bəs sən deyirdin ki, anam məni efirdə görməyəndə darıxır. İndi baxıb görəcək də. Ad-familiyan nəyə lazımdır, bəyəm anan səni tanımayacaq?

- Yaxşı, necə məsləhətdir, - deyə israr etmədi.

Heç Aslan kimi hamının sevimlisi olan insanın sözündən çıxmaq olardı? Özü istədiyi kimi oldu, çox razı qaldı ...

Zaman dəyişdi. İş elə gətirdi ki mən Türkiyəyə uzunmüddətli ezamiyyətə getdim. Qayıdanacan ondan xəbər tuta bilmədim. Dedilər ki, ona nə fəxri ad verildi, nə də lazımi qayğı göstərildi. Uzun illər yatağa düşdü. Ailəsini dolandırmaq çətinliyi ilə üzləşdi. Aradan xeyli keçmiş onun xətrini çox istəyən , ağsaqqal jurnalist dostlarımdan biri göz yaşlarını güclə gizlədərək “Aslan dünyasını dəyişib, təm-təraqsız dəfn ediblər” – dedi.
Heyf, böyük sənətkar idi, qədri bilinmədi. Nə sağlığında, nə də ağır xəstəliyə mübtəla olanda. Nə yaxşı ki onun ruhu qarşısında gözükölgəli qalmadıq: nə mən, nə Məhərrəm Bədirzadə. Allah rəhmət eləsin, qəbri nurla dolsun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir