Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin edəcək. Bununla bağlı abituriyentlərin vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradılacaq.
Modern.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Məleykə Abbaszadənin sözlərinə görə TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək.
Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq edə biləcəklər.
Modern.az