Modern.az

Bahar çiçəyi

Bahar çiçəyi

Təhsil

11 May 2015, 11:00

Azad Müzəffərli,

Əməkdar jurnalist    

Aprel ayının əvvəlləri idi. Eşikdə dan sökülür, gecənin zülməti öləziyirdi. Günəşin üfüqdən boylanması ilə ətraf nura boyandı. Novruz bayramının gəlişi ilə iməkləməyə başlayan baharın artıq ayaq tutub dim-dik dayandığı aydınca sezilirdi.  Ölkənin bütün bölgələri kimi Bakı da al-əlvan yaz libasına qovuşmuşdu. Təbiət Günəşin ağuşunda  ana qucağındakı körpəyə bənzəyirdi. Ətrafdakı rəngarənglikdən göz də, könül də uçunurdu. Torpaqla bitkilərin qış fəsli ərzindəki, xüsusilə, qismət olanda qalın qar örpəyi altındakı odlu  sevgisinin faş olan məqamıydı. Ağacların bəziləri təzəcə tumurcuqlasa da,  bəziləri isə artıq çiçək açmışdı.  Həzin mehin yüngülcə dalğalandırdığı çiçəklər,otlar naz satan gözəllərə bənzəyirdilər. Qış günlərində güc toplayan torpağın qüdrətini göstərdiyi, şirəsinin daman çağlarıydı. Quşların yazın şərəfinə zümzümə etdikləri say-seçmə nəğmələri də ara vermirdi. Belə təkrarsız mənzərəyə xələl gətirən təkcə küknar ağacları olur. Yazın ilk çağlarında bu ağaclar  tələm-tələsik ərə getməyə can atan dəlisov qızlara bənzəyirlər. Hikkələrindən elə silkələnirlər ki, yapışqanlı sapsarı toz dumanı ətrafı görünməz edir. İlin digər fəsillərində yamyaşıl , nəfis donu ilə göz oxşayan küknar ağaclarının üzəri cəmi bir neçə gün içərisində bozumtul, qonursayağı his-pasa bələnir. Di gəl, bu da, rəssamı Ulu Yaradan olan yazın portretinin mükəmməlliyinə zərrəcə kölgə salmaq qüdrətində deyil. Məhz aprel ayının ilk günlərində baharın təkrarolunmaz ətri və ən gözəl qızların cəlbediciliyini belə gölgədə qoyan şuxluğu insanı sərməst edir, bütöv bir ömürə bəs edəcək hisslər yaşadır. İnsanın təfəkkürü də belə məqamlarda möhkəmcə silkinir, təxəyyülü tumurcuqlayır, bir-birindən üstün ideya və tapıntılar ona sakitlik vermir,  bəşər övladı qurub-yaratmağa köklənir. Bu boyda böyüklüyün qarşısında acizliyini etiraf etmək məcburiyyətində qalan, bahardan aldığı həzzi sözlə belə qədərincə dilə gətirə bilməyən insan nəhayətdə əllərini qoşalayaraq alqış yağdırır, Ulu Tanrını qiyabi də olsa bağrına basmaqla nisbi sakitlik tapır...

Yaza vurğunluğundan Turan hər səhər işə bir qədər tez gələrək təbiətin bu möcüzəsindən daha çox pay qoparmaq üçun yorulmadan var-gəl edir, gözlərini ətrafdan bir anda olsun belə çəkmir, doydum demək bilmirdi. Çalışdıqları idarənin həyətindəki yaşıllıq sahəsi ərazicə bir o qədər böyük olmasa da, ədalət naminə demək lazımdır ki,burada ilboyu səliqə-sahman hökm sürürdü. Artıq Günəşin ilıq nəfəsi duyulmaqdaydı. Turan elə bil birdən qəflət yuxusundan ayıldı, axı, bu gün iş yoldaşları Türkayın doğum gününə yığışmalı idilər. Əslində, onun ad günü bu dəfə şənbə gününə təsadüf edirdi. Beşgünlük iş həftəsində çalışdıqlarından belə məqamlarda həmişə ad günlərini cümə gününə keçirərdilər. Özlərinə məxsus təmtəraqla qeyd etdikləri bu cür məclisləri adətən səhər şirniyyat sotulu ilə başlayırdılar. Türkay da, əlinə sağlıq, həmişə belə günlərə özünün hazırladığı, dadından doyulması mümkün olmayan  ləziz tort,müxtəlif şirniyyatlar və cürbəcür yeməklərlə  qatılırdı. Əmin idi, Türkay yəqinki səhərə qədər gözünün çimirini almadan əməlli-başlı hazırlıq görmüşdü. Yeyin addımlarla yoldaşlarının yanına tələsdi. Yanılmamışdı. Əksəriyyət masa başındaydı. Kişilər əllərini qoşalayaraq bir-birinə sürtür, iştahlarını kökləyirdilər. Çalışdıqları koolektivdə cəmi bir neçə qadın var idi. Süfrəni bəzəyən xanımların ünvanına şirin kəlamlar gur yağış damcıları kimi səpələnirdi. 40 yaşını qeyd edən Türkay bu kiçik, amma xudmani kollektivdə hamının hörmət bəslədiyi yeganə insan idi. Bu qızın qəlbinin, daxili dünyasının mayası humanizmdən yoğrulmuşdu. Bundan da kollektivin hər bir üzvünə pay düşürdü. Turan gəlişi ilə məclisə bahar ovqatı qatdı. Hamı əzbər bilirdi ki, o,ciyərlərini yaz havası ilə doldurmadan, ruhunu təzələmədən iş otağına ayaq basası deyildi. Diqqətini yubilyara yönəldən kimi qarşısında bədahətən nəfis bir gül-çiçək dəstəsi canlandı. Elə o andaca Türkayın ruhunun arzular okeanında pərvaz etdiyinin, nəğmələr bəstələdiyinin mahiyyətinə vardı.  Çöhrəsindən nikbinlik, həyat nuru bir an da olsun əskilməyən bu qızda nəsə müəmmalı bir yenilik olduğunu o andaca sezdi. Bunu ilk növbədə doğum günün əhval-ruhiyyəsi ilə bağlasa da, özünün 50 illik həyat təcrübəsinə və bəzən divarın arxasını belə görmək qabiliyyətinə də güvəni vardı, yanılmadığına əmindi. Təbii ki, məclisdə şəninə ən çox tərif yağdırılan elə yubiliyarın özü  idi. Nəhayət, növbə Turana da çatdı: -Türkay xanım, fikrimi lap qısaca deyəcəm. Sən, bahar çiçəklərinə bənzəyirsən, bu həmişə belə olub, indi isə lap nəfissən. 

         Sevincindən qanadlanan Türkay: - Turan müəllim, siz doğrudan belə fikirləşirsiniz?!. Ay Allah, nə qədər sevindim...

         Turan qətiyyətini pozmadan təkrarladı: - Bu, həqiqətdir, amma sənə sualım var, heç “Bahar Çiçəyi” deyiminin arxasında nələrin dayandığının mahiyyətinə tam varmısan?

         Qəfil sualdan yaxalanan Türkay dodaqlarını büzüb nəzərlərini bütünlüklə ona yönəltdi: - Düzü, bu barədə heç vaxt bir o qədər də dərindən düşünməmişəm...

         Fəlsəfi baxışlarını ona tuşlayan Turan qısa fasilədən sonra dilləndi: - Bunun  üçün mənim kimi yaz fəslinə illərlə diqqət kəsilmək lazımdır. Sadəcə, qısaca onu deyə bilərəm ki, bahar çiçəklərində ən azı iki böyük İlahi məntiq var...

-      Turan müəllim, hansılardı, deyin də zəhmət olmasa, mənə çox maraqlı gəldi, oxun atıb, yayını gizlətməyin də...

-      Bu, xeyli vaxt aparar, bir də ki, həmin “sirr”i müfəssəl açıqlasam, bundan sonra sizlərdə bahara bir o qədər də maraq qalmaz... Bir sözlə, qoy “Bahar Çiçəyi” doğum günün münasibətilə məndən sənə rəmzi mənada yadigar qalsın...

          Minnətdarlığını bildirən Türkay bir anlığa məclisi unutdu, xəyalən bu həftə baş verən qəfil hadisələri  bir daha təkrarən yaşadı. Əslində,o, bütün bunları ötən günlərdə dəfələrlə götür-qoy etsə də, mahiyyətcə heç nə anlamadı ki, anlamadı. Bazar ertəsi idi. Səhər işə hazırlaşarkən gözləmədiyi halda qapı döyüldü. Gözlükdən poçtalyon qızı tanıdı. Qapını açanda onun qucağında nəfis, insanın ruhunu və qəlbini yerindən oynadan bir gül dəstəsi gördü. Qız mehribancasına gül dəstəsini ona uzatdı: - Bu, Sizə çatacaq. 

         İstər-istəməz gül dəstəsini götürənTürkay mat-məəttəl soruşdu: - Bunu kim göndərib?!. Axı, mən heç kimdən belə hədiyyə gözləmirəm?!. Bəlkə, burada nəsə anlaşılmazlıq var, ünvanı səhv salmısınız...

        Poştalyon qız dilləndi: - Qətiyyən, əmin ola bilərsiniz, bu məhz Sizə çatır. Hələ bu güldan da Sizindi. Buyurun zəhmət olmasa, sadəcə, bu sənədi imzalayın ki, təhvil aldınız.

        Tərəddüd içində çapalayan Türkay əvvəlcə etiraz edib gül dəstəsi və güldanı poçtalyon qıza qaytarmaq istəsə də, hansısa daxili qüvvə buna imkan vermədi. Özünün də xəbəri olmadan  qəbzə imzasını atdı və poçtalyona minnətdarlığını bildirdi. Türkay bu poçtalyon qızı uzun müddətdir ki, tanıyırdı. Kasıb, halal ailədən olduğu ilk baxışdan bəlliydi. Həmişə ailəvi ona doğma yanaşar, şirinliyini də əsirgəməzdilər. Son vaxtlar poçt xidmətlərinə bir o qədər də ehtiyac qalmasa da, amma poçtalyon qız hələ də iş başındaydı. Görünür, kollektivdə də onun özünə görə hörməti vardı.

      Türkay tələm-tələsik güldanı qabından çıxardı. Güldan nə güldan, bəlkə də, ömründə belə gözəl güldan görməmişdi. Bu əsl sənət əsəri idi, müasirliklə  milli naxış və elementlər biri-birini üzvi şəkildə tamamlayırdı. Çox bahalı olduğu da elə ilk baxışdan  diqqətdən yayınmırdı. Taleyin bu gözlənilməz sürprizi ilə barışmaq məcburiyyətində qalan Türkay sevincək güldana su tökdü və böyük bir zövqlə gülləri ora yerləşdirdi. Bunu bitirər-bitirməz gözlərində bir cüt göz yaşı puçurlandı.  Doymaq bilmədən qarşısındakı nəfəsi kəsən mənzərəni dəfələrlə seyr edən Türkay bitib-tükənmək bilməyən suallar qanadında işə yollandı.Nədənsə,bu barədə kimsəyə bir kəlmə də olsun demədi, hətta, ən yaxın rəfiqələrinə belə.

      Qəribəsi o idi ki, eyni hadisə həftənin digər günlərində də təkrarlandı. Təkcə dəyişən güllər və güldanların əvvəlkilərdən fərqli olması idi. Özü də həm güllər, həm də güldanlar tam mübaliğəsiz şahzadələrə layiq idi. Cümə günü işə hazırlaşanda da  yenə növbəti gül dəstəsi və daha bir güldanı istər-istəməz hədiyyə olaraq qəbul etmək məcburiyyətində qaldı. Beləki, bunun belə davam etməsinin mümkün olmaması barədə qəti qərara gəlmişdi. Qəlbi heç cür sözünə baxmasa da, fikrindən dönəsi deyildi. Bu dəfə az qaldı poçtalyon qızla əlbəyaxaya çıxa. Bu hədiyyələri ona göndərənin kimliyini söyləyə bilməyəcəyini israr edən poçtalyon qız yalvar-yaxar dedi: - Xanım, çox xahiş edirəm, bu dəfə də məni sındırmayın, demək məcburiyyətindəyəm, axı, o mənə hər dəfə 100 dollar “zəhmət haqqı” verir, hədiyyələri rəsmi qayadada göndərsə də, özü də şəxsən buna nəzarət edir. Siz də qadınsınız, mən o pullara əməlli-başlı üst-başımı təzələyəcəm, çoxdan gözüm qalan bər-bəzəklərdən məni məhrum etməyin, yalvarıram.Həyatımda ilk dəfə qismətimə belə imkan düşüb. Neçə gündür Sizə dua edirəm, inanın mənə... Sizə söz verirəm ki, bu bir daha təkrarlanmayacaq, axırıncı dəfə olsun...

         Qəlbində  insanpərvərlik bulağı qaynayan Türkay deməyə söz tapmadı. Artıq onun otağında bir-birindən nəfis güllərin suya qoyulduğu beş güldan sıralanmışdı. Təbii ki, bu təkrarolunmaz ovqatla yanaşı onu bir an da olsun rahat buraxmayan suallarsa saya gəlmirdi. Son həftədə üzləşdiklərinə heç cür yozum verə bilmir, hətta, adicə ip ucu belə tapmaq iqtidarında deyildi.  Dərin müşahidəçiliyi ilə seçilən Turan müəllimin bu gün səhər onda sezdiyi müəmmalı dəyişiklik də elə bununla bağlı idi. Türkay sonzus maraqla sabahı, ümumiyyətlə isə bu hadisələrin nə ilə bitəcəyini düşünürdü. Demək olar ki, ötən günlərdə gözünə əməlli-başlı yuxu da getməmişdi. Əvvəlki kimi kimsəyə də bu barədə bir kəlmə deməmişdi...

         İşə gözəl əhval-ruhiyyəyə ilə başladılar. Naharsa lap əsl bayrama çevrildi. Türkayın hazırladığı yeməklərin dadından doymaq olmurdu. O,bu doğum günündən düz bir il ona bəs edəcək qədər mənəvi qida aldı. Kimsə yerdən dilləndi: - Bu gün bizə bu cür ələdüşməz qonaqlıq verdinsə, deməli, sabah evinizdə əməlli-başlı toy-bayramdı?!.

        Diplomatlığı ilə sadəlövhlüyü tən gələn Türkay sual dolu baxışlarla dostlarına sarı yönəldi: - Düzü, dəqiq bilmirəm, valideynlərim rayondadırlar, baba ocağında, inanıram ki, axşama qayıdarlar. Qardaşımın orada da evi var. Papa, mama da elə ki, Novruz bayramı yaxınlaşdı, yazın eşqinə min bir bəhanə ilə üz tuturlar dünyaya göz açdıqları məkana, dağların qoynuna,özlərini verirlər nəvələrinin yanına. Qəribədir, çox diqqət yetirmişəm, insanlar ahıllaşdıqca təbiət onlar üçün daha da doğmalaşır, bir də ki, elə bil,onlar tədricən körpələrlə həmyaşıdlaşırlar. Nəvələrlə baba və nənələrinki yaman tutur, sanki,tay-tuşdular, bir almanı iki bölmüsən.  Şükür, Allahın kəramətinə!!! Birdə ki, düzünü deyək, günahı öz üzərimizdən atmayaq da, axı, bizimki onlarla tam alınmır. Gücümüz salam-kəlama,uzaqbaşı hal-əhval tutmağa yetir.Özü də, internetin virtual anlamda dünyada heç bir sərhəd qoymadığı, planeti məhrəmləşdirdiyi, eləcə də,cəmiyyətin nəinki günlərlə, hətta, dəqiqəbədəqiqə çoxbilmişləşdiyi, nəsillər arasında sürətlə dərin uçurum yarandığı indiki zamanda. Onu da deyim də, təbiətlə qovuşmaq, saatlarla İlahinin bu möcüzəsinə qapılmaq onların şakəridir, xüsusilə yazda. Torpağın qoxusundan, bir-bir çiçəklərin, otların ətrindən doymadan geri qayıtdı yoxdu. İnan ki, mən yadlarına düşməsəm, yəqinki, ən azı baharın sonuna qədər heç Bakıya dönəsi də deyillər.        

Səngiməkdə olan məclisə nöqtəni Turan qoydu: - Çox sağ ol, yaxşı yadıma saldın, mən getdim 10-15 dəqiqəliyə də olsa təbiətlə dərdləşməyə. Valideynlərin düz eləyir, insanın ən böyük dostu təbiətdir. İnsanla təbiət ta əzəldən əkizdir. Sənə də təbiətin xisləti yəqinki elə valideynlərindən keçib. Bahar Çiçəyi, səni doğum günün münasibətilə bir daha təbrik edirəm, bütün arzuların çin olsun...

Hamıya minnətdarlığını bildirən Türkay üzünü Turana tutdu: - Əgər etiraz etmirsinizsə, mən də gəlim, sizin təbiətlə necə dil tapdığınızın sirrindən hali olmaq istərdim?!. İnanıram ki, bunu mənə çox görməzsiniz...

Məsələnin nə yerdə olduğunu göydə tutan Turan dilləndi: - Şərəf verərsiniz, bir də ki, bu gün bizim kollektivin hakimi mütləqi Sizsiniz!!! İstənilən əmrinizə müntəzirik...

Turan əmindi; qadınlar tərifi birdəfəyə həzm etməyi özlərinə yaxın belə buraxmazlar. O, bu reallığı hələ yeniyetməlik dövründə ikən dərk etmişdi. Bilirdi ki, qadınlar  onların ünvanına səsləndirilən xoş sözlərin “şirəsi”ni son damlasına qədər sıxıb çıxarmayınca, bunu qətrə-qətrə, gilə-gilə udmayınca sakitlik tapmazlar. Bu incə məxluqlar , hətta, bəzən daha dolu kəlamların həzzini günlərlə təkrar-təkrar yaşayarlar. Turana o da bəlli idi ki, Türkay isə sıravi, şərti “komplimentlər”ə uyan qadınlardan deyildi. Zəngin mənəvi dünyası və qədərincə həyat təcrübəsi olan bu xanımı yalnız  reallıqdan qaynaqlanan  böyük məntiqlər tuta bilərdi. O da həqiqəti söyləmişdi, özü də,fikri bir anın yox, illərin müşahidəsinə söykənirdi; Türkay doğrudan da bahar çiçəyi idi!!! Sərrafcasına deyilmiş bu kəlam tam Türkayın boyuna biçilmişdi. Əslində, bunu qismən də olsa ona yarı ciddi, yarı zarafat dəfələrlə xatırlatmışdı: - Bu köpək uşağının gözü kordu?!.

       Şən-şuxluğu bir an da olsun əksilməyən Türkay da həmişə  cavabında: -  Görürsünüz də, Turan müəllim, kordu da, kor...- deyirdi.     

         İş yerlərinin ərazisindəki meydançadan Bakı ovucun içindəki kimi görsənirdi. Müstəqillik illərində paytaxtın tanınmaz dərəcədə abadlaşdığı və gözəlləşdiyinə buradan əlini bağrının başına qoyub halalıca şahidlik edə bilərdin. Təbii ki, Bakının hələki həllini gözləyən çatışmazlıqları da bu hündür nöqtədən  aydınca sezilirdi. Bir neçə dəqiqə ərzində lal-dinməz sükutla bu heyrətamiz mənzərəyə hakim kəsilən Turanla Türkay nəhayət ki, mətləbə sarı yönəldilər... 

-      Bahar Çiçəyi, təbiət Ulu Tanrının dərgahına yeganə körpüdür. Təbiəti qədərincə qiymətləndirmədən, duymadan, bu sirri-sehrin mahiyyətinə dolğun varmadan Mütləq Varlığa çıxış yolu tapmaq qətiyyən mümkün deyil. Əgər, bunu bacardınsa, bu ucalığa yüksələ bildinsə, deməli, əminliklə Tanrı ilə söhbətləşə bilərsən. Bu halda həmin söhbət xoşməramlı iki insanın ünsiyyətindən zərrəcə fərqlənməz...

-      Tam razıyam, Turan müəllim, başqası olsaydı, heç vaxt dilimə gətirməzdim. Sizin mənə etibar etdiyinizi bidiyimdən deyirəm,inanın, bu xoşbəxtlik mənə də arada-bir müəyyəssər olur.

-      Qətiyyən şübhə etmirəm. Mən sözlərimə cavabdeh insanam, sənə təsadüfən, ya da gəlişi gözəl anlamda “Bahar Çiçəyi” demirəm ki?!.

-      Çox sağ olun, Turan müəllim, heç bəlkə də, Siz özününüz də tam təsəvvür etməzsiniz ki, hələ indiyə qədər heç bir doğum günümdə mənə belə dəyərli hədiyyə edilməyib.

- Halaldır, bütün məsuliyyətimlə deyirəm, Siz buna layiqsiniz... Bax, fikir verin, bu sal daşlarla tamamilə örtülən meydançada belə insanın təbiətə necə qəddarlıqla qənim kəsildiyinin izləri  ilə rastlaşırıq. Daşların arasındakı gözlə çətin sezilən yarıqlardan kiçicik nəfəslik arayıb boy verən bu bitkiləri görəndə adamın istər-istəməz ürəyi ağrıyır. Hər addımda təbiətin qəsdinə duran insanların əksəriyyəti bu möcüzəli aləmə münasibətdə şöngüyüb marığda duran çaqqallardan demək olar ki, fərqlənmirlər...

-  Elədir, həqiqətən belə hallar bəşəriyyəti dolandıran, ruhunu oxşayan təbiətə qarşı insanın ən böyük ədalətsizliyidir...

-  Axı,bahar, Ulu Yaradanın hayqırtısıdır, insanları paklığa, ucalığa, qurub-yaratmağa, daxili zənginliyə çağırışıdır. Yaz fəsli Tanrının insanlara zahiri və iç gözəllik, yəni bu iki mühüm məqamın vəhdəti barədə ustad dərsidir!!!

-  İlahi,.. Turan müəllim, bu ki, başdan ayağa fəlsəfədir...

-   Türkay xanım, unutmayaq ki,  bütün fəlsəfi tapıntıların açarı da məhz elə ulu təbiətdən əldə olunub... Bilirsiniz, artıq mən tam əminəm ki, bu dünyada  insan kimi qalmaq üçün mütləq gün ərzində  ən azı bir saatlığa da olsa adamlardan aralanıb təbiətlə üzbəsurət olmaq lazımdır.

Ortalığa qısa müddətə sükut çökdü. Ürəklərində götür-qoy etsələr də, hər ikisi nəzərlərini təbiətdən ayıra bilmirdilər. Günəş də onlara gülümsəməkdə, təbiətin hənirtisi aydınca duyulmaqdaydı.  Təbii ki, Türkay özünü yaxşı tanısa da, hər halda “Bahar Çiçəyi” deyiminin tam açılışını maraq edirdi.  Turan isə fikrini cəmləməyə çalışırdı. Axı, qənaətin nə qədər konkret və aydın olursa- olsun belə duyduqlarını sözlə dəqiq və dolğun ifadə etmək heç də asan məsələ deyildi. Nəhayət ki, o, sözə başladı: - Türkay xanım, bilirsiniz, mənim zənnimcə, bahar çiçəkləri Ulu Yaradanın gözəllik etalonudur, ən optimal həddi. Əsl gözəllik, məhz bahar çiçəklərində olur, nə artıq, nə də əskik. Axı, insan səhv edə bilər,Mütləq Varlığın şah əsəri olan təbiətsə qətiyyən. Əgər, tam diqqət yetirsəniz,   bahar çiçəkləri qədər ikinci belə gözəllik timsalı tapmaq mümkün deyil. Bahar çiçəkləri məhz lazımi qədər gözəldirlər, yəni bir növ gözəlliyin ölçüsüdürlər. Səadətə qovuşmaq, sayılıb-seçilmək  istəyən istənilən qadın üçün də gözəllik vacibdir. Qadının daxili dünyası zəngindirsə, çox yaxşı, amma, özü də qədərincə gözəldirsə, deməli, o, Tanrının istəkli bəndəsidir. Fikrimcə, Siz də bu qəbildən insanlardansınız... Bu, bahar çiçəkləri ilə bağlı birinci İlahi məqam... Mənimlə razısınızmı?!. 

Türkay bu suala  sadəcə dərin minnətdarlıq dolu baxışları ilə cavab verdi. Təvazökarlıq bu qızın canındaydı. Bu, da onun bir insan kimi dəyərini daha da artıran üstünlüklərindən biri idi. Turan davam etdi: - Siz məhz bahar çiçəkləri qədər gözəlsiniz, təkrarsız incisiniz, Ulu Yaradanın biçimində gözəlsiniz, cazibədarsınız, şux qamətlisiniz, zərifsiniz, kübarsınız, çöhrənizdən həyat nuru bir an belə əskilməz. Tanrının Sizi qadın yaratdığını heç vaxt unutmursunuz, baxımlısınız, səliqə-sahmanınız həsəd doğurur, daim təravətlisiniz. Müasirliklə milliliyi özünüzdə üzvi şəkildə qovuşdurmusunuz, indiki zamanda bu da hədsiz dərəcədə vacibdir. Həmişə maraqlısınız, zənginsiniz, ovqat yaratmaq bacarığınız yüksəkdir. Sədaqətlisiniz, etibarlısınız və ülvisiniz. Gözləriniz mənalıdır, mehribanlıq yağır. Səsinizin ahəngi ürəyəyatımlıdır, məlahətlidir. Sağlam mühakiməniz var. Yeknəsəq həyatın hər  gününü həzin bəstəyə çevirmək qüdrətindəsiniz.  Sizə layiq ömür-gün yoldaşı qarşınıza çıxarsa, birgə ömürü bahar ovqatlı bənzərsiz nağıla çevirə bilərsiniz. Bir sözlə, səadət çırağısınız, çox güclü, qıvraq,enerjili, saf qadınsınız...

Turan ani fasilədən sonra fikrinin arxasını gətirdi: - Əslində, insanların bitkilərin “nə” sualına cavab verməsi barədə qənaəti də köklü şəkildə yanlışdır. Fikrimcə, hər bir bitkinin, xüsusilə, bahar çiçəklərinin  həssas qəlbi var. Bahar çiçəklərindəki ikinci İlahi məqam onların bağrından qopan tətkrarolunmaz ətri ilə bağlıdır. İnsanı bihuş edən bu rahiyyə İlahi mahiyyətə bürünüb, izahı mümkün deyil. Bahar çiçəklərinin saçdığı ətir insanların iç dünyasını yerindən oynadır, ruhunu oxşayır, təravət bəxş edir. Axı, nə qədər idrakın süzgəcindən keçirsən də, bununla müqayisə ediləcək ikinci nəsnə tapmaq mümkün deyil, həmin danılmaz reallığın fəlsəfəsi mükəmməldir. Sənin də iç dünyan belədir, ətri, rahiyyəsi tükənməzdi. Günəşdə Allahın zərrəsi olduğu üçün nuru əskilməz, Tanrı istəkli bəndələrindən biri kimi sənin də iç dünyanı belə zərrəyə bürüyüb. İşıq saçırsan, nəcibsən,hamıya qarşı həssassan, kiçiklərə də, böyüklərə də.  Bu da düzgün ailə tərbiyəsi almağından, insanpərvərliyindən, çeşmə tək qaynayan xeyirxahlığından, zəngin dünyagörüşündən, dolğun təfəkküründən, özünəməxsus təxəyyülündən qaynaqlanır. Saflığından bərq vuran və bunu apaydınca çöhrənə yansıdan qəlbin xəbislikdən azaddır.  Arı kimi zəhmətkeşsən, alın tərin əskilməz.  Hər bir kəsin sevincinə də, kədərinə də şəriksən, yaxınların, dostların üçünsə bu barədə fədakarsan. Bunu onların bilib-bilməməsi, duyub-duymamasının sənin üçün elə bir fərqi yoxdur.Sənin üçün hallallıq vacibdir, vicdanın qarşısında əməli salehsən. Ulu Yardanın və özünün gözünə dik baxmaq başlıca meyarındır.  Doğmalarına qarşı qayğıkeşsən, səxavətin də sərhədsizdir. Təbii ki, yalnız Ulu Yardan mütləqdir, hər bir insan kimi sənin də xırda-para zəifliklərin var,amma müqayisədə bu heç tərəzinin gözünə qoyulası da deyil. Bahar çiçəklərinin İlahi fəlsəfəyə bürünmüş  gözəlliyi və rahiyyəsindən yaranan, sözlə dolğun ifadə edilməsi mümkün olmayan vəhdət səndə də qabarıqdır. Sən də cəmiyyətin Bahar Çiçəyisən!!!  Tanrı qorusun!!!  

Yenə araya sakitlik çökdü. Türkay lap mat-məəttəl qalmışdı. Ötən müddətdə belə qənaətə gəlmişdi ki, deyəsən, ömrünün axırına qədər kimsə onu olduğu kimi kompleks şəkildə tanıya və qiymətləndirə bilməyəcək. Ona elə gəlirdi ki, deyəsən, artıq meyarlar dəyişib, insanlarda hər kəsə və hər şeyə dar çərçivədə yanaşma üstünlük təşkil etməyə başlayıb. Təzadlı fikirlərin ona güc gəldiyi bir məqamda telefonu zəng çaldı. Anası idi. Türkaya sabah günortaya yaxın gələcəklərini dedi. Qardaşı da ailəvi onu təbrik etmək üçün valideynləri ilə birlikdə səhəri gün Bakıda olacaqdı. Türkaya da möhkəm-məhkəm tapşırdılar ki, qətiyyən özünə əziyyət verməsin, doğum gününə tam hazırlıqlı gələcəklər, milli mətbəximizin ləziz təamları ilə, özü də rayonda biş-düş edilmiş. Onun üzərinə yalnız ya tort bişirmək, ya da mağazadan hazırını  almaq düşürdü.

Turan öz mənəvi borcunu axıra qədər yerinə yetirməyi məqsədəuyğun sayaraq Türkaydan icazə istəyib fikrini davam etdirdi:- Bu qədər müsbət keyfiyyətlərin bir insanda cəmlənməsinə nadir hallarda rast gəlinir. Reallığa qalsa, gərək, ötən illərdə Sizin qapıda elçi qatarı düzlənəydi. Sənin kimi ailə çırağını gur yandıra biləcək xanıma qarşı bu “ögeylik” heç cür anlaşılan deyil. Bu, get-gedə nəsillərin cırlaşdığına, həqiqi meyarların deyil, instinktin, bəsit məqsədli niyyətlərin üstün mövqe qazandığına dəlalət edir...  Təbii ki, Tanrının da insanın bəxt qapısını açması vacibdir. Bir də ki, gənclik illərində insanlar çox vaxt bir addımlıqdakı səadətlərindən qaçırlar, tale onları tamamilə başqa səmtə yönəldir. Özü də göz görə-görə, ağıl kəsə-kəsə. Təəssüf ki, bunun mahiyyətinə bir də əlin bu səadətə yetməyəndə varırsan.

         Bayaqdan  diqqətlə dinləyən Türkay onun dediklərini təsdiqlədi: - Düz deyirsiniz, sözlərinizdə böyük həqiqət var.

         Turan daha bir vacib və həlledici məqama toxundu: - Türkay xanım, ta yeniyetməlikdən bəri fikir vermişəm ki, məqamında qısqandırmağı bacarmayan qadın heç bir erkəyin ürəyində yuva qura bilməz. Əslində, bu eyni ilə kişilər üçün də keçərlidir. Ağıllı-kamallı, namuslu olmaq, o  demək deyil ki, taleyini  zamanın ixtiyarına buraxmalısan, səadətin özünün gəlib səni tapacağına  ümid etməlisən. Qətiyyən!!! Ailə qurmağa hazır olan və bunu qətiləşdirən andan ayıq-sayıq olmalısan. Axı, mahiyyətə varsan, bu baxımdan hər bir kəsin müəyyən zaman kəsiyində cəmi-cümlətanı bir neçə real şansı olur. Ona görə də hər bir şansını qədərincə dəyərləndirib, yüz ölçüb, bir biçməlisən. Beləki, zamana etibar etmək olmaz, amansızdır. Əksər hallarda xüsusilə qızların ən böyük səhvi özlərinə layiq  oğlanları məqamındaca qısqandırmağın vacibliyinə lazımınca əhəmiyyət verməmələri ilə bağlıdır. Məhz bu “soyuqqanlılığ”ın, “diqqətsizliy”in ucbatından çoxları öz qismətlərini qaçırırlar. Közü küləkləməsən, o alova çevrilməz... Türkay xanım,boynunuza alın, yəqinki, Siz də zamanında  belə “taktiki səhv”ə yol vermisiniz?!.

        Söhbətin səmimi axarına etibar edən Türkay dilləndi: - Turan müəllim, vaxtilə mən universitetdə oxuyanda qrupumuzdakı əlaçı oğlanlardan birində bir neçə qızın gözü vardı, düzünü deyim, o cümlədən, mənim də... Qadir adlı bu oğlan həm də çox yaraşıqlı idi. Mən onun gözlərinin dərinliyində özümə qarşı rəğbəti də duyurdum. Qadınlarda  hissiyat güclü olur. Artıq biz ikinci kursda oxuyanda  tezliklə onun təhsilini Moskvada davam etdirəcəyi bəlli oldu. Günlərin birində haradansa onu qısqandırmaq ağlıma düşdü. Ləyaqət çərçivəsini aşmadan ona qarşı doğma münasibətimi kifayət qədər aydın sezdirməyə başladım. Ən azı iki aya qədər ona  “sakitlik vermədim”. Gözlərindən həzin musiqi yağsa da, onun “ məhəbbət mahnı”sı sözsüz olaraq qaldı ki, qaldı.  Qadir üçün əziz olan yalnız kitablar idi. Desəm ki, kitabları valideynlərindən də, doğmalarından da çox sevirdi, qətiyyən yanılmadığıma indi də əminəm. Bir sözlə, kitablar qibləgahı idi. Heç nə söyləmədən, sakitcə sağollaşıb, getdi Moskvaya. Sonradan eşitdim ki, oradan da təhsilini davam etdirmək üçün yollanıb Londona. Arada bir tələbə yoldaşlarımıza, eləcə də, mənə salamlar yollasa da, sonradan bu da kəsildi. Çox sonralar ona Londonda rast gələn tələbə yoldaşlarımızdan birinə artıq İngiltərədə yaxşı biznes qurduğunu, istehsal sahələri yaratdığını demişdi. Onun barəsində bildiyim bu qədərdi. Artıq aradan 20  ilə qədər zaman keçib. İçimdə ondan o qədər çox incidim ki, ötən dövrdə heç evlənib-evlənmədiyi ilə belə maraqlanmadım. Əslində, bu sual həmişə məni düşündürsə də... Turan müəllim, həyatda bir qismət də var, görünür qısqandırdın-qısqandırmadın, talenin sənin üçün seçdiyi öz yolu var...        

      Bayaqdan diqqətlə onu dinləyən Turan dedi: - Ola bilər, sən də haqlısan, amma mən ümumilikdə öz fikrimdə qalıram. Bir də ki, heç vaxt, heç nə gec deyil. Bəzən bircə günün dolğun səadəti belə bütöv bir ömrə dəyər. Qətiyyən ruhdan düşmək lazım deyil, xüsusilə, Bahar Çiçəyinin buna haqqı yoxdur... 

     Beləcə, ümid dolu söhbətlərini başa çatdırıb iş yoldaşlarının yanına qayıtdılar. İşin sonunda Türkayın doğum günün son akkordlarını da vurub şad-xürrəm evə dağılışdılar. 

      İş yerindən ayrılan Türkay özünü evlərinə birnəfəsə çatdırdı. Bir neçə günün içində doğmalaşdığı “güllər”i üçün yamanca  darıxmışdı. Otağına keçməyi ilə elə bil padşahın gül bağçasına düşdü. Sanki dünyanın ən nadir ətirlərinin təkrarolunmaz qoxuları bir-birinə qarışmışdı. İlk növbədə güldanlardakı suyu dəyişdi. Xeyli vaxt güllərlə göz-gözə qaldı. Bu füsunkar mənzərədən aldığı həzzi ən mahir ədiblər belə dəqiqliyi ilə sözə çevirə bilməzdilər. Ötən günlərdə ona sakitlik verməyən suallar da əskilmir, əksinə, daha da çoxalırdı. Ən qəribəsi o idi ki, bu suallar zənciri ona durna qatarını xatırladırdı, dərin narahatçılığı bu həftənin hadisələrinin bağrından qopan xoş müjdəni heç cür üstələyə bilmirdi. Təsadüfən gözü güldanlardan birinin üzərinə nəfiscəsinə həkk edilmiş yarlığa sataşdı. Matı-qutu qurudu. Diqqətini ilk növbədə “Made in United Kingdom” sözləri cəlb etdi. Zəkası iti idi. O andaca yadına Qadir düşdü. Doğrudanmı, uzun illərdən sonra ona gənclik illərinin bətnindəykən üç nöqtəyə çevrilən ilk məhəbbəti yenidən pənah gətirməkdəydi... Ümidi közərsə də, buna bir o qədər inanmağı da gəlmirdi... 

      Tam xoşbəxtliyinin kandarına ayaq basdığına tədricən inamı artan Türkay bir qədər sonra mətbəxdə tükənməz şövqlə sabaha hazırlıq görməyə başladı. Hansı tortu bişirəcəyini dəqiqləşdirdi. Doğum gününün, əslində, yubileyinin rəngarəngliyi üçün planlar cızdı.  Ən adi bir məclisə belə özünəməxsus ovqat qatmaq, təmtəraqlı etmək onun qanından gələn şakəriydi. Əmindi, ən yaxın rəfiqələri də həmişəki kimi onun sevincinə şərik çıxacaqdılar. Bir  neçə günün yarıyuxulu gecələri və gündüzlərin nəhayətsiz suallar burulğanının doğurduğu yorğunluq da öz işini görməkdəydi. Yenidən öz otağına qayıtdı,” gülləri” ilə “sağollaşıb” yatağına uzandı.  Çox keçmədi ki, dərin və şirin yuxuya getdi. Gündüzlər Günəşi andıran çöhrəsi indi ulduzlu gecəyə çıraq tutan Ayı xatırladırdı. Göz qapaqlarında körpə məsumluğu vardı.Kirpikləri mənalı gözlərinin nida işarələrinə bənzəyirdilər... Heç yatanda da yuxusuna girməzdi ki, bu dəfəki doğum günün ən böyük hədiyyəsi Tanrıdan gələcəkdi!!!

Səhər yuxudan duranda yubileyi münasibətilə ilkin olaraq onu “güllər”i salamladı. Güzgünün qarşısına keçdi. Güzgüdə özünə göz vuraraq yarı ciddi, yarı zarafat: - Doğum günün mübarək, Türkay xanım!., - deyərək özünə öpücüklər göndərdi. Bir gözü isə aramsız qapıdaydı. Daxilindən gələn səda bu gün də qapılarının mütləq döyüləcəyini ona pıçıldayırdı. Səhər yeməyini yeyib təzəcə tort bişirməyə başlamışdı ki, kimsə qapılarını yüngülcə tıqqıldatdı. Sanki qəlbinin qapısına ehmallıca toxundular, o andaca ürəyi möhkəm çırpınmağa başladı, az qala köksü yerindən oynaya. Tələm-tələsik özünə toxtaqlıq və yüngülcə sığal verib qapını açdı. Elə ilk baxışdan gözləri bərələ qaldı. Qarşısında nəhəng bir güldanın içində nəfis gül-çiçək çələngi vardı. Bu, əsl sənət incisinin üzərində bir qoşun peşəkarın saatlarla  zərgərdəqiqliyi ilə incəliklərinə qədər çalışdıqları  aydınca bəlliydi. Güldanla birlikdə gül və çiçəklər uca qamətli insana belə boy verərdi. Türkaya nədənsə elə gəldi ki, poçtalyon qız  “qorxusu”ndan bu əsrarəngiz mənzərənin arxasında daldalanıb. Bu heyrətamiz səhnənin təsirindən qopmağa macal tapmamış gözü çələngin üzərindəki lentə taxıldı. Orada onun illərlə intizarında olduğu ikicə kəlmə yazılmışdı: “Mənimlə evlənərmisən?!.”  Onu dəli bir hönkürtü tutdu, əllərini üzündə qoşaladı, bu dəfə göz yaşları selə döndü. Bir neçə saniyədən sonra kiminsə böyük bir nəzakətlə əlini onun çiyninə qoyduğunu sezdi. Əvvəlcə ona elə gəldi ki, bu poçtalyondu. Çiynindəki əldən süzülən doğmalığa qanı qaynayanda isə qeyri-ixtiyari barmaqlarını azacıq aralayaraq qarşısındakına diqqət kəsildi. Bu, o idi, təqribən 20 il öncə həyatında ilk dəfə könül verdiyi şəxs!!!

Modern.az kollektivi  və qələm dostu Akif Cabbarlı adından Azad  müəllimi ad günü münasibətilə təbrik edir və ona yaradıcılıq uğurları arzulayırıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?