Modern.az

Azər Həsrətə qarşı Facebook təxribatı

Azər Həsrətə qarşı Facebook təxribatı

26 Sentyabr 2010, 17:19

34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş müstəqil jurnalist, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət Facebook təxribatı ilə üzləşib. Azər Həsrətin seçki qərargahından Modern.az-a verilən bilgiyə görə, hələlik kimliyi müəyyən edilməmiş şəxs(lər) ondan xəbərsiz Facebook-da “Azər Həsrət – Bizim Başbuğ” adlı səhifə açaraq türk milliyyətçilərini təhqir edən yazılar yazmaqdadır. Səhifənin əsas qayəsi Azər Həsrətin adından türk kimliyini təhqir edərək insanlarda ona qarşı təpki oyatmaqdır. Bu səhifəni bəyənənlər arasında Azər Həsrətin yaxın ətrafından dostları olsa da, sonradan onlar oyuna gəldiklərini anlayaraq bundan şikayətçi olublar.

Məsələylə bağlı münasibətini öyrəndiyimiz Azər Həsrət bildirib ki, belə bir səhifənin qurulması haqqında ona dostları bilgi veriblər. Hətta onlar bu adda səhifənin qurulmasını məmnunluqla qarşılayıblarmış. Ancaq sonradan həmin səhifənin çirkin əks-təbliğat amaclı olduğunu öyrənincə Facebook inzibatçılarına şikayət ediblər.

Belə bir təxribatın hardan qaynaqlandığına gəlincə, Azər Həsrət bunu “əxlaqı və şərəfi qüsurlu adamlar”dan gözlədiyini bildirib: “Son zamanlar türk dünyasının birliyi üçün olduqca ciddi addımlar atmaqdayıq və bu da bizim ülkümüzə qarşı olanları ciddi rahatsız etməkdədir. Ağlı sapıq olanlar üçün türk dünyası, Bütöv Azərbaycan, Turançılıq ülküsü sadəcə anlaşılmaz olduğundan onlar bununla öz səviyyələrində məzələnməyi özlərinə rəva görə bilirlər. Bunların əxlaqında və şərəfində ciddi qüsurlar var. Belə olmasaydı öz milli kimlikləri ilə bu cür “zarafat” etməzdilər”.

Qeyd edək ki, “Azər Həsrət – Bizim Başbuğ” adlı səhifədə onun adından türkün müqəddəs simgələri olan Ergenekon, Bozqurd kimi dəyərlərə sayğısızlıq edilir.

Bu təxribatın deputatlığa iddia edən rəqiblərindən qaynaqlana biləcəyi haqqında ehtimala da münasibətini açıqlayan Azər Həsrət deyib ki, onlardan belə bir şey gözləmir: “34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin demək olar ki, heç biri informasiya-kommunikasiya texnologiyalarından yetərincə baş çıxaran insanlar deyil. Bu dairədə tək namizəd olaraq yalnız mənim bu sahədə geniş təcrübəm var. Həm də nəzərə almaq lazımdır ki, bu səhifə hələ seçkilər başlanmamışdan öncə dövriyyəyə buraxılıb. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, həmin səhifəni bəyənənlər arasında mənə qarşı davamlı təxribatları ilə diqqət çəkən müxalif partiyalardan birinin tərəfdarları çoxluq təşkil edir. Bu da çamurun haradan atıldığına bir işarədir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi