Modern.az

Yüzlərlə faşistin axırına çıxan, polyak casusu aradan götürən 100-yaşlı Mahmud kişi

Yüzlərlə faşistin axırına çıxan, polyak casusu aradan götürən 100-yaşlı Mahmud kişi

Aktual

10 May 2015, 09:34


“Xalqlar atası” İ.Stalinin ağır repressiya dövründə - 1938-ci ildə dünyanın “uzaq” kəndlərindən birində - Göyçə mahalının Çəmbərək (sonradan - Krasnoselsk) rayonunun Gölkənd kəndində gənc Mahmudu da axtarıb tapmışdılar. Ancaq “bəxti gətirmişdi” – onun dalınca NKVD-dən yox, hərbi komissarlıqdan gəlmişdilər.                 

Onu əvvəlcə İrəvana, oradan Kirovakana, sonra da Tbilisidən Biləcəriyə göndərərkən nə Mahmudun özünün, nə də onu göndərənlərin fikrinə belə gəlməzdi ki, sabahın gənc əsgəri üç il sonra başlanacaq Almaniya-SSRİ müharibəsində necə şücaətlər göstərəcək, ağır, həlledici döyüşlərdə SSRİ-nin qələbəsinin təmin edilməsində onun da az-çox rolu olacaq. Təbii ki, bunu əvvəlcədən kimsənin bilməsi mümkün deyildi. Ancaq bununla belə böyüyüb boya-başa çatdığı doğma kəndi Gölkənddən ayırıb, onu Biləcəriyə, oradan da Rusiyanın tanımadığı çöllərinə, döyüş meydanlarına aparan yollar Mahmudun qan yaddaşında uyuyan Babək, Koroğlu qeyrətini oyadaraq, özünün də güman edə bilməyəcəyi igidliklərə, düşməndən amansızlıqla qisas almağa, qələbə uğrunda ağır döyüşlərdən mərdliklə, üzüağ çıxmağa sövq edəcəkdi.

...İlk hərbi xidmət marşrutu Türkmənistanın Mari şəhərindən keçən gənc Mahmud Mahmudovun sonralar Sovet İttifaqı Marşalı K.Voroşilov tərəfindən yenicə yaradılmış 115-ci diviziyada sıravi əsgərlik etmişdi. 1941-ci ilin iyununda, hərbi xidmət müddətinin qurtarmasına cəmi bir ay qalmış Hitler Almaniyasının SSRİ-yə gözlənilməz hücumu günü xidmət etdiyi batalyonla təcili olaraq Smolenskə göndərilən Mahmud ilk dəfə olaraq döyüşlərə orda atıldı. Məhz Moskvaya aparan yolda yerləşən Smolenskdə 1941-ci ilin 10 iyulundan başlayaraq (düşmənin  hücumundan cəmi 18 gün sonra) almanların   sürətli hərbi yürüşünün qarşısı alındı və Hitler ordusu burda güclü müqavimətə rast gələrək, hücumdan müdafiəyə keçmək məcburiyyətində oldu. Baxmayaraq ki, düşmənin canlı qüvvəsi SSRİ-ninkindən iki dəfə, döyüş texnikası isə bir-neçə dəfə çox idi, hitlerçilər “Smolensk qapıları”nda “ilişib” qalmışdı. Əlbəttə, bu, döyüş xəttində canlı müdafiə səddi quran minlərlə sovet döyüşçüsünün qanı bahasına başa gəlirdi.

Fanerdən olan “tank”,  ağır qəlpə yaraları, yenidən könüllü olaraq döyüşlərə

Müharibənin başladığı ilk aylarda Sovet ordusunda hərbi texnikanın çatışmadığı heç kəs üçün sirr deyildi. Mahmudgilin də cəmi bir köhnə “uçebni” tankı var idi, onun da dörd tərəfi, keçmiş döyüşçünün dediyinə görə, bronemetaldan yox, sadəcə bir az qalın olan... fanerdən idi. Gərgin döyüşlərdən birində düşmən tərəfindən vurulan həmin tankın faner “korpusu” göyə sovrularaq yanmışdı. Buna baxmayaraq, batalyonun əsgərləri düşmənin qabağından çəkilmir, ölüm-dirim döyüşünə girərək, mərdliklə vuruşurdular. Hər gün çiyin-çiyinə dayanaraq birgə vuruşduğu döyüş yoldaşlarından bir çoxlarının gözü qarşısında yaralanması, həlak olması onu qəlbən sarsıtsa da, intiqam hissini daha da coşdurur, düşmənə aman verməməyə sövq edirdi. Növbəti döyüşlərdən birində rus dostu Volodya Çurkinlə irəli atılıb, düşmən mövqeyinə güllələr yağdırarkən, birdən onların 5-10 addımlığında mərmi partladı. Belə hallarda həmişə olduğu kimi, onlar özlərini qorumağa çalışaraq, cəld yerə sərildilər. Ancaq irəli cummaq istəyərkən Mahmud birdən ayağında bərk ağrı hiss etdi. Torpağa uzanıqlı vəziyyətdə dönüb geriyə baxanda ayağının yaralandığını, qan axdığını gördü. Zirəkliyi, qorxmazlığı ilə yoldaşlarından seçilən Mahmudun qəlpə yarası aldığını görən dostu Volodya tez onu geri sürüyərək, ayağını çəkmədən çıxarıb, “potava” (ağ bambaz dolama) ilə onun ayağının qan axan yarasını bərk-bərk sıxıb bağladı. Bir qədər sonra köməyə yetişən sanitarlar Mahmudu döyüş meydanından çıxarıb, geridəki sanitar hissəsinə çatdırır. Ayağını dağıdaraq, bərbad günə salmış qəlpə yaxşı ki, sümüyü zədələməmişdi. Bununla belə yara çox dərin, ciddi idi və gənc azərbaycanlı döyüşçü cəbhə xəttindən uzaqlaşdırılaraq, göndərildiyi Kislovodsk qospitalında xeyli müddət müalicə almalı olur. Günlər keçdikcə qospitalda “boş-bekar” qalmaqdan təngə gələn Mahmud tam sağalmasa da, döyüş yoldaşlarından ayrı düşmək istəməyərək, öz batalyonuna qayıtmağa can atır. Ancaq həkimlərin qənaətinə görə ona hələ döyüşə girmək olmazdı. Lakin Mahmudun qospitalda qərar tutmadığını görüb, eləcə də arxa cəbhədə işçi qüvvəsinə kəskin ehtiyac olduğunu nəzərə alaraq, onu bir qədər geriyə - Kuybışevə, müharibə ab-havasının duyulduğu Çkalov adına hərbi zavoda göndərirlər. İşçilərin ancaq ciddi yoxlanışdan sonra, həm də xüsusi buraxılış vərəqəsi ilə daxil ola bildikləri həmin zavodda cəbhə üçün mərmi, mina, güllə və s. silah-sursat hazırlanmasında iştirak edən azərbaycanlı döyüşçü iki aydan sonra komandanlığa bir də müraciət edərək, könüllü olaraq yenidən döyüş zonasına göndərilməsini xahiş edir və nəhayət, istəyinə nail olur.



Leninqradın müdafiəsi zamanı az qala əsir düşəcəkdilər, ancaq mühasirədən çıxıb, özləri əsir götürdülər

...1941-cü il oktyabrın 16-da xeyli canlı qüvvə üstünlüyü olan hitlerçilər Leninqrad ətrafında yerləşən Tixvin şəhərinə doğru güclü hücuma keçmişdilər. Sovet qoşunlarının ciddi müqavimətinə, gərgin döyüşlərə baxmayaraq, noyabrın 8-də almanlar Tixvin stansiyasını ələ keçirə bilmişdilər. Bununla da Leninqrad çox ağır təhlükə ilə üzləşmiş, blokada vəziyyəti daha da ağırlaşmışdı, çünki şəhər üçün Ladoqa gölünün sahilinə ərzaq və silah-sursat daşıyan yeganə dəmir yolunun qarşısı kəsilmişdi. Beləliklə Leninqrad ikinci, daha bir  blokada dairəsinə alınmışdı. Odur ki, Sovet döyüşçüləri qarşısında qəti tələb qoyulmuşdu ki, nəyin bahasına olursa-olsun, Tixvin şəhəri və stansiyası çox qısa bir müddətdə faşistlərdən tamamilə azad edilməlidir. Buna görə də Tixvin uğrunda qızğın döyüşlər gedirdi. 30 gün düşmən əlində qalan şəhərin və stansiyanın azad edilməsi uğrunda sentyabr ayından dekabra kimi davam etmiş müdafiə və hücum əməliyyatlarında Sovet ordusunun itkiləri 89 min nəfərdən çox olmuşdu.

Gərgin döyüşlərin getdiyi həmin günlərdə alman faşistləri mövqelərini tədricən itirərək geri çəkilməyə başlasalar da, müqavimət göstərməkdə davam edirdilər. Mahmudgilin Tixvin şəhəri ətrafında döyüşən batalyonu da düşmənə ağır zərbələr endirirdi. Lakin almanların hərbi bazalarından birinin yaxınlığında vuruşan batalyon qəfildən mühasirəyə düşür. Qanlı döyüş, ölüm-dirim mübarizəsi başlayır. Mühasirədən çıxmağa çalışan batalyon 160-a qədər döyüşçüsünü itirir. Düşmən tərəfi də çox itki verir...

Mahmudgil mühasirədən çox çətinliklə, faşistlərin aramsız atəşləri altında, az bir qüvvə ilə yalnız axşama yaxın çıxa bilirlər. Sabahısı gün isə Mahmud almanlardan həlak olmuş döyüş dostlarının qisasını almaq üçün komandiri olan leytenantla birgə xüsusi kəşfiyyat planı quraraq, gecə ikən düşmənin arxasına keçib, 22 faşisti əsir götürərək, öz mövqelərinə gətirib, komandanlığa təhvil verirlər. Bu igidliyə görə onların hər ikisinə təşəkkür edilir və “Qızıl ulduz” ordeninə layiq görülürlər. Bu, Mahmudun döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə aldığı ilk orden idi.  

Tixvin şəhərinin və dəmir yol stansiyasının almanlardan azad edilməsi ilə blokadada olan Leninqrada yüklərin çatdırılma yolu ən azı 6 dəfə qısalmışdı. Bunun nəticəsi olaraq Ladoqa gölünə daha çox ərzaq, silah-sursat və yanacaq daşınmasına imkan yaranmışdı. Bu qələbədə  Mahmudgilin batalyonunun da rolu az deyildi.  

“Mən bura bostan-tərəvəz yığmağa gəlməmişəm”, - deyərək, arxa cəbhədəkiləri “bezdirib”, yenə də ön cəbhəyə yollanır...

1943-cü ilin əvvəllərində Mahmudgilin batalyonu olmazın məşəqqətlərlə - 22 gün gecəli-gündüzlü, çox zaman da yarıac-yarıtox yol gedərək, qızğın vuruşmaların  getdiyi Voronejə çatır. Batalyon digər hərbi hissələrlə birgə burda da qanlı döyüşlərə atılır. Sovet ordusunun güclü müqavimətinə rast gələn alman ordusu strateji mövqeləri ələ keçirmək üçün Voronej istiqamətində hərbi texnikasını və canlı qüvvəsini tədricən artırmışdı. Uzun  müddət davam edən vuruşma zamanı hər iki tərəf böyük itkilər verir. Buna baxmayaraq, düşmən geri çəkilmək istəmirdi. Həmin döyüşlərin birində - 1943-cü ilin avqustunda Mahmud yenidən yaralanır. Sağ əlindən dəyən iri kalibrli avtomat gülləsi xeyli qan itirməsinə səsbəb olduğundan o, iki aya qədər yüzlərlə yaralı döyüşçünün müalicə olunduğu, vaqonlarda yerləşdirilmiş qospitalda yatmalı olur. Lakin hərbi həkimlərin ciddi səylərinə baxmayaraq, sonda onun sağ əlinin iki barmağını kəsmək lazım gəlir. Bu isə o demək idi ki, Mahmud artıq ön cəbhə üçün yararlı deyildi, o, ancaq arxa cəbhədə çalışaraq, orduya öz köməyini göstərə bilərdi. İlk vaxtlar belə də olur – onu ordu üçün... bostan-tərəvəz məhsulları yığımına cəlb edirlər. Lakin döyüşçü qəlbi özündən neçə-neçə kilometr irəlidə, düşmənlə çarpışan döyüş dostlarının yanında olduğundan qəlbinin dalınca – ön cəbhəyə getməyə çalışır və arxa cəbhədəki komandirləri  “bezdirərək”, yenidən istəyinə nail olur. 

Polşalıların sevinci, zəncirli saat və öldürülən polyak casus

Mahmudgilin son günlərdə Petrözavodskun faşistlərdən azad edilməsində iştirak etmiş batalyonunu 1945-ci ilin əvvəllərində ehtiyat qüvvə kimi Polşaya göndərirlər. Ağır döyüşlərdən, hər gün eşitdikləri qulaqbatırıcı top-mərmi atəşlərindən, gördükləri barıt qoxulu tüstü-dumandan sonra Polşanın paytaxtı Varşavada hökm sürən nisbi sakitlik və əhalinin Sovet əsgərlərini təntənə ilə, gül-çiçəklə qarşılaması Mahmudu qələbənin çox da uzaqda olmadığına inandırır, doğma Göyçəni  yenidən görə biləcəyinə ümidini artırır, kənddə qoyub gəldiyi doğmaları, kənd camaatı üçün burnunun ucuna kimi göynətdirirdi.  Axı, artıq 8-ci il idi ki, kənddən, el-obadan ayrı düşmüşdü. Ağır əsgər “rükzakı” ilə, “Kalaşnikov” avtomatı çiynində Varşavanın küçələrindən keçdiyi son 3-4 gün ərzində Mahmud xəyalən daha çox Göyçədə, onun meşəliklərində, başı qarlı dağlarında olur, gədiklərində  dolaşırdı.  

Yalnız Mahmud yox, bütün dünya xalqları, xüsusilə də Hitler Almaniyasının viran qoyduğu Avropa ölkələri II Dünya müharibəsinin başa çatmasını böyük səbrsizliklə   gözləirdi. Lakin müharibə hələ davam edirdi. Əvvəlki hərbi gücü qalmasa da, düşmən təslim olmaq istəmir, imkan düşdükcə müqavimət göstərməyə çalışırdı.

...Varşavada yerli əhali Sovet əsgərlərinə çox xoş münasibət göstərir, imkan düşdükcə onlar üçün isti yemək, çay, kofe təklif edirdilər. Hətta ətraf kəndlərdən mal-qoyun gətirərək, əsgərlərə təhvil verirdilər. Polyak qızları və elə əsgərlərin özləri də inəkləri sağıb, çoxdan görmədikləri südü ləzzətlə içirdilər. Yemək üçün mal-qaranın kəsilməsini isə Mahmud öz boynuna götürmüşdü. Onun mal ətindən hazlrladığı yeməyi, ciyər kababını isə əsgərlər Mahmuda yüz dəfə “molodes, drujok!” deyə-deyə “gözünə təpirdilər”. Bir dəfə isə yenə belə bir “piknik” zamanı Mahmudun bir müddət idi ki şübhələnərək göz qoyduğu bir polyakın tez-tez cibindən zəncirli saat çıxarıb, yenidən geri qoyması nəzərindən yayınmamışdı. Mahmud ona yaxınlaşıb, hirslə üstünə qışqıraraq, cibindən zəncirli saatı çıxarıb baxanda qaçmağa cəhd göstərən həmin  casusu elə polyakların gözü önündəcə bir anda güllədən keçirmişdi. Sən demə, o, həmin saatla faşist komandanlığına sovet ordusu hissələrinun Varşavadakı dislokasiyası, yerdəyişməsi haqqında gizli məlumat verirmiş.

Həmin əhvalatdan, polyak casusundan söz düşəndə keçmiş döyüşçü sanki hələ də soyumayan intiqam hissi ilə deyir: “Öldürdüm kopayoğlunu, hələ canını da aldım!”  



Düşmən snayperi onu gülləyə tuş gətirə bilmədi, ancaq...

Mahmudun yüz kilometrlərlə uzanan ağır, məşəqqətli cəbhə yolları sonralar onu yeni yaradılmış 69-cu dəniz-piyada diviziyasının tərkibində Belorusiyaya, Rusiyanın şimalına - Petrozavodska, Latviyaya, hətta Karpatı dağlarına kimi aparıb çıxarmışdı. Çox da cüssəli olmayan, lakin çevikliyi, zirəklyi və qoçaqlığı ilə döyüş dostlarının və komandirlərinin rəğbətini qazanmış Mahmud xidmət etdiyi batalyonda bu keyfiyyətləri ilə həqiqətən çoxlarından seçilirdi. Çox zaman hətta bəzi kəşfiyyat və hücum əməliyyatlarında onun rolu diqqətdən yayınmırdı. Həm də təkcə öz komandanlığının  yox, hətta düşmənin də...

1945-ci il mayln 5-də - bütün Karpatı dağlarının yaşıllığa büründüyü bir gündə Mahmudgilin batalyonu Krakov yaxınlıqdakı meşədə gizlənərək, müqavimət göstərməyə çalışan faşist dəstələri ilə son döyüşünü keçirirdi. Özünə arxayın olaraq, azərbaycanlı dəliqanlılığı ilə irəli cumaraq, hitlerçilərə güllə yağdıran Mahmud birdən hündür ağaclardan birində oturan düşmən snayperinin atəşə hazırlaşdığını görüb, yanındakı əsgər yoldaşını güllədən qorumaq üçün itələyib yerə yıxsa da, sol qolunu snayperin hədəfindən qaçırmağa imkan tapmadı. Əlindəki AKM avtomatını saxlamağa da taqəti qalmadı. Güllə biləyini deşib keçmiş, qan fışqıran əli bilək hissədən sallanıb qalmışdı. Mahmudun ağır yaralandığını görən iki rus əsgər yoldaşı onu tez döyüş yerindən çıxararaq, “zemlyankaya” aparmış, orada ilk tibbi yardım göstərildikdən sonra hərbi furqonda Krakov şəhərindəki qospitala çatdırmışdılar. Qoldan asılı vəziyyətdə qalmış əlin bitişdirilməsinin, bərpasının mümkün olmadığını görən həkimlər onun qolunu biləkdən kəsməli olmuşdular. Kəskin ağrı və çox qan itirməsi üzündən iki gün özündə olmayan Mahmud Krakov qospitalında 12 gün ilkin müalicə aldıqdan sonra həkim və tibb bacılarının daimi nəzarəti altında qatarla Soçi qospitalına göndərilir. Qanının bərpası və qolunun tez sağalması üçün ona təsirli iynələr vurulur, qan artımına səbəb olan kalorili yeməklər verirdilər. 

Qara dəniz sahili, gözəl rus “medsestrası” Marina və rusların ləzzətlə yediyi “baranski trava”

Gözlənilən Qələbə günü – 9 may bütün SSRİ-nin hər bir şəhərində, hər bir qəsəbə və kəndində böyük sevinclə, ümumxalq bayramı kimi şadyanalıqla qarşılanmışdı. Ancaq illərlə arzusunda olduğu həmin gün Mahmud qospitalda yatırdı. Davanın qurtarmasına cəmi 4 gün qalmış bir əlini itirməsinə, kəskin ağrılarına baxmayaraq, o da müharibənin qurtarmasına sevinir, göz yaşlarını saxlaya bilmirdi.  Şübhə etmirdi ki, gec də olsa, sağalıb doğma el-obasına – Göyçəyə qayıdacaq. Ancaq günlər ötsə də, nədənsə biləyinin kəsilmiş yeri bitişmir, dəri ilə örtülmürdü. Müalicə olunduğu Soçi qospitalı Qara dənizin lap yaxınlığında yerləşdiyindən bir gün – iyunun əvvəllərində tibb bacılarından icazə alaraq, qolu sarıqlı vəziyyətdə dənizin sahilinə gedir.  Dənizin təmiz havaslndan uda-uda xəyallara dalır və birdən ağlına gəlir ki, bəlkə yaralı biləyini dəniz suyu ilə yusun, ola bilsin ki, xeyri olar. Elə də edir. Bu proseduru iki gün davam etdirdikdən sonra həkim onun yarasına baxanda təəccübünü gizlədə bilmir: “nə yaxşı, deyəsən axı dəri bərpa olunur...”. Mahmud məsələni açıb ona danışır. İşi belə görən həkim bunu tibb bacısının nəzarəti ilə etməyi tapşırır. Və o gündən tibb bacısı Marina onu Qara dəniz sahilinə çıxararaq, yarasının dəniz suyu ilə yuyulub-bağlanmasına kömək edirdi. 

Bir gün isə Mahmud yaşıllığa bürünmüş bir sahədə otların arasında ona Göyçədən tanış olan “doğma” yemliyi, quzuqulağı və baldırğan taparaq, onlardan bir dəstə yığaraq, qospitala gətirir. Onun ləzzətlə bu “otlar”dan yediyini görən tibb işçiləri gülə-gülə  soruşurlar: “Sən bu “baranski trava”nı niyə yeyirsən, axı sənə ziyan olar”.  Mahmud isə onların “baranski” yox, “adamski” ot, həm də çox faydalı olduqlarını izah edərək, qızları da yemlik, quzuqulağı yeməyə öyrədir. O gündən sonra “medsestralar” Mahmuddan hər gün “baranski trava” yığmağı xahiş edərək, yemlik və quzuqulağını gözlərinə təpirdilər. 

Şinelə bükülüb at belində qaçırılan qız və “Qəhrəman ata”

Mahmud doğma kəndi Gölkəndə Qələbədən 7 ay sonra -1945-ci il dekabrın 2-də, tam sağaldıqdan sonra qayıdır. Onun yolunu gözləməkdən yorulmuş doğmaları müharibədə göstərdiyi igidliklərə görə layiq görüldüyü orden-medallarla qayıdan Mahmudu böyük sevinclə, əsl qəhrəman kimi qarşılayılar. Sinəsini bəzəyən 1-ci dərəcəli “Vətən müharibəsi”, “Qızıl ulduz” ordenləri, “Almaniya üzərində qələbəyə görə”, “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə”, “Sovet Zapolyaryasının müdafiəsinə görə” və s. medallar onun bir azərbaycanlı kimi alman faşizmi üzərində qələbədə xidmətlərinin heç də az olmadığını təsdiq edirdi (sonralar o, digər medallarla da – yubiley medalları, o cümlədən “Belorusiyanın alman faşizmindən azad edilməsinin 65 illiyi” medalı ilə də təltif edilmişdi). 

Mahmud bir müddət kolxozun müxtəlif işlərində çalışaraq, o çətin 40-cı illərdə ailəsinin dolanışığına kömək edir. Və günlərin bir günündə kəndin gözəl qızlarından birini, özündən 12 yaş kiçik olan, çoxdan idi ki, “gözaltı” etdiyi Güllünü qəfildən əsgərlik şinelinə büküb, at belinə qaldıraraq, “qaçırdıb” evə gətirir. Və onunla uzun, xoşbəxt bir ömür sürür. Bu ilin sonunda 100 yaşını qeyd edəcək Mahmud kişi öz ömür-gün yoldaşı ilə 11 övlad böyüdərək, yalnız igid əsgər yox, həm də “Qəhrəman ata” olduğunu sübut edir. “Qəhrəman ana” olan Güllü xala ilə hər zaman “can” deyib, ”can” eşidən Mahmud kişi artıq 25-dən artıq nəvənin və daha sayını unutduğu nəticələrin də babasıdır.    



Poçt çantası və
balınc altında gizlədilmiş 15 min rubl

Mahmud kişi adi həyatda da həmişə mərdliyi, düzgünlüyü, prinsipiallığı ilə seçilib. İçkiyə, siqaretə isə nifrət edən veteran bir dəfə qonşu kənddən olan bir erməninin hiyləsinə uyaraq, yol verdiyi səhvi heç bu gün də - 60 ildən sonra da özünə bağışlaya bilmir.

1200 adamın yaşadığı, 400  təsərrüfatı, 1000 başdan artıq mal-qarası, 16 min qoyunu olan, sonralar briqadir, zootexnik işlədiyi kolxozda vaxtilə - 1956-cı ildə poçtalyon kimi çalışarkən qonşu kənddən olan tanış erməni onu araq içməyə dəvət edir. Erməni işi elə qurur ki, ikisi birlikdə bir şüşə arağı yeməksiz-filansız içirblər. Erməni xəlvəti olaraq onun stəkanına nə tökürsə, Mahmud kişi düz üç sutka özündə olmur. Lakin bununla belə həmin müddətdə xəstəxanaya aparılıb, orda yatdırılsa da, içində kənd camaatının maaş və pensiyasının - 15 min rublun olduğu poçt çantasını balıncının altında saxlayaraq, onun oğurlanmasına, itməsinə yol vermir.  Elə o vaxtdan da “kafir içkisi” olan arağa bir daha meyl salmır.

Sağlamlığı, həyatı bahasına qoruduğu SSRİ hökuməti Ermənistanda onun hüquqlarını qorumaq istəmədi

Erməni daşnaklarının işğalçılıq siyasəti nəticəsində 1988-ci ildə öz dədə-baba yurdu Göyçədən qovulan müharibə veteranı ailəsi, övladları ilə birgə Sumqayıta pənah gətirmiş və bu gün də burada yaşayır. Azərbaycan rəhbərliyinin bütün müharibə veteranlarına, o cümlədən özünə göstərdiyi daimi diqqət və qayğıdan razılıq edir:

- Sağ olsun Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva! Mənə görə ailəmizə pulsuz maşın da veriblər, yaxşı pensiya da təyin ediblər. Çox razıyam. Sumqayıtın İcra hakimiyyəti, şəhərimizin Bələdiyyəsi, həm də “Azərikimya”nın rəhbərliyi, şəxsən Milli Məclisin deputatı Muxtar Babayev məni bütün bayramlarda təbrik edir, diqqət və qayğı göstərirlər. Sağlıq olsun, çox istəyərdim ki, bu ilin axırında - dekabrın 31-də 100 illik yubileyimi bütün Qərbi Azərbaycan camaatımızla birgə Göyçədə, mənim doğma kəndim Gölkənddə keçirək. İndi ən böyük arzum budur!

Bəli, sağlıq olsun, Mahmud dayı! Allah Sizi bu arzunuza da çatdırar!

Rəhman ORXAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü