Modern.az

Suriya erməniləri ərəb, türkman, kürd adı ilə Türkiyəyə doluşur - TƏHLİL

 Suriya erməniləri ərəb, türkman, kürd adı ilə Türkiyəyə doluşur - TƏHLİL

1 May 2015, 09:31

Suriya münaqişəsi – yaxın siyasi tarixin bəlkə də ən qanlı və uzun sürən, hələ də silahlı qarşıdurmalarla müşayiət olunan bir konfliktidir. Yaxın Şərqin strateji əhəmiyyətli ölkəsi olan Suriya uğrundakı dünya güclərinin gizli, açıq savaşının təsir radiusu günahsız insanlar, körpələr, qocalardan da yan keçmir.   

Suriyada gedən müharibə o qədər qəliz xarakter daşıyır ki, dünyanın aparıcı analitikləri də bu labirintdən baş açmaqda çətinlik çəkir.

Hər gün “İslam dövləti” (İŞİD) kimi terrorçu qruplaşmaların törətdiyi vəhşiliklər və ya Suriyanın hökumət qüvvələrinin atdığı bombaların içərisindən insan naləsi, fəryadı yüksəlir. Qan çanağına çevrilən Suriyada beynəlxalq aləmin lokomotivlərinin toqquşan siyasi maraqları bu ölkəni sonu bəlli olmayan qaranlıq bir uçuruma sürükləyir. Necə deyərlər, at izi iti izinə elə qarışıb ki, münaqişədən kimin qalib çıxacağı da sual altındadır.

Təbii ki, münaqişənin davam etməsində maraqlı olan siyasi çevrələr üçün günahsız insanların öldürülməsi elə də böyük təəssüf hissi doğurmur.  

Suriya cəmiyyətinin uğradığı mənəvi və maddi deqradasiya fonunda bu ölkədən qonşu dövlətlərə axın edən böyük bir qaçqın ordusunun özləri ilə gətirdiyi dərdə Türkiyə başda olmaqla şərik çıxanlar da az deyil. Humanizm prinsiplərinə söykənərək bədbəxtlərin, yetim-yesirlərin halına acımamaq da olmur.  

Məhz buna görədir ki, 4.5 milyon əhalisi olan Livan 1.1 milyondan çox suriyalı mühacirə qucaq açıb.   Suriyalı qaçqınlar məsələsində Türkiyə insani davranış nümayiş  etdirən ölkələr siyahısındadır. Öz sərhədlərini Suriyadan gələn qaçqınların üzərinə açan, onların düşərgələrdə yaşamaları üçün lazımi şərait yaradan rəsmi Ankaranı bu addımlarına görə tənqid edənlər də az deyil. Statistikaya görə Suriyadan 1,7 milyondan çox adam Türkiyəyə üz tutub.

Türkiyədəki bəzi dairələr düşünür ki, suriyalı qaçqınların ölkədə yerləşdirilməsi yeni terror təhlükəsinə yol açır. Belə tezisləri, iddiaları ortaya atanlara haqq qazandırmamaq da mümkün deyil. Çünki Suriyadan Türkiyəyə gələnlərin içərisində elələri var ki, özləri ilə böyük bir “ideoloji bomba” gətirirlər.

PKK terror şəbəkəsi ilə əlaqəli olan və ya bu təşkilata xilaskar kimi baxan Suriya kürdləri də də köç edənlər arasındadır. Türkiyədə məskunlaşanlar içərisində onların da sayı kifayət qədərdir.

PKK-ya meyllənən Suriya kürdlərinin yeni terror dalğası yaratması təzahürləri məlum Kobani hadisələrində də müşahidə edildi.  

Təkcə Suriyadan gələn PKK meylli kürdlərmi Türkiyəyə təhlükə yaradır? Sualın cavabını sırf PKK-çılar üzərində cəmləşdirmək də sadəlövhlük olar. Çünki 1.7 milyonun içərisində müxtəlif radikal dini cərəyanlara, çeşidli ideoloji qalxanlarla silahlananlara da rast gəlmək olar.  

Təbii ki, başlıca olaraq Suriya erməniləri olan qaçqınları nəzərdən qaçırmamaq lazımdır. Burada Türkiyə xüsusi xidmət orqanlarının son zamanlar açıqladığı bir məqam da diqqət çəkir. Suriya erməniləri başqa adla, türkman, ərəb, kürd kimi Türkiyədə qaçqın statusu alırlar.  

Suriyadan Türkiyəyə sığınan ermənilərin hamısını potensial terrorçu qiyafəsində görmək də irqçilik olardı, amma bir neçə məqamı qabartmadan da keçmək məqbul sayılmaz.

Birincisi, Türkiyədə erməni lobbisi çox güclü şəkildə fəaliyyət göstərir və heç şübhəsiz ki, onlar Ermənistanın siyasi dövlət maraqlarına daha çox xidmət edir.

İkincisi isə illərdir bir çox dövlətdə olduğu kimi Türkiyədə də ideoloji təbliğat aparan erməni lobbisinin Suriyadan pənah gətirən ermənilərə sahiblənməsi və bununla da özünə yeni tərəfdar toplayacağı gözləniləndir. Bu isə onsuz da mürəkkəb siyasi gərginlik içərisində çalxalanan Türkiyə üçün əlavə erməni təhlükəsidir.

İndiki siyasi şərtlərdə Türkiyənin artan qüdrətindən, bölgədə aparıcı oyunçuya çevrilməsindən narahat olan beynəlxalq aləm ona qarşı kompleks təzyiq mexanizmlərini işə salır. Heç şübhəsiz ki, bu təzyiq tədbirlərinin həyata keçirilməsi üçün bir element kimi Türkiyədəki erməni lobbisindən də yararlanmaq istəyənlər az deyil.  

Dünyanın söz sahibi olan güclər heç bir şərt irəli sürmədən Türkiyənin Ermənistanla  sərhədlərini açmaq tələbi ilə dayanmadan çıxış edirlər.  

Türkiyə hazırda böyük bir dilemma qarşısında qalıb: Əgər Suriyadan gələn qaçqınları qəbul etməsə (əslində bu mümkün də deyil) o zaman beynəlxalq aləmin insan faktorunu önə çəkərək “humanist” damarı tutacaq və yenə də Türkiyə tənqid ediləcək.

İkinci bir tərəfdən isə Türkiyə hər bir qaçqına qapısını açmaqla özü üçün də təhlükə mənbəyinin yaranmasına rəvac verir.  

Ekspertlər hesab edir ki, Türkiyə ikinci yolu seçdiyindən qaçqınlar ordusu ilə bağlı gözlənilən təhlükələrin qarşısını almaq üçün  tədbirlər planı hazırlamalıdır.  

Sözsüz ki, nəyin necə olacağı barədəki birmənalı mühakimə  yürütmək də düzgün sayılmaz, amma məhz erməni amilinə görə düşünməyə dəyər...

Aqşin KƏRİMOV    
Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı