Modern.az

"Gizli Bakı" və "qorxulu Tehran"

"Gizli Bakı" və "qorxulu Tehran"

23 Sentyabr 2010, 17:10

Qonşu ölkə ilə bağlı beynəlxalq böhran Azərbaycandan prioritetlərini müəyyənləşdirməyi tələb edir


Azərbaycan - İran münasibətləri bütün nikbin tonlara baxmayaraq, bu gün özünün yaxşı vaxtlarını yaşamır. İranın nüvə proqramları ətrafında beynəlxalq böhranın gərginləşdiyi bir məqamda rəsmi Bakı kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirərək bu problem haqqında açıq şərhlər verməkdən çəkinir. Halbuki Azərbaycanın qonşusu olan İran geosiyasi oyunlar çevrəsində olmaqla bizdən ayıq və xətər gətirməyəcək siyasi tezisləri ortaya qoymağı tələb edir.

Münasibətlərdə gərginlik notlarının qabarıqlığı heç də o demək deyil ki, Tehran Azərbaycanı Cənubi Qafqazın əsas dövləti hesab etmir. Əksinə, ortada olan bütün problemlərə baxmayaraq, İran Azərbaycanla ikitərəfli əlaqələrinə xüsusi diqqət yetirir.

İranla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq kompleks və uzunmüddətli xarakter daşıyır. Bunu qaçılmaz edən isə bölgə ilə bağlı bir sıra prioritet məsələlərdir.

Yaxın-Uzaq İran!

Bütövlükdə Azərbaycanla İran arasında diplomatik münasibətlərin tarixinə baxsaq, görərik ki, bu illər ərzində münasibətlər heç də sadə olmayan təzadlı mərhələlərlə xarakterik olub. Bu baxımdan müstəqilliyimizin ilk dövrlərini müəyyən qədər İranla xeyirxah niyyətlər və konstruktiv əməkdaşlıq mərhələsi saymaq olar. O zaman İran heç bir maneə olmadan burada öz siyasi-iqtisadi nüfuzunu həyata keçirən siyasət yeridirdi. 1992-ci ildə Elçibəy hakimiyyəti dövründə bir sıra problemləri nəzərə almasaq, İran Azərbaycanın siyasi və iqtisadi həyatına ciddi təsiri ilə seçilən bir ölkə idi.

1994-cü ildən etibarən (1994-97) isə İranla münasibətlər mövqe qarşıdurması prosesinə keçdi. Bu qarşıdurma hətta bir ara böhran həddinə də çatdı. ABŞ-ın həmin illərdə fəal şəkildə Xəzərdə hərbi nüfuzunu artırmaq cəhdləri İranı əməlli-başlı həyəcan təbili çalmağa məcbur etdi. Çünki Xəzərdə ABŞ-ın hərbi nüfuza can atması İranın strateji maraqları üçün ciddi təhlükə yaradırdı. Əvəzində İran Ermənistanla münasibətlərini inkişaf etdirməyə başladı.

Sonrakı dövrlər münasibətlərin gah ilıqlaşması, gah da soyuması ilə yadda qalsa da, iki ölkə prezidentinin Naxçıvanda və Tehranda görüşündən sonra bəzi bəyanatlar diqqəti cəlb etdi. O da diqqətçəkəndir ki, İlham Əliyevin İrana səfəri zamanı Təbrizdəki konsulluğumuzun açılışında iştirak etməsi Azərbaycan prezidentinin bu tarixi Azərbaycan şəhərinə ilk səfəri, mərasimin özü isə uzun illər iki ölkə arasında düyünə düşmüş bir problemin həlli idi.

Məhz bu səfər çərçivəsində prezidentlər Tehranı narahat edən ABŞ-ın Qafqazdakı hərbi iştirakı məsələsini qapalı şəraitdə müzakirə etdilər. İran bu görüşdə Azərbaycan ərazisindən ABŞ-ın hərbi məqsədlər üçün istifadəsinə razılıq verməyəcəyi barədə rəsii Bakıdan təminat almaq niyyətində idi.

Tehranın əsas tezisi bəyanatında əks olunurdu. Bəyanatda göstərilirdi ki, "İran - Azərbaycan münasibətləri xarici güclərin təsirinə məruz qalmamalıdır". Bunun müqabilində Tehran Xəzərin statusunda bəzi güzəştlərə gedəcəyinə işarə vurdu.
Beləliklə, 2006-cı ilin yanvar səfərindən sonra İranla münasibətlər yeni keyfiyyətli məqama çıxdı. Belə ümid yaranırdı ki, ölkələr arasında siyasi problemlərin həlli üçün artıq yol açılıb.
Hətta ən zərif nöqtə sayılan müdafiə sahəsində belə sanki qarşılıqlı anlaşma elementləri görünürdü. Təsadüfi deyil ki, İranın keçmiş müdafiə naziri Əli Şamxani İ.Əliyevin səfərinin yekunları ilə bağlı şərh verərkən bəyan etmişdi ki, "Azərbaycanın təhlükəsizliyi - bizim təhlükəsizliyimizdir".

Münasibətlərdə “Axilles dabanı”..

Amma məhz elə bu sahədə olan problemlər əməkdaşlığın "axilles dabanı"na çevrildi. Çünki tərəflərin bölgənin təhlükəsizliyi sisteminin gələcəyinə dair baxışları bir-birindən kəskin fərqlənir. İran bu sistemi yalnız bir şərt daxilində qəbul edir: ABŞ bölgəyə buraxılmasın! Amma rəsmi Bakı üçün Vaşinqtonun Cənubi Qafqaza gəlişi artıq obyektiv reallığa çevrilib.

Bu amilləri də nəzərə alsaq, İranın islahatçı rəhbərliyinin dəyişməsi və mühafizəkarların iqtidara gəlməsi İran - Azərbaycan münasibətlərində yenidən etimadsızlıq xəttinin ortaya çıxmasına şərait yaratdı. 2006-cı ilin yanvarında "İran nüvə dosyesi" ətrafında böhran başlananda Tehranla Bakı arasında yenidən maraqların ziddiyyəti alovlandı.
Nəticədə əldə olunmuş kövrək dialoq yenidən ciddi təhlükə qarşısında qaldı. İlham Əliyevin İran səfərinin nəticəsi isə yaranmış geosiyasi savaş dramında bir qədər əhəmiyyətini itirmiş oldu.
Təcrübə göstərdi ki, İranla başlanmış dialoq qarşılıqlı etimadsızlıq sindromunu sona qədər aradan qaldıra bilməyib. Təsadüfi deyil ki, yenidən Bütöv Azərbaycan ideyası və "parçalanmış Vətən" tezisləri gündəmdədir.
Tehran isə bu məsələyə ağrılı reaksiya verir. Orada hesab edirlər ki, bu məsələnin aktuallaşdırılması siyasi xarakter daşıyır və "xarici qüvvələr" tərəfdən ortaya atılıb. İran mətbuatı bununla bağlı bildirir ki, Vaşinqton bu üsulla İrana daxil olmağın yolunu yoxlayır və oradakı qüvvələrin necə reaksiya verəcəyini izləyir.
Eyni zamanda, Tehran ərəblərin sıx yaşadığı Xuzistan əyalətində terror hadisələrinin sayının artmasının da "Güney Azərbaycan" məsələsi ilə paralel olduğunu iddia edir.
 İranlı siyasi şərhçilərin fikrincə, burada məqsəd İranın ərazi bütövlüyünü milli məsələ ilə sarsıtmaq və bunun nəticəsində Tehrana güc tətbiq etmək üçün ABŞ-a platsdarm hazırlamaqdır.
İndi bu çətin siyasi teatrın ortaya qoyduğu səhnə Azərbaycandan ciddi şəkildə gələcək strategiyasını müəyyənləşdirməyi tələb edir. Rəsmi Bakının üzləşəcəyi "nə etməli?" sualının isə yaxın perspektivdə bütün kəskinliyi ilə qarşıda dayanacağını hesablamaq elə də çətin deyil.

X.Səfərli

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir