Səhiyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunmuş Anar Qədirli həmkarlarına müraciət edib:
“Əziz dostlarım və həmkarlarım! Artıq öz xahişimlə tutduğum Səhiyyə Nazirliyini mətbuat katibi, baş məsləhətçi vəzifəsindən azad edilmişəm. Son 9 il ərzində belə bir məsuliyyətli işi icra etmək, sizlər kimi dostlar qazanmaq mənim ən böyük uğurlarımdan biridir. Bu illərdə bir çox layihələr üzrə sizinlə bərabər çalışmışıq, təbii ki, nailiyyətimiz də olub, çətinliklərimiz də”.
Modern.az xəbər verir ki, o, həmkarlarından dəstək gözlədiyini və eyni dəstəyə qarşılıq verəcəyini vurğulayıb:
“Tutduğum vəzifədə istər işgüzar, istərsə də şəxsi problemlərlə müraciət edən mətbuat nümayəndələrinin - mənim yaxın dostlarımın hər səpkidə olan müraciətlərinə diqqətlə yanaşmağa çalışmışam. Kimisinin müraciəti müsbət həll olunub, bəziləri isə bütün səylərimə baxmayaraq alınmayıb. Mən də siz dostların sayəsində çox uğurlu günlər yaşamışam. İndi yeni işlərimdə, qurduğumuz gözəl münasibətlərin davam edəcəyinə, mənim sizə, sizin də mənə dəstək olacağınıza əminəm. Sizə də, özümə də uğurlar arzulayıram. Yeni, maraqlı layihələrdə görüşənədək. Sağlam olun”.
Qeyd edək ki, Anar Qədirli bundan sonra Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində işləyəcək.
Gülşən RAUFQIZI