Mərkəzi Bankın fevralın 21-dəki məzənnəsi istisna olunmaqla valyuta dəyişmə məntəqələrində avro son 5 ildə ən baha kursla satılır. Modern.az saytının xəbərinə görə, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, dünya bazarında avronun dollara məzənnəsində müşahidə edilən yüksəliş Avropa pulunun Azərbaycanda da bahalaşmasına səbəb olub. “Avronun manata nisbətən möhkəmlənməsi təbii ki, bu ilin fevralında milli valyutamızın məzənnəsinin aşağı düşməsi ilə də birbaşa bağlıdır. Avropa pulunun dünya bazarında bahalaşmasının əsas səbəbi bu həftə açıqlanan ABŞ-ın aprel ayı üçün pərakəndə satış rəqəmlərinin neqativliyi ilə əlaqədardır. Kifayət qədər bədbin rəqəmlər ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların neqativləşməsinə və bununla da dolların dünya bazarında mövqelərinin zəifləməsinə səbəb oldu. Praktik olaraq, dolların son illərdəki möhkəm məzənnəsi digər aparıcı ölkələrin, eləcə də avro zonanın mərhələli sağalmasına təsir göstərdi. Nəticədə ixrac imkanları məhdudlaşan ABŞ-da makro-iqtisadi proqnozlarına düzəlişlər edildi. Bu həftə Birləşmiş Krallıq və Avstraliyada da milli valyutaların məzənnəsində möhkəmlənmə qeydə alındı”.
İqtisadçı onu da qeyd edib ki, Yunanıstanın da borc öhədliklərini mərhələli yerinə yetirməsi də avronun məzənnəsinə müsbət təsir göstərməyə başlayıb: “Eyni zamanda, Avropa Mərkəzi Bankının Mayın 13-dəki açıqlamasında avro zona iqtisadiyyatının aprel ayında 1,0 faiz artdığı bildirildi. Bu isə sözügedən zonada rüblük 0.4 faiz artıma nail olunması deməkdir. Avropa iqtisadiyyatı üçün tam rəqəmli artım indiki məqamda avropalılar üçün olduqca arzu olunan rəqəm hesab edilə bilər. Bu eyni zamanda Avropanın vahid valyutasının məzənnəsinə müsbət təsir göstərməkdədir. İngiltərə Bankının avro zonadan kənarda qalan Böyük Britaniya üçün açıqladığı nikbin rəqəmlər də dünya bazarında dollara təzyiqi artırdı.
Hələlik investorlar avroya böyük həcmdə vəsait yönəltməyə tələsmirlər. ABŞ-da aprel ayı üçün rəqəmlərin pisləşməsinin bu ölkənin qərb sahilində pis hava şəraiti ilə də izah edilir. Buna görə də, may ayının yekunların investorların qərarlarına təsir göstərəcək. Bununla yanaşı, uzun müddət möhkəm qalan dolların ABŞ üçün “baş ağrısına” çevrilməsi şübhəsizdir. Buna görə də, güman olunur ki, Vaşinqton dolların mərhələli zəiflənməsində maraqlı olacaq. Hələlik isə kəskin azalmalar proqnozlaşdırılmır”.
Gülşən RAUFQIZI