Modern.az

Məclis sədri: “Müsavatı sıradan çıxarmaq istəyirlər”

Məclis sədri: “Müsavatı sıradan çıxarmaq istəyirlər”

Təhsil

13 May 2015, 13:33

“İsa bəy Müsavat Partiyası Məclisinin üzvüdür. Hər bir müsavatçı kimi onun da fikir bildirmək haqqı var. Bu haqqı kim onun əlindən ala bilər?”. 

Bunu Modern.az saytına Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

O, bildirib ki, bütün müsavatçılar hər bir məsələyə müdaxilə edir:

“İsa bəy Məclisin üzvüdür. O, hamı kimi yalnız öz fikrini bildirir. Burda qeyri-adi heç nə yoxdur. Kimin əlindən tutub deyir ki, sən bura gəlməlisən, yaxud buradan getməməlisən? Divanda da hər kəs öz fikrini bildirir. Nə üçün istisna olmalıdır ki, İsa bəy fikir söyləyə bilməz?

Nə üçün düşünürlər ki, hamı Arif  bəyin dediyini təkrarlayır? Amma elə deyil. Müsavat müstəqil bir siyasət yeridən partiya olub. Yenə də eyni partiya olaraq qalır. Bilmək istərdim, bir düşərgənin haqlı, digərinin isə haqsız olması haradan qaynaqlanır? Bilmirəm, bunu kim ortalığa atır. Kim özünü və nə üçün daha çox haqlı hesab edir?”.

Nüşabə xanım partiyandan istefa verən üzvlər məsələsinə də münasibət bildirib

“Vurğun Əyyub özək tərəfindən partiyadan çıxarılıb. Mən Divanın bütün iclaslarında iştirak edirəm, Divanda gedən prosesləri izləyib nə baş verdiyini görürəm. Mən bilirdim ki, bu məsələ Divanda qaldırılmayıb. Yəni Vurğun bəyin Müsavatdan çıxarılması məsələsi Divanda həll olunmayıb. Onu özəyin gecə keçirilən iclasında partiyadan çıxarıblar. Əgər özək onu hansısa sayğısızlığına görə çıxarırsa, niyə bu rəhbərliyin üstünə atılmalıdır? Niyə sorğusu rəhbərlikdən alınmalıdır? Mən bunu anlaya bilmirəm.

Ellada xanımın da Divana dəvət olunması xəbəri mətbuatda gedib. Guya onun məsələsi Divanın iclasında müzakirəyə qoyulacaq. Onu qeyd edim ki, Divana dəvət olunmaqda qeyri-adi bir şey yoxdur. Bütün müsavatçılar Divana dəvət oluna bilərlər. Divan təkcə cəza vermək üçün deyil. Divan fikir dinləmək və göstəriş verməkdən ötrüdür. Ellada xanım heç Divana da dəvət olunmayıb. Heç bu haqda Divanda söhbət belə getməyib.

Mənim fikrimcə, hər kəsin bir dözüm dərəcəsi var. Məni ağrıdan odur ki, hətta adlarını belə çəkib deyə bildiyim insanlar 2003-cü ildən bəri heç Müsavatda tanımayıblar. Partiyanın hər hansı tədbirlərində belə iştirak etməyiblər. Müsavatın varlığından və ya yoxluğundan xəbərləri olmayan adamlar indi təmtəraqla partiyadan istefa verirlər. Bu nə deməkdir? Onların kiminsə iradəsi ilə iş gördüyünü, yaxud satqın olduqlarını iddia etmək o demək deyil ki, onları mütləq kimsə yuxarıdan idarə edir. Bu adamlar iqtidarın görmək istədiklərini göstərirlər. Bütün zamanlarda Azərbaycan müxalifətinin ana partiyası Müsavat olub. İqtidarın da ən böyük maneəsi Müsavatdır. Müsavatı sıradan çıxarmaq istəyirlər. Zaman-zaman bəzi partiyalar parçalanıb dağıldı. Yalnız Müsavata heç bir şey edə bilmədilər. Bu da İsa bəyin iradəsinin nəticəsi idi. Ona görə hazırda mübarizə iqtidar və Müsavat arasındadır. İqtidarın oyunlarına rəvac verən, onların əlində oynayan insanlara satqın deməyib, nə deyəsən?”

Sevinc Yasinqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?