Modern.az

"Maraqlar qarşılıqlı olur"

"Maraqlar qarşılıqlı olur"

Müsahibə

24 Sentyabr 2010, 16:43

Elçin Mirzəbəyli: "Ola bilsin ki, güc və imkanlar baxımından fərqlənsin, amma hansısa nisbətdə qarşılıqlı olmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Modern.az-a müsahibə verib.

- Elçin bəy, son zamanlar Azərbaycanın da iştirakçısı olduğu olduqca maraqlı proseslər baş verir. Regionda yeni güc mərkəzlərinin yaradılmasına cəhdlər göstərilir, Azərbaycan-ABŞ münasibətlərində ciddi irəliləyişlərin baş verdiyinin şahidi oluruq. Sizcə baş verənlər beynəlxalq arenada Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə necə təsir göstərəcək?
- Təbii ki, Azərbaycanın bir sıra siyasi, iqtisadi və mədəni layihələrdə çox önəmli rol alması, bir çox hallarda isə regional əməkdaşlıq sahəsində aparıcı mövqedə dayanması təqdirəlayiq haldır. Ola bilsin ki, bu gün yaradılan qurumların, strateji əməkdaşlıq şuralarının fəaliyyətində aktivlik müşahidə olunmasın. Amma hazırda Azərbaycanın aparıcı və bərabərhüquqlu üzv kimi iştirak etdiyi bütün proseslər gələcək addımlar, yaxud baş verə biləcək hər hansı regional, beynəlxalq dəyişikliklər zamanı istinad etmək üçün mühüm əhəmiyyət daşıyır. Biz olduqca həssas bir bölgədə yaşayırıq və bütün dəyişikliklərə başqalarından daha çox hazırlıqlı olmalıyıq. Mən bu məsələlər çərçivəsində Azərbaycan prezidentinin BMT Baş Assambleyasındakı çıxışına da münasibət bildirmək istəyərdim. Hesab edirəm ki, dövlət başçısının BMT Baş Assambleyasının sessiyasında Azərbaycanın Dağlıq Qarabağın gələcək statusu barədə mövqeyini bir daha prinsipial şəkildə ifadə etməsi önəmli bir fakt kimi qiymətləndirilməlidir. Bu, Dağlıq Qarabağın statusu ətrafında öz geosiyasi maraqları müstəvisində çoxsaylı manipulyasiyalara yol verən dairələrə də ciddi mesajdır. Zənnimcə, prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasındakı çıxışı həm də ABŞ prezidenti Barak Obama ilə görüş öncəsi Dağlıq Qarabağ probleminin tənzimlənməsilə bağlı aparılacaq müzakirələrdə Azərbaycanın qəbul edə biləcəyi həll sərhədlərinin öncədən elan edilməsidir.
- Hecə düşünürsünüz, Azərbaycan və ABŞ prezidentlərinin görüşü dövlətlərarası münasibətlərə necə təsir göstərəcək?
- Təəssüf ki, Barak Obamaya sələfi Corc Buşdan miras qalan çoxlu sayda problem, o cümlədən özünü öncədən elan edilmiş hədəflər müstəvisində doğrultmayan İraq və Əfqanıstan kampaniyaları Ağ Evin digər bölgələrdə, xüsusilə də postsevet məkanındakı aktivliyinə nəzərəçarpacaq dərəcədə təsir göstərdi. Birləşmiş Ştatların, eləcədə bu super gücün dominant rol oynadığı beynəlxalq təşkilatların həssas bölgələrdə baş verən proseslərə çevik reaksiya verməmələri, yeni müstəqillik əldə edən və müstəqil siyasət yürütmək yolunu seçən dövlətləri dəstəkləməmələri neqativ qüvvələrin manevrləri üçün geniş imkanlar yaratdı. Bu isə öz növbəsində postsovet məkanında böyük çətinliklər bahasına hərəkətə gətirilmiş inteqrasiya mexanizmlərinin qarşısında ciddi maneələrə çevrildi. Həticədə Qərbin yürütdüyü ikili standartlar siyasəti əks qütbdə dayanan qüvvələrin bir çox istiqamətlərdə, xüsusilə də enerji sahəsində yeni təzyiq mexanizmləri əldə etməsinə yol açdı. Bir çox neqativ prosesləri stimullaşdırdı. Maraqlıdır ki, vaxtaşırı postsovet məkanındakı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda demokratik proseslərin inkişafından narahatlıqlarını ifadə edən Qərb dövlətləri, o cümlədən onların himayəsində olan beynəlxalq təşkilatlar yaranmış vəziyyətə görə məsuliyyət daşıdıqlarını etiraf etməkdən çəkinirlər. Qəribə tendensiya yaranıb: Deyirlər ki, səni nüvə silahına malik, imperiya ambisiyalarından əl çəkməyən, qəzəbli, güclənməkdə olan "ayı"nın qarşısında tək qoyuruq, özünü necə müdafiə edirsən et, amma neftini, qazını bizə ver, bizim maraqlarımıza uyğun gələn layihələrin iştirakçısına çevril..., Avratlantik məkana inteqrasiya prosesini sürətləndir və s. Belə olmur. Azərbaycan öz müstəqilliyini ayrı-ayrı güclərin geosiyasi və iqtisadi maraqlarını təmin etmələri prosesində istifadə alətinə çevrilməsi üçün bərpa etməyib. Maraqlar qarşılıqlı olur. Ola bilsin ki, güc və imkanlar baxımından fərqlənsin, amma hansısa nisbətdə qarşılıqlı olmalıdır. Bu gün Azərbaycan üçün ən fundamental məsələ ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistanın işğalına son qoyulması postsovet məkanının Qərbə inteqrasiyası baxımından düyün nöqtəsidir. Bu düyünü açacaq, ədaləti bərpa edəcək istənilən güc təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında aqressiyasız və müqavimətsiz qəbul edilən nüfuz sahibinə çevriləcək.
Qənaətimə görə, ABŞ özünün Cənubi Qafqaz siyasətinin bütün detallarına korrektə etməli və fundamental məsələlərlə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır. Bütün bunlarla yanaşı, Azərbaycan və ABŞ prezidentlərinin görüşünü istər iki dövlət arasındakı münasibətlərin inkişafı, istərsə də bir çox regional problemlərin perspektiv həlli baxımından olduqca böyük əhəmiyyət daşıyır və bu bağlamda çox yaxın zamanlarda bir sıra pozitiv dəyişikliklərin şahidi olacağımızı düşünürəm.
- Elçin bəy, bir az da seçki barəsində danışaq. "İslahat Bloku"nun və şəxsən sizin seçki kampaniyanızla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- "İslahat Bloku"nun deputatlığa namizədlərinin demək olar ki, mütləq əksəriyyəti sənədələrini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Onların təxminən yarısı imza vərəqələrini götürüblər və kampaniyanın birinci mərhələsini başa çatdırmaq üzrədirlər. Bəzi namizədlər artıq imza vərəqələrini DSK-lara təqdim ediblər və Seçki Məcəlləsində nəzərdə tutulan zaman kəsiyində namizədliklərinin qeydə alınması ilə bağlı qərarın qəbul edilməsini gözləyirlər. Mənə gəldikdə isə, artıq imzatoplama kampaniyasını başa çatdırmışam və yəqin ki, yaxın günlərdə "İslahat Bloku"nun səlahiyyətli nümayəndələrindən biri ilə birgə Lənkərana gedəcəyəm və qanunda nəzərdə tutulan bütün sənədləri 73 saylı Lənkəran şəhər seçki dairəsinə təqdim edəcəyəm.
- Bu günədək "İslahat Bloku"nun namizədlərinə qarşı hər hansı bir təzyiq faktı qeydə alınıbmı? Əgər alınıbsa, bu faktların mahiyyəti nədər ibarətdir?
- Mən qeydə aldığımız faktları birmənalı şəkildə məqsədyönlü təzyiqlərlə əlaqələndirməzdim. Öncə qeyd edim ki, "İslahat Blokunun" müvafiq seçki komissiyalarına təqdim etdiyi sənədlər son dərəcə dəqiq və mükəmməl hazırlanıb. Bu da təbii ki, irəli sürülə biləcək bütün iddiaların cavablandırılması üçün yetərlidir. Bəzi dairələrdə ilkin mərhələ üçün gərəkli olmayan, eləcə də Seçki Məcəlləsində və MSK-nın təlimatlarında yer almayan sənədlər tələb olunurdu. Bu problemləri də seçki qanunverciliyi çərçivəsində həll etməyə çalışırdıq. Qarşılaşdığımız faktlardan biri də imza vərəqələrinin məhdud sayda verilməsi ilə bağlıdır. Bəzi namizədlərə 10, bəzilərinə isə daha çox sayda imza vərəqələrinin verilməsinin hansı kriteriyalara uyğun müəyyənləşdirildiyini hələ də aydınlaşdıra bilməmişik. Güman edirəm, Mərkəzi Seçki Komissiyası təmsilçilərinin bu məsələ ilə bağlı açıqlamalarından sonra vəziyyət pozitiv istiqamətdə dəyişəcək.
- Əldə etdiyimiz məlumata görə, rəqiblərinizdən biri sizin namizədliyinizin qeydə alınmaması üçün müxtəlif vasitələrdən istifadə edir, haqqınızda həqiqətə uyğun olmayan şaiələr yayırlar...
- Belə hərəkətlərin ola biləcəyini əvvəlcədən də göz önünə almışdım. Hamizədliyimin irəli sürüldüyü seçki dairəsinə sənədlərimi təqdim etdikdən sonra əldə etdiyim məlumatlar əsasında apardığım araşdırmalar yanılmadığımı sübuta yetirdi. Harahat deyiləm və inanıram ki, öz bəsit yanaşmalarına, cəsarətsizliklərinə və şəxsi iddialarına görə dövlətimizin maraqlarına, qanunvericiliyə zidd addımlar atmaq istəyən şəxslərin əyalət səviyyəli hiyləgərlikləri heç bir nəticə verməyəcək. Hər zaman olduğu kimi konkret faktları dəyərləndirəcək və onlara uyğun hüquqi addımlar atacağam.
- Təbliğatınızı necə quracaqsınız?
- Daha öncə də qeyd etdiyim kimi, namizədliyim "İslahat Bloku" tərəfindən irəli sürülüb və bütün seçki kampaniyası də blokun elan etdiyi prinsiplərə uyğun aparılacaq. Təmsil etdiyim Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkilərlə bağlı çox böyük təcrübəsi var. Partiyamızın sədri, millət vəkili Qüdrət Həsənquliyev vaxtilə Mərkəzi Seçki Komissiyasının katibi olub. Bununla yanaşı Qüdrət bəy dünyanın müxtəlif ölkələrinin seçki prosedurları və texnologiyaları ilə bağlı ətraflı bilgiyə malikdir. Biz hər zaman yeniliklərlə çıxış etmişik. Fəaliyyətimiz isə təkcə özümüzün təbliğ olunmasına yönəlməyib, həm də maarifçilik xarakteri daşıyıb. Bu baxımdan, seçki kampaniyasının BAXCP-nin, həmçinin "İslahat Bloku"na daxil olan digər partiyaların seçki texnoloqları tərəfindən peşəkar səviyyədə aparılacağına qətiyyən şübhə etmirəm.
- Seçki şüarınız necə olacaq, seçicilərə hansı mesajları verəcəksiniz?
- Bu barədə vaxtı gələndə danışacağıq. Mövcud qanunvericilik indiki mərhələdə bu sualı cavablandırmağa imkan vermir. Bununla yanaşı, məni tanıyan bütün insanlara Həzrət Əlinin məşhur bir kəlamını xatırlatmaq istəyirəm: "Əgər bir şəxs səni bir dəfə aldadarsa, ona lənət olsun. Yox, əgər eyni şəxs səni ikinci dəfə aldadarsa, o zaman sənə lənət olsun".

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir