Modern.az

Günəbaxan həftəbecəri

Günəbaxan həftəbecəri

7 May 2015, 11:22

Elxan Salahov

Ötən gün ANS telekanalının yayımlanan “Günəbaxan” verilişini seyr edərkən aldığım təəssüratın ayrı-ayrı detallarını bölüşmək həm mənən yüngülləşməyim, həm də efir yaradıcılığının ümumi ab-havası baxımından fikir söyləməyim üçün mövzu verdi. Birincisi, “Günəbaxan” verilişinin ötəngünki buraxılışında mövzu təhsillə bağlı olsa da, nəyin və niyə müzakirə olunduğu bilinmədi - bir az müəllim, bir az maaş, bir az kurikulum və nəhayət, bir az da Boloniya. Verilişin aparıcısı Kamran özü isə “Boloniya” sözünü deyəsən, elə orada eşitmişdi. Proqrama dəvət olunan “obıvatel” bolonyaşünas ekspert Elçın əzbərlədiyi 1 səhifəlik mətni dili dolaşa-dolaşa elə ucadan səsləndirirdi ki, sanki ölkədə bunun sanbalında təhsili bilən yoxdur. Bolonyanın bir-iki müddəasını oradan-buradan ipə-sapa düzən “məşhur ekspert” özündən statistika icad edir, hökm verir, hətta ən yüksək adların kontekstində sitat gətirir, bir sözlə “əsrin təhsilşünası” adına iddia edirdi.

Maraqlısı odur ki, veriliş boyu öz ifadəsi ilə desək “şkafın başından” düşə bilməyən Kamran gah bu “təhsil bilicisinə”, gah da efirə dəvət etdiyi digər “hərşeyşünas” aparıcı xanıma istinad edir, iqtibas gətirir, aradabir əsasən yaşlı ınsanlardan ibarət olan auditoriyaya əl çalmağı xahiş edir və sair. 

Bildiyimə görə, aradabir oxuyan, imkan düşəndə adını unutduğum nəfəsli alətlərdə ifa edən, şadlıq saraylarının reklam roliklərində müxtəlif pozalarda görüntülənən “Günəbaxan”ın aprıcısı Kamran deyir ki, gərək müəllimin yanında uşaq tük salmalı (ifadə ona məxsusdur), “smirna” dayanmalı, yemək yeməməli, bir sözlə passiv öyrənən olmalıdır. Bu məşhur aparıcı hələ də bilmir ki, dünya dəyişib, indi uşaq da, müəllim də öyrənmə prosesində birgə iştirak edir, öyrənmə alətlərindən sinxron yararlanırlar.

Verilişdən daha çox “palatka məclisi”nə oxşayan “ Günəbaxan”a adda-budda baxsam da, budəfəki mövzunu gün işığına çıxara bilmədilər. Proqramın diletant fakturası, dəvət olunan insanların bir çoxunun özündən razı, inadkar və qeyri-peşəkar iddiaları və aparıcının mövzuya köhnə baqajla qatılması, daha çox primitiv və əsaslandırılmayan müzakirə üslubunun seçilməsi tamaşaçıda bilərəkdən neqativ fikir formalaşdırmağa xidmət edir. 

Bir daha qeyd edirəm ki, “ Günəbaxan”ın  özünün gün işığına böyük ehtiyacı var. Yoxsa qaranlıq mühit bütün rüşeymləri məhv edəcək, fotosintez prosesi alınmayacaq. Həftəbecər isə daha çox qıcqırma, ürək bulanması yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat