“Olur , olur, belə işlər də olur” silsiləsindən
Əliqardaş kişinin övlad sarıdan bir oğlu, iki qızı var idi. Qızlarını ər evinə köçürmüş, oğlunu da evləndirmişdi. Pensiyaya çıxandan həyətyanı təsərrüfatla məşğul olur, kiçik ailəsini korluq çəkməyə qoymurdu. Oğlu Əliş də az-çox qazanırdı. Köhnə “Jiquli” si ilə gəzib-dolanır, beş-on müştərisini kənddən rayon mərkəzinə aparır, axşam da həmin adamların hansı rast düşdü, geri gətirirdi. Sərnişini olan, rayon mərkəzində cürbəcür işlərdə çalışan kəndlilərinin bəziləri ilə möhkəm dostlaşmışdı da. Tez-tez kəndin kənarındakı “Yaşıltəpə” kafesində oturub nərd oynayır, arabir boğazlarını da isladırdılar.
Atası Əlişin bircə xasiyyətindən narazı idi. Oğlu tanış-bilişi ilə olduqca çox vaxt keçirir, evə gec qayıdırdı. Gələndə də adətən sərxoş olur, ağzına gələni danışırdı. Danlananda isə dostlarının ona çox yaxın, sadiq olduğunu iddia edir, Əliqardaş kişinin məzəmmətlərini qulaqardına vururdu. Bir gün atası Əlişi yanında otuzdurub möhkəm danladı, hər yoldan ötənlə dostluq eləməyin nə vaxtsa pis nəticələnəcəyini yadına saldı. Əliş də Həştərxan xoruzu kimi dik dayandı, dostlarının sadiqliyini, ona qardaşdan artıq olduğunu sübut etmək üçün çeşidli sözlər axtarıb tapdı.
-Bilirsən, ata, o uşaqlar ki, var, mən onlarla oturub-dururam, lap başlarını istəsəm məndən əsirgəməzlər.
-Yaxşı, yaxşı, mübahisə eləmə, həyat hər şeyi özü yoluna qoyur. Sağlıq olsun, sınaqdan çıxararsan, onda kimin kim olduğu bəlli olar. Mən onların nəslini-nəcabətini tanıyıram. Atalarının da nə yuvanın quşu olduğunu yaxşı bilirəm.
-Ata, bu yaşa çatmısan, Hidayət kişidən savayı dostun yoxdu. İndiki zamanda dostun-tanışın çox olmalıdır. Yoxsa basıb yeyərlər səni.
Əliqardaş kişi oğlunun bu “fəlsəfi” fikirlərinə qarşı daha bir söz demədi. İki gündən sonra qaş qaralan vaxt Əlişi yanına çağırdı. Həyətlərindəki qoçlardan birini qocaman tut ağacının altına çəkdi.
-Əliş, bu heyvanın ayaqlarından möhkəm yapış, kəsəcəyəm
-Niyə kəsirsən ata, qonağımızmı olacaq?
-Yox, sonra özün biləcəksən hər şeyi.
Əliqardaş kişi qoçu kəsib səliqə ilə soydu, şaqqalayıb elə qanlı-qanlı ağ mələfəyə bükdükdən sonra maşının yük yerini açdırıb ora yerləşdirdi. Sonra əllərini yuyub evə keçdi. Bir azdan nimdaş da olsa səliqəli kostyumunu geyinib həyətə çıxdı.
-Hə, indi otur maşına, gedək dostlarından hansını istəyirsən onun qapısına. Amma bircə kəlmə də dinib-danışma. Hər şey mənlikdir.
Əlişin razılaşmaqdan savayı əlacı qalmadı. Atasının bu müəmmalı hərəkəti heç cür ona çatmırdı. Qoçun kəsilməyi, atasının təklifi ona zülmət kimi qaranlıq gəlirdi.
Ata ilə oğul bir azdan Əlişin lap yaxın dost saydığı Mərdanın evinin qənşərində idilər. Zəif işıqlanan darvazanın qarşısında maşını saxlayıb qapının zəngini basdılar. Bir azdan Mərdan darvazanı açıb qarşısındakıları görəndə xeyli təəccübləndi.
-Əliş, qardaş səndən nə əcəb,axı heç xəbər də eləməmisən. Əlqardaş dayı, keçin içəri, xoş gəlmisiniz.
-Yox ay bala, içəri keçməyə halımız yoxdur. Gədənin əlindən xəta çıxıb. Magistralda rastlaşdığı yad bir adamla mübahisəsi faciə ilə qurtarıb. Heç tanımırıq da. Bu axmaq uşaq heç nəyin üstündə o kişini qanına qəltan eləyib. Yaxşı ki, meyidi tez götürüb qoyub maşına, arxada baqajdadır. Gəl sən də kömək elə, hələlik sizdə gizlədək, sabaha Allah kərimdir, görək nə edirik...
Mərdanın sifəti döndü nə döndü.
-Nə danışırsan a kişi, tez çıxın gedin buradan, zibilinizi məndən uzaq edin.
Elə bu sözləri deyib darvazanın arxasında yox oldu.
Qısa söhbətədn şoka düşmüş Əlişi atasının səsi ayıltdı.
-Hə necədir, oğul ? Dostunun münasibətini gördün də... İndi hansının qapısını döyək?
-Ata, Namiqgilə gedək. O, məni özündən də çox istəyir.
Getdilər. Namiq darvazanın önündə dayanan Əliqardaş kişini heç ağzını açmağa da qoymadı. Görünür, Mərdan zəng vurub ona məsələni anlatmışdı. Hirsli-hirsli kişinin üstünə çımxırdı.
-Oğlunu da, maşındakı meyidinizi də götürüb sürüşün burdan, elə eləməyin ki...
Səssiz-səmirsiz maşına əyləşib aralandılar. Əliqardaş kişi oğluna dedi ki, indi maşını sür mənim bu dünyada yeganə dostum olan Hidayət kişinin məhləsinə. Hidayətin evi kəndin lap qırağında, meşəyə bitişik yerdə yerləşirdi. Qapının zənginə özü çıxdı.
-Ay Hidayət, bəs başıma iş gəlib axı... Bizim gədə yamanca ilişib. Qısası adam öldürüb. Meyidi də maşındadır. Bu gecəlik sizdə yerbəyer edək sabah görək axırı nə olur. Gumanımız sənədir.
Hidayət kişi Əliqardaşı, sonra da Əlişi qucaqlayıb təskinlik verdi.
-Qardaş, kişinin başına iş gələr. Buyurun içəri, çoxdandır biz tərəfə gəlmirsən, oturub bir qismət çörək kəsək, sonra məsələni bir yön üstünə qoyarıq.
Maşını həyətə saldılar. Əliqardaş oğluna him elədi.
-Götür baqajdakını gətir bura. Hidayət əmin ləzzətli bir kabab çəksin bizə. Gecə uzundur, bir yaxşı vaxt keçirək. Bu kişi sən deyən dostlardan deyil bala. Mərd insandır, kişi oğlu kişidir.
Hidayət məsələdən agah olandan sonra şaqqanaq çəkib güldü.
-Əliş, bizim dostluğumuz ağır sınaqlardan çıxıb. Hər yoldan ötənə, üzünə gülənə, badə dalından xoruzlananlara arxayın olma. Dişinə vur yoxla, sonra ürəyində yer elə insana.
Əliş tutulmuşdu. Atasının hərəkəti ona əsl dərs olmuşdu.
Hidayət kişi dostunun gətirdiyi erkəyi doğrayıb yaxşıca bir kabab çəkdi. Süfrə ətrafında təzəcə oturmuşdular ki, darvaza döyüldü. Gələn sahə polis müvəkkili idi. Ev sahibi onu da stola dəvət elədi.
-Ay Hidayət kişi, təklifinə görə çox sağol, həyətindəki bu maşınla nə gətiriblər? Baxış keçirməliyəm.
-Nə olacaq rəis, dostum bir erkək kəsib gətirib, indi kabab bişirirəm, inşallah bir yerdə nuş edəcəyik.
Əlişi isə yaman fikir götürmüşdü - görəsən ay Allah, bu xəbəri polisə hansı dostum çatdırıb?..
P.S. Bu yazı vaxtı ilə babamın danışdığı bir rəvayət əsasında hazırlanıb. Sadəcə köhnə əyyamlarda, kişilərin hələ at üstündə olduğu zaman baş verənləri müasirləşdirib təqdim etdim ki, indiki cavanlar rahat başa düşsünlər.