“Azərbaycan gəncləri Avropa Oyunları zamanı onlara həvalə olunan işlərin öhdəsindən gələcək. Azərbaycan gəncləri ölkəmizlə bağlı bütün proseslərdə hər zaman aktiv olub”.
Bunu Modern.az saytına “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O bildirib ki, gənclər Avropa Oyunlarını çox böyük səbirsizliklə gözləyir:
“Artıq Avropa Oyunlarına sayılı günlər qalıb. Azərbaycana olan təzyiqlər dayanmır. Bir çox beynəlxalq təşkilatlar, qurumlar, hətta adları belə tanınmayan insan hüquqları təşkilatları Azərbaycana qarşı bəyanatla çıxış edib. Təbii ki, bu Azərbaycanın imicini dünyada aşağı salmağa yönəlmiş addımdır.
Hökumətimizin siyasi iradəsi nəticəsində hazırda Azərbaycanda aparılan istər gənclik, idman, istərsə də təhsil siyasəti potensial olaraq gənclərin inkişafına yönəldilib. Gənclər də bunu hiss edir. Ona görə də bunun bir parçasına çevrilərək Avropa Oyunlarında dəstək olacaq. Demək olar ki, könüllərin bir qismi artıq bütün proseslərə cəlb olunub. Gənc könüllülər potensial olaraq qonaqların qarşılanması, onların yerləşdirilməsi, arenalarda olan prosesləri həyata keçirmək, qonaqların akkreditasiya olunması və digər məsələlər üzrə aktivlik nümayiş etdirib.
Paralel olaraq gənclərin sosial şəbəkələrdəki birbaşa fəaliyyətləri birbaşa nəzarət artıb. “Facebook” və”Twitter” üzərindən aktiv olaraq Avropa Oyunları ilə bağlı “Baku 2015” haşdağı ilə xüsusi məqamlar və mövzular var. Bununla bağlı gənclər mütəmadi olaraq sosial şəbəkələrdə aktiv paylaşmalar edərək Azərbaycanın tanıtımını həyata keçirirlər.
Demək olar ki, “İrəli”də olan gənclər və könüllülərin bir çoxu Avropa Oyunlarına cəlb olunub. İstər könüllü, istər də işçi qismində artıq bir çox gənc potensial olaraq Avropa Oyunlarının milli komitəsində yer alıblar. İnanıram ki, gənclər bu kimi tədbirlərdən yaxşı mənada istifadə edib hər bir işin öhdəsindən yüksək səviyyədə gələcəklər.
Hesab edirəm ki, beynəlxalq institutların ölkəmizə qarşı atdığı addımlar, ikili standartlar və Azərbaycana qarşı verilən bəyanatlar əsassızdır. Bütün bunlar Azərbaycanın imicinə zərbə vurmaq üçündür. Məhz Avropa Oyunları Azərbaycanın tarixində yeni bir səhifə açılır. Bu dünya tarixində bir ilk olacaq”.
Sevinc Yasinqızı