Məlum olduğu kimi, Türkiyədə yayımlanan “Ben bilmem, eşim bilir” yarışmasının mayın 11-də yayımlanan bölümü azərbaycanlılara həsr olunub. Yarışda iştirak edən azərbaycanlı cütlüklərdən biri avtomobil qazanaraq qalib olub.
Həmin cütlük Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı olub. Hər kəsin cütlüyü təbrik etdiyi bir məqamda “Qafqazinfo” saytına maraqlı məlumat daxil olub.Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də Az.TV-nin rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alınıb. Kanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az saytına açıqlamasında bildirib ki, bu barədə məlumatı yoxdur: “Məndə verilişdə iştirak etdiyinə görə aparıcının işdən qovulmasına dair hər hansı informasiya yoxdur”.
Modern.az-ın ünvanlandığı “Doğrudanmı “Ben bilmem, eşim bilir” verilişində iştirak etdiyiniz üçün rəhbərliklə aranızda narazılıq yaranıb” sualına cavabında aparıcı Vüsalə Səidi belə bir şeyin olmadığını vurğulayıb.
Gülşən RAUFQIZI