Modern.az

“Müxalifət deputatlarının ümumi sayı 2005-ci il sayından az olacaq”

“Müxalifət deputatlarının ümumi sayı 2005-ci il sayından az olacaq”

Parlament

23 Sentyabr 2010, 19:06

Məlum olduğu kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu dəfəki namizədlər siyahısında qadınlar və tanınmayan gənc namizədlər çoxluq təşkil edirlər. Görəsən, YAP-ın bu taktikası effekt verəcəkmi, özünü doğruldacaqmı?

Bununla bağlı Modern.az-a açıqlamasında YAP-dan növbəti dəfə deputatlığa namizəd, millət vəkili Aydın Mirzəzadə bildirib ki, hakim partiya artıq 4-cü dəfədir parlament seçkilərində partiya kimi iştirak edir və hər dəfə seçki taktikasına yeni texnologiyalar gətirməyə çalışır:

«Seçkilərdən xeyli müddət əvvəl də bildirmişdik ki, gələcək siyahımızda qadınlar, gənclər, əyalət ziyalıları olacaq və biz bunu həqiqətən də gördük. Namizədlərin bir qismi geniş ictimaiyyət üçün tanış deyil, amma öz bölgəsi üçün tanışdır. Namizədliyi irəli sürüldüyü dairə, bölgə üçün həmin şəxs və şəxslər tanışdır, onların nüfuzu, orada qələbə çalmaq şansları var. Onlar eyni zamanda YAP daxilində kifayət qədər tanınmış və nüfuz qazanmış şəxslərdir. Bu gün partiya onların bölgə miqyasından çıxaraq, respublika miqyasında tanınmasında maraqlıdır. Və bu baxımdan, YAP onların namizədliyini irəli sürərək həmin şəxsləri dəstəkləyəcəyini ortaya qoyub. Mən hesab edirəm ki, yeni adlandırılmış şəxslər parlamentə düşəndən sonra cəmiyyətin müxtəlif problemlərinə dair özlərinin çox effektli təkliflərini ortaya qoya, cəmiyyətin maraq mərkəzlərinə, dövlətçiliyimizin, inkişafımızın aparıcı şəxslərindən birinə çevrilə biləcəklər. Ona görə heç də vacib deyil ki, ancaq məşhurlar YAP-ın siyahısında olsunlar. Əsas məsələ cəmiyyətdə gedən inkişafı, yeni simaları, yeni tendensiyaları nəzərə almaqdır. YAP da bunu etdi».

Bir sıra dairələrdə müzakirə edilən “YAP-ın açıqladığı siyahı əsas deyil, aldadıcı siyahıdır. Əsl, əsas siyahı başqadır” tezisinə aydınlıq gətirib. A.Mirzəzadənin  qeyd etdiyinə görə, bu fikirlər heç cür əsaslı sayıla bilməz: «Məgər ikinci bir siyahı olur? YAP qanunauyğun olaraq özünün namizədlər siyahısını ortaya qoydu. Və bu gün biz parlamentdə 114 yer qazanmaqda maraqlıyıq, iddalıyıq. Ona görə maksimum bu yerləri qazanmağa da cəhd edəcəyik. Yox, hansısa dairələrdə kimlərsə daha şanslı, daha uğurlu olacaqlarsa, kimlərinsə taktikası bizimkindən üstün olub, mandat qazanacaqlarsa, biz seçicilərin səsinə də hörmətlə yanaşacağıq. Bu baxımdan məqsədimiz 114 yeri əldə etməkdir». 

Onu da qeyd edək ki, A.Mirzəzadə seçkilər prosesinə rəsmən start verilməzdən öncə parlamentdə kimləri görmək istədiyini açıqlamışdı. İndi isə artıq seçkilərə rəsmən start verilib, o cümlədən, həm YAP-ın namizədləri bəllidir, həm də digər deputatlığa namizədlərin adları. Bu baxımdan, görəsən, YAP-çı millət vəkili bu dəfə həmin deputatlığa namizədlərdən kimləri yenidən parlamentdə görmək istərdi?

«Siz mənə çətin sual verirsiniz və məni çətin vəziyyətə salırsınız. Mən istəməzdim ki, seçicilərin yerinə rəy verim. Ancaq  parlamentdə və ondan kənarda özünü doğrultmuş kifayət qədər çoxsayda insanlar varıydı və var. Bununla belə, bu dəfə mən öz rəğbətimi hər halda gizli saxlamaq istərdim» - deyə A.Mirzəzadə bu sorğuya cavabında bildirib.

Yeri gəlmişkən, müxalifətin - radikal və ya konstruktiv adlandırılmasından asılı olmayaraq, bu dəfəki seçkilər şansını necə qiymətləndirmək olar? Millət vəkili qeyd edib ki, buna da dəqiq cavab vermək çətindir. Ancaq hesab edir ki, parlamentə müxalifətdən də müəyyən sayda insanlar düşəcək: «Bununla belə, müxalifətin  parlamentdə neçə yer qazanacağını demək çətindir.  Hər halda, müxalifətin ümumilikdə sayı 2005-ci il sayından az olacaq. Çünki ölkədə gedən inkişaf, YAP-ın daim cəmiyyətlə işləməsi müxalifətin qələbə şansını çox azaldır».

«YAP-ın seçki siyahısı və ümumilikdə seçkilər partiya daxilində sarsıntılara gətirib çıxarmayacaq ki» sualına cavabında isə millət vəkili  bunları deyib: «Nə YAP-ın siyahısı elan olunana qədər, nə də elan olunandan sonra hakim partiyada siyahıyla bağlı hansısa narazılıq yaşandı. Yəni, YAP ideya partiyasıdır, konkret yolun - Azərbaycan dövlətçiliyinin, inkişafın tərəfini saxlayan siyasi təşkilatdır.  Bu baxımdan, bu partiyaya gələnlər özlərinin şəxsi ambisiyalırını heç zaman partiya ambisiyasından önə çəkmirlər».

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir