Modern.az

Hacıbala Abutalıbovun təşəbbüsü, yoxsa Ümumxalq bayramı?

Hacıbala Abutalıbovun təşəbbüsü, yoxsa Ümumxalq bayramı?

Aktual

12 May 2015, 12:02

 “Gül bayramı” nədir.  Deyəcəksiniz ki, axı bunu anlamaq belə çətin şeydir ki? Gül bayramı 2001-ci ildən hər il mayın 10-u,  Azərbaycana uzun müddət rəhbərlik etmiş Heydər Əliyevin doğum günündə, Bakı şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən bir bayramdır. Artıq 14 ildir ki, mütəmadi davam edir.  Bu bayram rəsmi dövlət bayramı olmasa da, kütləviliyi və bir həftə davam etməsiylə digər bayramlarımızı üstələyir. Amma mənim bu bayrama öz yanaşmam var və mən bu bayrama sadəcə Gül festivalı kimi baxmıram.  

2001-Cİ İL MAYIN 11-İ

AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Günorta 2-də dedilər ki, “Dənizkənarı Milli Parkda Gül bayramı keçirilir. Kameranı da götür, get çək”. Bir an duruxdum. Yeni söz eşitmişdim - “Gül bayramı”.

Düzünü desəm “gül” sözündən xoşum gəlmir.  Tez solur, izi qalmır, ona görə. 20 Yanvar faciəsindən sonra isə xüsusilə qərənfil gülünə bir nifrət  yaranıb məndə. Bu faciədən 25 il keçməsinə baxmayaraq, bu gün də heç kim bir-birinə qərənfil bağışlamır. Yalnız qəbirüstünə gedəndə məhz bu gül yada düşür. Qiyməti də bütün güllərdən ucuz.

Nə isə. Gəlib çıxdıq Bulvardakı “Saat qülləsi”nin yanına. 50-100 metr uzunluğunda bir ərazidə gözəl bir mənzərənin şahidi olduq. Kənardan baxanda bu gözəlliyin  gül, özü də təbii güllərlə, məktəblilər tərəfindən  yaradıldığına inanmadım. Mövzular müxtəlif idi. Azərbaycanın xəritəsi, üçrəngli bayrağı, Prezident Heydər Əliyevin müxtəlif şəkilləri güllərlə çəkilmişdi. Dibçəklər, gül şəkilləri, herbarilər. Güləbənzər don geyinmiş balaca qızlar rəqs edir, şeir deyir, mahnı oxuyurdular. Yaşıl çəmənlikdə dövrə vurub elə otururdular ki, sanki iri, gözəl bir gül kolunu xatırladırdılar. Yalnız yaxınlaşanda bilinirdi ki, bunlar başlarına gül şlyapalar qoymuş, gül çətirlər tutmuş bağça uşaqlarıdır. Hamısı da deyirdi ki, “əmi, bizi çək”. Hamısı öz əl işinin digərlərindən yaxşı olduğunu  sübut etməyə çalışırdı. Dillərində də Heydər babanın adı.

Amma bilmirdilər ki, biz “Xəbərlər”dən gəlmişik. Axşam efirə yalnız bir-iki dəqiqəlik süjet gedəcəkdi. İşimizi bitirib ordan aralanmaq istəyirdik ki, çoxdan tanıdığım rayon Gənclər və İdman idarəsinin işçisi bizə yaxınlaşdı: “Mahir, bəs bizim rayonu çəkmirsən? Bizim əl işləri Suraxanı rayonundakından da yaxşıdır”. Onda bildim ki, mən təkcə Suraxanı rayonunun təşkil etdiyi Gül bayramını çəkibmişəm. Demə, Bulvar boyu, düz Azneft dairəsinəcən Bakının 10 rayonunun hərəsinin açıq hava altında öz Gül bayramı pavilyonu varmış. Beləcə rayonların ərazisini çəkə-çəkə gəlib çıxdım başa.

Ən yaddaqalan isə sonuncu oldu. Stulda əyləşib bizim çəkməyimizi əyri-əyri süzən şişman, qara sifət bir kişi (sonradan bildim ki, rayon İcra Hakimiyyətinin işçisidir) saymazyana bizə tərəf dilləndi: “Nə Gül bayramı, Gül bayramı salmısınız. Bax indi maşınımı verirəm sizə. Gedirsiniz mənim rayonuma. Gözəl bir fontan yaratmışam ki, Bakıda analoqu yoxdur. Gedin onu çəkin verin bu bayramın əvəzinə, deyim ki, “hə”. Yoxsa ki, Gül bayramı”.

Bu əslində tənqid yox,  baş tutmuş, hələ çox illər davam edəcək  ilk Gül bayramına qarşı eşitdiyim ilk qısqanclıq fikirləri idi.  Demə Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Hacıbala Abutalıbovun təşəbbüsü imiş. Belə gözəl alınacağına isə... 


14 YAŞ

İllər keçdi. Gül bayramının məkanı dəyişdi. Miqyası böyüdü. Mayın 10-u, Ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunan Gül bayramı həm də  böyük bir beynəlxalq gül festivalına çevrildi. Yüzlərlə müxtəlif gül növləri məhz bu bayramda Azərbaycana gətirilib, paytaxt sakinlərinin, qonaqların gözünü, ruhunu oxşamağa başladı. Yerli və xarici gül dizaynerləri bu bayramda öz məharətlərini göstərməyə başladılar. Hər il də yeni fantaziyalar, yeni yaradıcılıq ixtiraları, yeni gül növləri, kinolarda gördüyümüz hava şarları. Artıq bu bayramı hər rayon öz ərasindəki parklarda keçirir. Əgər bu bayramın kütləviliyini nəzərə alsaq, təkcə Heydər Əliyev parkına və Qış bulvarına  gələnləri saysaq, bu bayramın böyük ümumxalq məhəbbəti qazandığının, Ümummilli lider Heydər Əliyevə ümumxalq məhəbbətinin daha bir nümunəsinin şahidi oluruq.

ANA, ATA, GÜL, GÜL, GÜL...

Ana və ata. Balacalıqdan bizə ən yaxın, ən əziz olan bu insanlardan nələr istəməmişik ki... Hər şey. Ana, su ver. Ana, yemək ver. Ana, yuxum gəlir. Ata, çipsı al. Ata, kukla al. Ata, gəzməyə, sirkə, teatra, zooparka apar, karuselə mindir. Bütün bunları onlar pul verib bizim üçün alıblar.  

Gül bayramı keçirilən ərazidəyəm. Yalnız bir söz eşidirəm. Balacalar əllərini müxtəlif güllərə uzadaraq  “Ana, gül. Ata, gül” deyərək sevinirlər. Şəkil çəkdirirlər. Valideynlər, əmi, dayı, xala, bibi, baba, nənələr də balacaların bu sevincinə baxıb gülürlər. Onlara ünvanlanan müraciətdən sonrakı “gül” sözü, həm də “gül” feiliylə, gülüş sözüylə əvəzlənir. Lap vergülü götürək. Nə vaxt əzizlərimizə “gül” deyə müraciət edib, tərifləmişik ki?  “Ana gül, ata gül”.

VALİDEYNLƏRİN “ÜSYAN”I

Gül bayramlarına gələnlərin sayı o qədər çox olur ki, sıxlıq yaranmasın deyə, Bakı şəhər İcra Hakimiyyəti kordonlar düzməyə məcbur olur. Valideynlər də “axı, niyə gözləməliyəm ki. Televizorda elan veribsiniz ki, “Gül bayramı” keçirilir, dəvət eləmisiniz. İndi də deyirsiniz ki, gözlə...”. Bir anlıq fikirləşirəm. Görəsən Azərbaycanda keçirilən hansı tədbirə baxmaq üçün bu boyda növbə düzənlənir? Rəşid Behbudov küçəsində 1 saatdır ki, tıxaca düşmüşəm. Həmişə olduğu kimi deyinmirəm. Sevinirəm. Axı bu gün ayın 10-dur. Xalq Ümummilli liderinin doğum gününü elliklə qeyd edir. 

ƏMMA...

Filankəsin maşını var. Görəsən neçəyə alıb? Filankəs bağ alıb. Görəsən neçəyə alıb? Filankəs uşağını xaricdə oxutdurur. Görəsən pulu hardandır? Bu suallara cavab axtara-axtara əlinə kalkulyator götürüb başlayırsan hesablamağa. Demirsən ki, çalışım, özüm də bu pulun yiyəsi olum. Demirsən ki, axı mən onun nəyindən əskiyəm. Axı, həyatda bacarmıram yox, bacarmaq üçün çalışmıram anlayışı var. Bu günün varlıları görəsən kimlərdir? Dünənin kasıb, sadə insanları deyillərmi? Gül bayramının həndəvərində gəzib-dolaşanda bu cür bivec, deyingən insanlara da rast gəlirəm. Əllərində də kalkulyator. “Kimə lazımdır gül. Gülə verdiklərini versinlər mənə xərcləyim”.  Gülə gül kimi baxana yox, küçədə  sərnişinlərə 20 qəpiklik kimi baxan avtobus sürücülərinə oxşayırlar. Burda yaxşı deyiblər e... “Gülə bülbül baxar, qaşqaldaq yox”. Bu cür insanlar  bu bayramın mahiyyətini anlamırlar. Ruh, zövq, gözəllik, bayram anlayışı belələrindən uzaqdır. Yaxşı ki, azdırlar. Bu cür insanlara bir müqayisəni nümunə gətirim.

Toy. Bəylə-gəlin pilləkanları qalxanda kənarda dayanan mələklər onların başlarına nə səpirlər?  Gül ləcəkləri. Zala girəndə atəşfəşanlıq, rəngli şarlar, musiqi və rəqslər. Toyun sonuna isə bunların heç biri qalmır. Lap gül ömründən də az olur. Bütün bunlara pul veririk, amma nədənsə pulla ölçmürük. Demirik ki, boş-boş şeylərə bu qədər pulumuz getdi. Çünki gözəllik pulla ölçülmür. 

“19 MAY – ATATÜRKÜ ANMA, GƏNCLİK VƏ İDMAN BAYRAMI”

19 may tarixini Türkiyədə hamı sevir. Hamı bayram edir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün doğum gününü belə qeyd edirlər. Müxtəlif tədbirlər və idman yarışlarıyla.



HACIBALA ABUTALIBOVUN TƏŞƏBBÜSÜ, YOXSA ÜMUMXALQ BAYRAMI?

14 il əvvələ qayıdıram. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hələ Ümummili liderimiz  Heydər Əliyevin sağlığında  belə bir təşəbbüslə çıxış edib və məhz onun xeyir-duası ilə ilk dəfə Gül bayramı keçirdi. Bu günlər  Azərbaycan xalqı  artıq 14-cü ildir ki, bu bayramı qeyd edir. Əvvəlcə Ümummilli liderin məzarını ziyarət etməklə, onun xatirəsinə hörmət və ehtiramını bildirir. Müxtəlif tədbirlər, konsertlər, velosiped yürüşləri, idman yarışları təşkil olunur. Amma bayramımız bir dənədir - Heydər Əliyev parkında, abidəsi önündə keçirilən  “GÜL BAYRAMI”. Ümummilli liderimizin doğum gününün, insanlara gül və sevinc bəxş edən 14 yaşlı bu bayramın artıq dövlət səviyyəsində bir bayram kimi təsdiq olunmasının, rəsmi istirahət gününə, el gəzintisinə çevrilməsinin məncə vaxtı  çatıb. “10 May – Heydər Əliyevi anma, Gül bayramı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır