Modern.az

V ixtisas qrupuna ərizə qəbulu başlayır – TQDK sədri

V ixtisas qrupuna ərizə qəbulu başlayır – TQDK sədri

Təhsil

4 May 2015, 12:22


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sabahdan tələbə qəbulu üçün ərizə qəbuluna başlayır.

Modern.az-ın verdiyi xəbərə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılacaq: “I-IV ixtisas qrupları üzrə ərizə verən abituriyentlər V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Tam orta təhsil müəssisələrini bu il bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermir.

Bu abituriyentlər müsabiqədə buraxılış imtahanındakı nəticələr əsasında iştirak edirlər. “Abituriyentin elektron ərizəsi” forması doldurulduqdan sonra ərizələrin təsdiqi təmin edilməlidir. Ərizələrinin təsdiqini təmin et­dikdən sonra mayın 6-dan 19-dək TQDK-da yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim et­mək­lə seçmə turda iştirak edirlər.

Qabiliyyət İmtahanı Komissiyasında abituriyentlərin seç­dikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və müvəffəqiyyətlə keçənlər qeydiy­yata alınırlar. Qey­diy­yata alınan abitu­ri­yentlər TQDK-nın mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imta­han­larında iştirak edirlər.

Qəbul imtahanlarında top­la­dıq­ları ümumi balları müvafiq müsabiqə şərtlərini ödə­yən abitu­riyentlər müəyyən edilmiş cədvəl üzrə qabi­liyyət imtahan­larında iştirak edirlər.

V ixtisas qrupu üzrə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fən­dən 30 test tapşırığı təqdim olunur. Test tapşırıq­ları­nın cavablandırılmasına ümumilik­də 2 saat 15 dəqiqə vaxt ayrılır”.  

Yeganə OQTAYQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat