Hazırda Azərbaycanda elm və təhsil sahəsində köklü islahatlar gedir. Ali məktəblərin bakalavr və magistratura pillələrinə qəbulun test üsulu ilə aparılması bu sahədə sağlam rəqabətin formalaşmasına mühüm təsir göstərib, həm də qəbul olan məzunlarımızın bilik və bacarıqlarındakı inkişaf artıq hamıya məlumdur. Biz adətən təhsildə baş verən islahatların nəticəsini ani, tez bir zamanda görmək istədiyimizdən, reallıqda bu nəticələr isə bir-iki il ərzində adekvat reaksiyasını göstərmədikdə cəmiyyətin müəyyən qruplarında problemlərlə bağlı narazılıqlar yaranır. Əslində isə təhsil sistemimizdə baş verən dəyişikliklərin öz konkret nəticələrini göstərməsi üçün bəlkə də 5-10 illik bir zaman intervalı lazımdır. Yəqin ki, bu dəyişikliklər də öz nəticəsini həmin zaman müddətində daha qabarıq şəkildə biruzə verəcək.
İndi cəmiyyətimizi narahat edən ən əsas məsələlərdən bir neçəsinə toxunmaq istəyirəm. Hazırda respublikamızda müxtəlif ali təhsil müəssisələrində müxtəlif istiqamətlər üzrə ixtisaslaşdırılmış magistr təhsili pillələri mövcuddur. Amma bu təhsil müəssisələrinin əksərində eyni ixtisaslaşmalar üzrə proqramlar fərqlidir. İkinci vacib məsələlərdən biri isə odur ki, müxtəlif özəl və dövlət ali təhsil müəssisələrində magistratura pilləsində ödənişli əsaslarla təhsil alanların təhsil haqlarında kəskin fərqlər mövcuddur. Biz əvvəllər görmüşük ki, adətən daha böyük tarixə, maddi-texniki potensiala və professor-müəllim heyətinin genişliyinə malik olan ali məktəblərdə təhsil haqqı yuxarı olurdu. Amma bu ilin magistraturaya qəbul proqramında daha sanballı və nüfuzlu ali təhsil ocaqlarında təhsil haqqı bəzən aşağı məbləğdə, yeni fəaliyyətə başlamış və ya göstəriciləri o qədər də yüksək olmayan təhsil ocaqlarında isə daha yüksək göstərilir.
Digər bir problem isə ali təhsil müəssisələrinin magistratura pilləsində təhsil alanların təhsil haqlarının məbləği ilə bağlıdır. Ali təhsil müəssisələrinin müəllim-professor heyətinin əmək haqları cəmi 10-15 faiz artırıldığı halda, magistr pilləsində təhsil alan ödənişli magistrantların təhsil haqqı birdən-birə 50 faiz artırıldı (56-cı proqram üzrə). Bu isə humanitar pillədə təhsilini uğurla başa vuran və MBA istiqaməti üzrə ixtisaslaşaraq magistr təhsili almaq istəyən bir çox məzunlarımız üçün müəyyən problemlərin yaranmasına, digər bir halda isə yüksək nəticə göstərən bəzi məzunlarımızın təhsildən uzaqlaşmasına səbəb olur. Nəzərə alsaq ki, Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan bakalavr və magistranlar üçün təhsil kreditindən istifadə imkanları məhduddur (təhsil krediti verilmədiyi üçün), onda bu problemin nə qədər aktual olduğunu əsaslandırmağa zənnimizcə daha ehtiyac yoxdur.
Başqa bir məsələ müxtəlif ali təhsil müəssisələri və AMEA tərkibindəki tədqiqat institutlarında çalışanların əmək haqqı məsələsidir. Belə ki, ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinə əmək haqqı verilərkən əmək stajı, elmi vəzifəyə görə əlavələr verilirsə, Elmi-Tədqiqat institutlarında əmək stajı və elmi vəzifələrə görə (dosent, professor) əlavələr verilmir. Birinci oxunuşdan keçən “Elm haqqında” Qanun layihəsində bu sadalanan məsələlər öz əksini tapsa da, sənəd üçüncü oxunuşdan keçənə qədər hələ də ali təhsil müəssisələri və elmi tədqiqat müəssisələri arasındakı sadalanan diskriminasiya halları (maliyələşmə və əmək haqqı məsələsində) qüvvədə qalacaq. Bu isə eyni titul və dərəcələrə malik olan tədqiqatçılar arasında bəzən cəmiyyətimizdə haqlı narazılqlar yaradır.
Başqa bir problem isə magistr təhsili alan oğlanların hərbi xidmətdən möhlət hüququnun götürülməsidir. Əvvəllər möhlət hüququndan yararlanan ali məktəb məzunları magistraturaya qəbula daha çox diqqət yetirirdilər. Bu hüquq götürüldükdən sonra isə, oğlanlar arasında magistr təhsilinə maraq xeyli dərəcədə azalıb. İndi ali məktəblərin magistraturasında təhsil alanların böyük əksəriyyətini qızlar təşkil edir. Təhsilini yaxşı başa vuran bakalavr hərbi xidmətdən qayıtdıqdan sonra təhsildəki fasiləsizlik pozulduğu üçün (1 və ya 1,5 il hərbi xidmət dövrü) bəzi hallarda magistr təhsili almaqdan uzaqlaşır. Bu isə magistratura pilləsində təhsil alanlar arasında qızların sayının çoxalmasına, yaxın gələcəkdə müəllim peşəsi kimi şərəfli peşə sahiblərinin və tədqiqatçı alimlərimizin sayında balansın pozulmasına səbəb olacaq.
Fikrimi yekunlaşdıraraq bildirmək istərdim ki, sadalanan məsələlərin həlli istiqamətində işlərin sürətləndirilməsi və keçmişdən qalan bu kimi problemlərin həll edilməsi, təhsil və elm sahəsindədə olan problemlərin aradan qaldırılmasına kömək edər və elm və təhsilimizin bir-biri ilə qarşılıqlı əlaqədə inkişafına öz töhfəsini vermiş olar. Bu sadalanan məsələlərin həlli həm təhsil sistemimizin, həm də elmimizin daha dinamik inkişafına öz təsirini göstərər.
Rəşad Əsgərov,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent