Modern.az

Süleyman Dəmirəl Unversitetinin rektoruna Bakıda fəxri diplom verilib

Süleyman Dəmirəl Unversitetinin rektoruna Bakıda fəxri diplom verilib

24 Sentyabr 2010, 17:32

Ötən gün Bakıda səfərdə olan Türkiyə Cumhuriyyəti Süleyman Dəmirəl Unversitetinin rektoru, professor Mətin Lütfi Baydar Azərbaycan Odlar Yurdu Universitetinin fəxri doktoru diplomu ilə təltif edilib.
Professor Baydara diplomu Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev təqdim edib. İlk öncə Heydər Əliyevin, görkəmli oftomoloq Zərifə Əliyevanın məzarını ziyarət edən Dəmirəl Universitetinin rektoru daha sonra Azərbaycan müstəqilliyi uğrunda şəhid olmuş insanların uyuduğu Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət edib, məzarlıqlara gül düzüb. Daha sonra professor M.L.Baydarın Odlar Yurdu Universitetinin akt zalında sözügedən təhsil ocağının tələbələri ilə görüşü keçirilib, elə orada da universitetin fəxri diplomu təqdim olunub.
İlk öncə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Süleyman Dəmirəl Universiteti ilə rəhbərlik etdiyi təhsil ocağının qarşılıqlı əməkdaşlığından, birgə həyata keçirəcəkləri işlərdən danışıb. Türkiyə-Azərbaycan qardaşlığından söz açan Ə.Vəliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik: "Eyni zamanda Türkiyənin qurucusu böyük Atatürk də demişdir ki, Türkiyənin sevinci Azərbaycanın sevincidir, Azərbaycanın sevinci də Türkiyənin sevincidir. Yəni iki ölkənin liderləri də Türkiyə və Azərbaycanın qardaş ölkə olduqlarını, dili, dini bir dövlətlər olduqlarını bir daha sübuta yetiriblər".
Tələbələrinə Dəmirəl Universitetinin rektorunu tanıdan professor Ə.Vəliyev qeyd edib ki, professor M.L.Baydar Türkiyədə ən gənc elm adamlarından, ən gənc universitet rektorlarındandır: "Süleyman Dəmirəl Universiteti Türkiyənin ən tanınmış və ən populyar universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər. Savadlı kadrların yetişdirilməsində Dəmirəl Universitetinin önəmi çoxdur".
İki universitet arasında gələcək əməkdaşlıqlara toxunan Ə.Vəliyev vurğulayıb ki, tələbə-müəllim mübadilələri aparılacaq: "Dəmirəl Universitetinin görkəmli, dəyərli müəllimlərinin gəlib bizim universitetdə tələbələrə müzakirələr deməsi, bizim müəllim-kadrlarımızın gedib Türkiyədə təcrübə toplaması kimi məsələlər öz həllini tapacaq. Eyni zamanda tələbə mübadilələri nəzərdə tutulur. İndi biz hörmətli professor Baydarla bu kimi məsələlərlə bağlı sənədlər imzalayacağıq".
Daha sonra söz alan professor M.L.Baydar Azərbaycanda, Bakıda olduğundan məmnunluğunu ifadə edib: "Mən hər zaman bildirmişəm ki, Türkiyə Azərbaycandır, Azərbaycan da Türkiyədir. Liderlərimiz dediyi kimi, bu iki dövlətinr əslində adları fərqlidir".

Rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən bəhs edən professor Baydar hər il minlərlə məzunlarının olduğunu diqqətə çatdırıb. O həmçinin Dəmirəl Universitetinin fəaliyyət istiqamətləri haqqında, gördüyü və görəcəyi işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bundan sonra Azərbaycana tez-tez səfər edəcəyini deyən professor vurğulayıb ki, Odlar Yurdu Universiteti ilə əməkdaşlıq onlar üçün çox önəmlidir. Professor Baydarın tövsiyyələrindən biri də Azərbaycan universitetlərinin Avropa Birliyi təhsil qurumlarında təmsilçiliyi ilə bağlı olub.

Daha sonra Odlar Yurdu Universitetinin rektoru Ə.Vəliyev Süleyman Dəmirəl Universitetinin rektoru M.L.Baydara universitetin fəxri diplomunu təqdim edib. Ə.Vəliyev hədiyyə olaraq türkiyəli həmkarına simvolik xarakterli Azərbaycan xalçası verib.

 

 

 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı