“Azərbaycan Dəmir Yolları” QSC bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud tarifləri aşağı salıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. O, qeyd edib ki, vaqon daşımalarında güzəştlər 35 faizə, konteyner daşımalarında isə 50 faizə qədərdir.
Dəmir yolunun rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib. Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunub və onun daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq bir sıra qərarlar qəbul edilib. Qərarlara əsasən yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlar uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya), eləcə də sağlam rəqabət yaradılması üçün regionda nüfuz sahib olan daha iki ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb.
Dəmiryolçuların qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Buna isə daşımaların sürətinin yüksəldilməsi, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, irimiqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. Tranzit yüklərin ölkə ərazisindən keçirilməsi Azərbaycan iqtisadiyyatına əlavə valyuta resurslarının cəlb olunması üçün çox əhəmiyyətlidir.
Modern.az