Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, Baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.
Modern.az-ın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.
Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Görüşdə YAP İcra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli iştirak ediblər.
Modern.az