Modern.az

Kəmfürsətin rus dili sevdası

Kəmfürsətin rus dili sevdası

Təhsil

1 May 2015, 16:16

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Təxminən bir ay idi ki, Elmi-Tədqiqat İnstitutunun həmişə süstlüyü, ətaləti ilə seçilən kiçik kollektivi özünün bambaşqa bir həyatını yaşayırdı. Sənubər xanımın işə qəbulundan sonra sanki Məhəbbət İlahəsi özünün ətirli kölgəsini də kollektivin başı üzərində qərarlaşdırmışdı. Kollecin yaşlı və cavan kişiləri bir nəfər kimi özlərini “toy generalları” kimi dartır, şux göstərir, ədaları ilə yerə-göyə sığmırdılar.

Düzdür, illərlə bu təşkilatda lövbər salan, heç bir uğur qazanmayan, sadəcə maaşlarını alıb Allaha şükür edən köhnədənqalma qadın işçilər Sənubər kimi mələk misallı cazibədar bir xanımın bu kollektivə gəlməsindən o qədər də xoşhal olmasalar da bunu üzə vurmur, sadəcə kişilərə oğrun-oğrun göz qoyur, təzə işçinin ətrafında pərvanə kimi fırlanan əməkdaşlara acıq vermək üçün öz arsenallarını işə salırdılar. Qarderobda ilişib qalan təzə-köhnə paltarlarını yeni dəbə uyğunlaşdırır, dərzi və saç ustalarını daha novatorcasına və intensiv çalışmağa ruhlandırırdılar.

Kişilər isə... Onların vəziyyətini təsvir etməyə söz tapmaq olmur. Demək olar hər gün kostyumlarını dəyişir, al-əlvan qalstuk taxır, ayaqqabılarını güzgü kimi parıldadırdılar. Hər kəs gözəllər gözəli  Sənubər xanımın xoşuna gəlməyi, ovsunlamağı qarşısına prioritet vəzifə kimi qoymuşdu. Öyrənmişdilər ki, xanım ərindən ayrılıb, yaxşı mənzili, bağ evi, bahalı maşını var, qohum-əqrəbası, dost-tanışı çoxdur. Belə bir xanımla dost olmaq, oturub-durmaq Allahın verdiyi xoşbəxtlik, əvəzolunmaz şans olaraq kimin qarşısına çıxacaqdı, bax bu məsələ bir dilemma kimi kollektivi düşündürməkdə idi.

Sənubər xanım isə gözəl olduğu qədər də ləyaqətli, abırlı-həyalı bir insan idi. Moskvada təhsil almış, müdafiə edib elmlər namizədi alimlik dərəcəsi almışdı. Bir müddət ailə vəziyyətinə görə evdə otursa da işləməyi qərara alan xanımın bəxtinə bu Elmi-Tədqiqat institutu düşmüşdü. Tanışlarının birinin zəngi ilə bura işə düzəlmişdi. Elə ilk gündən də bacarıqlı kadr kimi tanınmışdı. Rəhbərlik də onun fəaliyyətindən yerdən göyəcən razı idi. Amma Sənubər xanımı rahatsız edən bir məsələ vardı, o da kişilərin ona hədsiz qılıqlanması və qadınların tənəli baxışları idi. Bəzən özünə yer tapa bilmirdi, nahar fasiləsində qaçıb həyətdəki skamyaların birində tək-tənha oturar, kitab oxuyardı. Burada da onu dinc qoymazdılar. Gəlib yanında əyləşər, mənasız suallarla xanımı yorardılar. Doğrudur, bu adamların arasında yalnız Cəbi müəllim xanımın xoşuna gəlirdi, o da ki, insafsızdı heç bircə dəfə də utandığından yaxınlaşıb salam verməzdi. Amma Gəray, Ələsgər, Mikayıl, Fərrux kimiləri xanımı bir dəqiqə dinc qoymurdular ki... Sənubar xanım da bu adamları variant tapıb başından edirdi. Amma çox dərinə getmirdi. Necə də olsa bir yerdə işləyirdilər axı...

Sənubər xanımın cazibəli, orijinal oturuşu-duruşu, nazı-qəmzəsi idarəyə qəribə bir ülviyyət havası, eşq-məhəbbət ovqatı gətirmişdi. Ona vurulanların sayı artdıqca xanımın hövsələsi də daralırdı. Amma Cəbiyə qarşı etinasız deyildi, bəlkə də bircə normal təklifinə “hə” cavabı verəcəkdi. Çünki daha bezmişdi, sırtıq, yırtıcı baxışlar onu cana yığmışdı. Həm də ailə qurmaq, ev-eşik yiyəsi olmaq keçirdi ürəyindən. Günlərin birində Cəbinin utana-utana yaxınlaşdığını görəndə qəlbində sevindi. Cəbi müəllim Sənubər xanıma yaxınlaşıb sıxıla-sıxıla salamlaşdı və kəsik-kəsik pıçıldadı.

-Sənubər xanım, vallah, neçə gündür ürəyimdə bir söz var , istəyirəm Sizə deyim, amma utanıram.

 -Niyə utanırsız Cəbi müəllim, ürəyinizdən nə keçir deyin, burda nə var axı...

 -Vallah, nə bilim, deyirəm birdən razılaşmazsınız, vaxtınız olmaz.

 -Niyə, açıq danışın, inşallah hər şey yaxşı olar.

 -Bilirsiniz, Sənubər xanım, qızım ikinci sinifdə oxuyur, həyat yoldaşımdan ayrılmışam, hər şey indi öz boynumdadır.

-Eybi yox, eybi yox, Cəbi müəllim. Həyatın öz sürprizləri olur, tək Siz deyilsiniz ki,  belə problemlərlə üzləşən.

-Elədir, Sənubər xanım mən qızımın savadlı, ürəkli böyüməsini istəyirəm

Sənubərin rəngi allanmışdı, ürəyi tez-tez vururdu. İndicə eşidəcəyi təklifin təşnəsi olaraq çox həyəcanlanmışdı.

-Sənubər xanım, bilirsiniz Sizdən xahişim nədir?

-Deyərsən bilərəm, - deyə Sənubər xanım sevincini gizlətmədi.

-Bildiyim qədər Siz Moskvada təhsil almısınız, rus dilini yəqin ki, çox yaxşı bilirsiniz. Doğrusu, müəllim tuta bilmirəm, məvacibimlə düz gəlmir. Bəlkə Siz qızıma rus dilindən hazırlıq keçəsiniz, istəyirəm gələcəkdə rus bölməsində oxusun. Hə, necə olar, vaxtınız olarmı, bacı?!

 -?!...

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat