
Suriyada 3 il ərzində məxfi şəraitdə çıxarılan rəsmi sənədlər prezident Bəşər Əsədə və daha 24 yüksək rütbəli suriyalı məmura qarşı cinayət işinin başlanmasına səbəb ola bilər. Modern.az İngiltərənin “Guardian” qəzetinə istinadən bildirir ki, Beynəlxalq Ədalət və Məsuliyyət Komissiyası (CİJA) bununla bağlı hesabat verib. ABŞ, Almaniya, İsveçrə, Kanada, Danimarka və Norveçin maliyyələşdirdiyi komissiya Əsəd rejiminin 2011-ci ildən bəri törətdiyi cinayətlərdə birbaşa məsuliyyət daşıdığını məhz həmin sənədlərin köməyi ilə sübut edəcəklər.
Sənədlər 50 nəfərdən ibarət suriyalı müstəntiqlər qrupu tərəfindən 3 il ərzində ABŞ kəşfiyyatına ötürülüb. Məlumatlar Əsədin etirazlar başlandığı andan etibarən hərbi qüvvələrə güc tətbiq etmək hüquq verdiyini və minlərlə insanı həbs etdirdiyini deyib. Hazırkı məqamda 50 nəfərlik müstəntiq qrupundan 1 nəfərin öldürüldüyü, 1 nəfərin ağır yaralandığı və daha bir neçəsinin həbsə atıldığı məlumdur. “Guardian” qəzeti ötürülən sənədlər əsasında Bəşər Əsəd və yaxın çevrəsinin beynəlxalq məhkəməyə cəlb olunacağına ümidlərini ifadə edir. 2011-ci ilin mart ayından Suriyada başlayan vətəndaş müharibəsi ən azı 200 min insanın həyatına son qoyub.
Vüqar İsmayılov