Modern.az

“Kənd Təsərrüfatı ili”nin uğurlu başlanğıcı

“Kənd  Təsərrüfatı  ili”nin uğurlu başlanğıcı

Təhsil

12 May 2015, 17:32



Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalqın etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin əsasını təşkil edən bir prosesdir. Dahi  rəhbərin  təşəbbüsü  ilə  hələ  20-ci  əsrin  sonlarında Azərbaycanda torpaq islahatlarının aparılması, kənd  təsərrüfatı işçilərinə, fermerlərə yardım mexanimlərinin formalaşdırılması, beynəlxalq  təşkilatlarla bu sahədə əhəmiyyətli əlaqələrin qurulması kimi məqsədyönlü işlər  aparılmışdı.  2001-ci ildən təsdiqlənmiş “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı” çərçivəsində görülən işlər ölkədə kənd  təsərrüfatının dirçəldilməsinə, yerli ərzaq məhsulları istehsalının artırılmasına, daxili və xarici bazarlarda bu məhsulların  tələbatına xüsusi  yol açdı.  Hazırda  Azərbaycanda  bir  çox  strateji  məhsullara tələbat  yerli  istehsal vasitəsilə  ödənilir, xarici  ölkələrə məhsul  ixracı  gün-gündən  artırılır.

Bu iqtisadi siyasət platformasının uğurlu  gedişatı Azərbaycan Prezidenti cənab İlham Əliyevin tərəfindən bu gün layiqincə davam  etdirilir. Onun  müvafiq  dövlət  qurumlarına göstəriş və tapşırıqları, qəbul  edilən  sənədlər,  qarşıda  duran  vəzifələrin  müəyyənləşdirilməsi planında  kənd  təsərrüfatı  sahəsinə  diqqətin  artırılması  məsələsi  öncül  yerdə  dayanır.

Bu  yerdə İlham Əliyevin  Nazirlər  Kabinetinin  2015-ci ilin birinci  rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran  vəzifələrə  həsr  olunan  iclasındakı  yekun nitqinə nəzər  salmaq  yerinə düşər: “Bu il “Kənd  təsərrüfatı ili” elan edilmişdir.  Bu da bu  sahəyə  ayrılan  diqqətin  təzahürüdür. Sənaye, kənd  təsərrüfatı  hər  bir ölkənin uğurlu iqtisadi inkişafının  təminatıdır.  Bizim Azərbaycan  əhalisinin  təxminən  yarısı  bölgələrdə, kəndlərdə  yaşayır.  Ərzaq  təhlükəsizliyi bizim  üçün prioritetdir.  Amma biz hələ də ərzaq  təhlükəsizliyini tam  şəkildə  təmin etməmişik. Ancaq bu  sahədə  böyük  yol keşmişik.  Bu gün Azərbaycan özünü  əsas  ərzaq  məhsulları ilə təmin edir.  Bəzən bu məhsullar  üçün lazım olan komponentlər  idxal  edilir.  Bu, bəlkə də birinci mərhələ  üçün məqbul  variantdır.  Ancaq  çalışmalıyıq  ki,  Azərbaycanda  istehsal  olunan bütün məhsulların komponentləri  də  burada  istehsal olunsun, toxumdan  tutmuş, hazır  məhsullara  qədər.”

Cənab Prezidentin bu  fikrindən  yola  çıxaraq  demək istəyirəm ki, “Kənd təsərrüfatı ili”  çərçivəsində müəyyən  edilən  hədəflərə  çatmaqda  aqrar  sahədə  çalışanların  üzərinə böyük məsuliyyət  düşür. 

Azərbaycanda  cənab  Prezidentin  dediyi kimi bir istehsal mühitinin yaradılması  üçün kifayət  qədər  imkanlarımız var. Fəaliyyət  göstərdiyim şimal bölgəsinin - Qusar  rayonunun zəhmətkeş insanları, əlverişli cöğrafi iqlimi, münbit  və məhsuldar torpağı vardır.  Burada  müəyyən  toxum  istehsalı  müəssisələrinin və toxum  saxlayıcı  bazaların yaradılması yerinə düşərdi. Çünki, hava şəraitinin istənilən zaman  respublikanın digər bölgələrinə nisbətən sərinliyi bu sahənin inkişafına xüsusi zəmin yaradır.  Buna   İlham Əliyevin imzaladığı  dövlət  proqramları  da  tam  zəmanət  verir.

Təbii ki,  bizim işimizdə  yaranan bəzi əngəllər  bəzən xırda  xarakter  daşısa  da, məhsuldarlığa  da,  insanlara  lazımi  məhsulların vaxtında və  keyfiyyətli təqdimatına da təsirsiz  ötüşmür.

Mən  2008-ci ildən  Qusarda  sahibkarlıqla  məşğulam. Müxtəlif  vaxtlarda taxıl istehsalı, meyvə-tərəvəz  yetişdirilməsi, toxum istehsalı ilə məşğul oluram. Bu məsələdə  vacib olan məqamlardan biri texnika və gübrə məsələsidir ki, burada “Aqrolizinq” şirkətinin  xidmətlərindən istifadə  edirəm. Pomidor, xiyar, paxla,  badımcan, bibər, kələm, qovun, qarpız kimi  kənd təsərrüfatı məhsullarının istehsalında  hər  iki detal olduqca zəruridir. "Aqrolizinq"  bu  sahədə kənd təsərrüfatı müəssisələri  rəhbərlərinə kifayət  qədər  dəstək  göstərir. Amma  buradakı  texniki vasitələrinin  yenilənməsinə, yeni texnika  növlərinə böyük ehtiyac  var.

Təəssüf  hissi ilə qeyd  edim ki,  onların  təklif  etdiyi modellər  köhnədir, tez-tez  sıradan  çıxır. Məcbur  olub  sahibkar  özü  texnika  almalı olur ki, bu da öz  növbəsində  müəyyən problemlər  yaradır. Bu  sahədə  yenilənmə, yeni  texniki  vasitələrin  olması həm məhsuldarlığın və səmərəliliyin  artmasına, həm qiymətlərin aşağı düşməsinə, həm də  işçilərin maaşının artırılmasına  imkan yaradar. Bölgələrdə kənd təsərrufatı sahəsində müasir texnologiyadan baş çıxaran peşəkar, səriştəli kadrların olmaması da ən aktual problemlərdən biri olaraq qalır. Gənclər arasında ixtisaslı kənd təsərrüfatı mütəxəsisləri azlıq  təşkil  edir.

Məktəblərdə uşaqların əmək dərsləri proqramlarına kənd təsərrüfatı ilə yaxından tanışlığı təmin edən dərslərin salınmasına, bu sahədə mütəxəssislərin yetişməsi üçün uzun müddətli dövlət proqramına ehtiyac hiss  edirik. Əminəm ki,  bu gənclərimizin kənd  təsərrüfatı sahələrinə   həvəs  və istəklərini artmasına  səbəb olar,  onların öz doğma  yurdlarını tərk edərək qazanc dalınca başqa ölkələrə  və şəhərlərə getməsini əngəlləyər. Banklarda   kənd  təsərrüfatı  sahəsində  çalışanlara  kredit  imkanlarının genişləndirilməsi, güzəştli  subsidiyaların artırılması,   yetişdirilən məhsullar  üçün alıcı  təşkilatların  yaradılması  da  işimizdə tez-tez ehtiyac  hiss  etdiyimiz  problemlərdəndir.

Mən işimizdə  rastlaşdığımız  bəzi  məqamları sadalamaqla  bunların  tezliklə öz həllini  tapacağına  əminliyimi  də vurğulamaq  istəyirəm.  Ölkəmizdə kənd  təsərrüfatı  sahəsinin inkişafına  yönəlik  tədbirlərin  intensivləşməsi, həyata  keçirilən islahatlar  bunu aydın şəkildə  göstərir, böyük  ümidlər  vəd  edir. Cənab  Prezidentin   bu  sahədə irəliləyişə  nail olmaq  üçün  göstərdiyi  cəhdlərə  hər bir  vətəndaş  öz  işi ilə  dəstək  durarsa, dövlət  və  dövlətçiliyimiz yolunda vəzifələrimizin yerinə  yetirilməsinə  layiqincə  səy  göstərərsə  “Kənd  təsərrüfatı ili”nin başlanğıcı kimi  sonu da  uğurlu olacaq. Buna  ürəkdən inanırıq.

 

 

Jalə ƏMİRBƏYOVA

Qusar  rayonu, sahibkar

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?