Modern.az

Azay Quliyev: “Heydər Əliyev müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur”

Azay Quliyev: “Heydər Əliyev müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur”

Təhsil

7 May 2015, 17:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirib. Konfransda əsas məruzəçi qismində çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğunda misilsiz xidmətlərinin olduğunu deyib. Şura sədri Heydər Əliyevin həyat və yaradıcılığının hər zaman araşdırılmasına ehtiyac duyulduğunu bildirərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun bilavasitə onun adı ilə bağlı olduğunu vurğulayıb:
“1990-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş cəmiyyətindən danışmaq mümkün deyildi. Çünki dövlət müstəqilliyimiz belə təhlükə qarşısında idi. Qanunsuzluğun və hərci-mərcliyin hökm sürdüyü zamanda ulu öndər xalqın tələbi ilə hakimiyyətə gəldi və Azərbaycanda dövlət quruculuğu prosesi başladı. 1993-cü ilin avqustunda ümummilli liderimiz gənclərlə ilk dəfə görüşdü və orada gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə bağlı mühüm qərarlar qəbul olundu.
1995-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının preampulasında məhz Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq vətəndaş cəmiyyəti quruculuğu əsas milli hədəflərdən biri kimi qeyd olundu. Bu ulu öndərin ən böyük xidmətlərindən biridir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusudur”.  

Azay Quliyev qeyd edib ki, 1997-ci ildə  Heydər Əliyevin təşəbbüsü ilə BMT və Azərbayacan hökuməti arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihənin həyata keçirilməsinə dair müqavilənin imzalanması Şərqi Avropa və keçmiş SSRİ miqyasında bu istiqamətdə atılmış ən cəsarətli addım idi.  

Şura sədri 1998-ci ildə ölüm hökmünün və senzuranın da məhz Heydər Əliyevin fərmanı ilə ləğv edildiyini deyib.

1999-cu ildə Milli QHT Forumunun yaradılması isə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələnin əsasını qoyub: “1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə “QHT-lər (ictimai birliklər və fondlar) haqqında qanunların qəbul edilməsi də Heydər Əliyevin vətəndaş cəmiyyətinə olan davamlı dəstəyinin göstəricisidir”.

Konfransda çıxış edən QHT sədrləri Sirus Abbasbəyli, Namiq Həsənov, Eldar Aslanov, Tamam Cəfarova, Rauf Zeyni, Əkbər Qoşalı, Niyaməddin Orduxanlı, Mətanət Əsgərqızı, Sahib Məmmədov, Qəmzə Yusubova, Rahilə Teymurova və digər şəxslər də Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər və onun vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi böyük işlərdən danışıblar.  

Azay Quliyev deyib ki, müasir Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq. O, Heydər əliyevin dövlətçiliyimizin əsaslarını möhkəm özüllər üzərində qurduğunu və bu gündə prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirildiyini vurğulayıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat