Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Vəkil Elmar Süleymanov Moden.az saytına bildirib ki, prosesdə iş üzrə təqsirli bilinən şəxslər də iştirak edib: “Təqsirləndirilən şəxslərdən Ruslan Mustafayevin hüquqlarını müdafiə edən vəkil olaraq məhkəmədən tələb etdim ki, onun evində aparılan baxışın (axtarış) videosu tədqiq edilsin. Onun evində aparılan baxış prosessual qanunvericiliyə ziddir. Bildirdim ki, bu baxış Ruslan Mustafayevin anasının razılığı olmadan aparılıb. Bu da o deməkdir ki, razılıq olmadan baxış keçirilə bilməz. Bunun üçün mütləq məhkəmənin qərarı lazımdır. Yaxud baxış keçirildikdən 24 saat sonra məhkəməyə məlumat verilməli idi. Ancaq onlar bunu etməyiblər.
Videoda görünür ki, Ruslan Mustafayevin evindən saat qabının içindən güllələr çıxıb. Çəkilişdə bu patronların haradan və necə çıxması görünmür. Burdan bu qənaətə gəlmək olur ki, axtarışı bir yox, bir neçə nəfər aparıb. Buna görə də video gah birini, gah da o birini çəkib.
Əvvəlki məhkəmələrdə də bildirdik ki, bu patronların Ruslan Mustafayevlə heç bir əlaqəsi yoxdur. Çəkilən video bir daha onu sübut etdi ki, patronların onun evindən çıxması şübhəlidir. Əgər doğurdan da patronlar Ruslan Mustafayevə aiddirsə, deməli, ən azından onun barmaq izləri orda olmalıdır. Buna görə məhkəmədən tələb etdik ki, patronların ekspertizası keçirilsin və müəyyən edilsin ki, o patronlarda Ruslan Mustafayevə aid barmaq izləri var, ya yox. Mayın 18-nə təyin olunan məhkəmədə bu vəsatətə baxılacaq”.
Elmar Süleymanov onu da əlavə edib ki, iş üzrə 6 təqsirləndirilən şəxs var: “Bu məhkəmədə hüquqlarını müdafiə etdiyim Tural Həsənov və digər şəxslərlə bağlı müzakirə olmadı”.
Ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 nəfər Azərbaycan vətəndaşı – Soltan Yusifov, Taleh Soltanov, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov, Vüqar Dursunəliyev və Elşən Qurbanlı şübhəli şəxs qismində saxlanılıblar.
Həsənov Tural Namiq oğlu Cinayət Məcəlləsinin 12.1., 279; 12.3., 28, 214.2.1.; 12.3., 28, 214.2.3. və 12.1., 218.2.-ci maddələri ilə
Mustafayev Ruslan Azər oğlu isə 228.1; 12.1, 279.1; 12.3, 28, 214.2.1; 12.3, 28, 214.2.3; 12.1, 218.2; 12.1, 28, 279.1; 12.1, 28, 218.2 -ci maddələri ilə təqsirləndirilir.
Yeganə OQTAYQIZI