Modern.az

Azərbaycanda qadınlarda xərçəngə yoluxma yaşı gəncləşib - AÇIQLAMA

Azərbaycanda qadınlarda xərçəngə yoluxma yaşı gəncləşib - AÇIQLAMA

Təhsil

13 May 2015, 12:00

Bəzən fikir vermədən üstündən keçdiyimiz adi hallar bizi müalicəsi mümkün olmayan xəstəliklərlə baş-başa qoya bilər. Dövrümüzün bəlasına çevrilən xərçəng xəstəliyi kimi. Bu xəstəliyin ilkin əlamətlərinə əhəmiyyət verilməyəndə insanların bəziləri sonralar müalicə prosesində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir.

Hər il dünyada 1,7 milyon insanın mübtəla olduğu bu xəstəlikdən illik ölüm göstəricisi 8,2 milyondur. Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə görə, 2025-ci ilə kimi bu xəstəliyə düçar olanların sayı 19 milyon olacaq. Ötən ilin statistikasına əsasən Azərbaycanda xərçəngdən əziyyət çəkənlərin sayı 34 min nəfərdir.

Həkimlər ilkin mərhələdə müdaxilə edildiyində xərçəng xəstəliyinin müalicə olunduğunu bildirirlər. Məsələ burasındadır ki, təhlükəsi barədə kifayət qədər məlumatlı olsaq da, xüsusilə qadınlarımız rast gəlinən xərçəngin erkən aşkar edilməsi üçün öz sağlamlığının qayğısına qalaraq ən azı ildə bircə dəfə tibbi müayinədən keçmirlər.

Bəzi ölkələrin praktikasında hətta aidiyyəti qurumlar, qadın təşkilatları, komitələr qapı-qapı gəzərək bu xəstəliyin əlamətləri, fəsadları barədə maarifləndirmə işləri aparırlar. Maraqlıdır, bizdə bu sahədə vəziyyət necədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova Modern.az saytına bildirib ki, Azərbaycanda bu sahədə kifayət qədər iş görülür:

“Son dövrlər qadınlarda xərçəngin yaşı gəncləşib. Azərbaycanda bu sahədə ciddi qanunvericilik var. Artıq bir neçə bu məsələ diqqət mərkəzindədir. Bildiyiniz kimi, ana və uşaqların sağlamlığının mühafizəsi ilə bağlı 2014-cü ildə dövlət proqramı təsdiq olunub. Həmin proqramda xüsusi olaraq ana və uşaqların sağlamlığı nöqteyi-nəzərindən maarifləndirmə işinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi məsələləri qoyulub. Digər tərəfdən, bu sahəyə aidiyyəti olan dövlət qurumları yüksək səviyyədə iş aparır. Bildiyiniz kimi, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən tibbi müayinədən keçmək artıq icbari xarakter daşıyır. Bu da görülən işlər sırasında xüsusi vurğulanmalıdır”.

O qeyd edib ki, komitə vətəndaşlar arasında bəd xassəli şişlərin erkən müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparır: “Komitənin 11 regionda ailə və uşaqlara dəstək mərkəzi var. Həmin mərkəzlərdə maarifləndirmə təşkil olunur. Problemlərin erkən müəyyənləşdirilməsi, profilaktika, tibbi müayinədən keçmənin müsbət tərəfləri barədə söhbətlər aparırıq, bundan əlavə, çap məhsulları-bukletlər hazırlayaraq xanımlara paylayırıq. İnsanlar ən pis halda ildə bir, yaxud iki dəfə tibbi müayinədən keçməlidir. Belə olan təqdirdə müəyyən olunan xəstəliklə mübarizə aparmaq da nisbətən asan olar.

Qanunun qəbuluna, hər cür şərait yaradılmasına baxmayaraq, insanlar öz sağlamlığına laqeyd yanaşır, son məqamda həkimə gedirlər. Nəzərə almalıyıq ki, Ekoloji problemləri, iqlim dəyişikliyini, qidaların tərkibindəki dəyişiklikləri də nəzərə almalıyıq. Buna görə də xəstəlik dərinləşməmiş  yaranan problemin aradan qaldırılmasına çalışmaq lazımdır”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?