Emin Həsənli,
Politoloq
Demokratiya və insan haqları böyük dövlətlərin əlində təzyiq vasitəsinə çevrilib.
Müasir dövrdə dünyada ən problemli mövzulardan biri ikili standartlar məsələsidir. Bu mövzu o qədər aktuallaşıb ki, artıq dünyanın istənilən ölkəsində bununla bağlı müzakirələr gedir. Əksəriyyət qəbul edir ki, dünya siyasi sistemində, beynəlxalq arenada bir çox problemlər məhz bu münasibətdən yaranır. Dünya problemlər içərisində boğulur, hansı regiona baxarsaq orada həll edilməmiş münaqişələr, böyük dövlətlərin maraqları naminə daha kiçik dövlətləri qurban vermələri, transmilli korporasiyaların ictimai siyasi xadimlərə sui qəsdlərdən tutmuş dövlət çevrilişlərinə qədər ağır cinayətlər törətmələrinin şahidi olaraq. Azərbaycan olaraq artıq uzun müddətdir ki, bu münasibəti biz də özümüzə qarşı hiss edirik, görürük.
SSRİ dövründə bu ayri-seçkilik riyakar siyasətlə üzləşən Azərbaycan müstəqillik qazandıqdan sonra da eyni münasibətlərə məruz qaldı. Bu dəfə isə başqa yerdən-Qərbdən. Müstəqilliyin qazanılması ilə eyni zamanda Ermənistanın dövlət səviyyəsində terrorçuluq fəaliyyətinə başlaması dünya ölkələrinin məsələyə münasibətini aydınlaşdırmağa da kömək etdi. Qəribədir o zaman Ermənistan tərəfindən terrora məruz qalan, əraziləri işğal olunan, əhalisi soyqırıma məruz qalan Azərbaycan olsa da, Qərb ölkələri Ermənistanı dəstəklədi. İndi ABŞ-ın dövlət katibi olan Con Kerrinin müəlliflərdən biri olduğu 907-ci düzəliş Konqresdə qəbul edildi. Bu düzəliş ABŞ-ın dövlət səviyyəsində Azərbaycana yardımını qadağan edirdi.
Yəni bu addımla ABŞ rəhbərliyi faktiki olaraq Ermənistanı dəstəklədiyini təsdiqləyirdi. Halbuki, o zaman Ermənistan dövlət səviyyəsində bir çox terror aktına imza atmışdı. Bu düzəlişin təsdiqi ilə ABŞ açıq şəkildə Xocalı Soyqırımını törədənlərinə dəstək verdiyini elan etdi. Səbəb isə Con Kerri və digər ermənipərəst konqresmenlərin erməni lobbisi tərəfindən maliyyələşdirilməsi, onların müəyyən mənada xristian olan Ermənistanı din qardaşı kimi dəstəkləmək arzuları idi. Bəli, böyük dövlətlər üçün ədalət anlayışı yoxdu. Onlar üçün yalnız və yalnız iqtisadi, siyasi maraqlar var və bu maraqların təmin edilməsi üçün istənilən addımı atmaqdan çəkinməzlər. Bunu Vyetnam, İraq, Əfqanıstan və.s ölkələrdə törədilən vəhşiliklər, bütöv şəhərlərin məhvi, insanların kütləvi öldürülməsi kimi hadisələr sübut edir. Ötən əsrin sonlarından Aəzrbaycana qarşı tətbiq olunan qarayaxma kampaniyası bugün də davam edir. Maraqlıdır ki, regionda Azərbaycanın xeyrinə hansısa bir hadisə olduqda bu kampaniyalar daha həyasız və şərəfsiz xarakter alır.
Bunu Avroviziya mahnı müsabiqəsi ərəfəsində də müşahidə etmişdik. Digərləri kimi bu kampaniya da uğursuzluqla nəticələnmişdi. Çünki müasir azad informasiya axını şəraitində insanları aldatmaq, dezinformasiya yaymaq o qədər də asan deyil. Dünyanın istənilən ölkəsində insanlar Azərbaycan haqqında əsl həqiqətləri öyrənə bilərlər və təbii ki bu anti Azərbaycan mövqeyində olanların çirkin niyətlərinin reallaşmasına imkan vermir. Çünki sadə insanlar anlaya bilmirlər ki, özlərini azadlıq, demokratiya qalxanı kimi təqdim edən bəzi beynəlxalq QHT-lər, dövlət xadimləri nə üçün işğal olunmuş əraziləri, öz yurd yuvalarından didərgin düşmüş milyondan artıq insanın problemlərindən deyil, hansısa cinayətə görə həbs edilmiş bir neçə nəfərin mənafeləri uğurunda mübarizə aparırlar. Qərbin ikili standartı özünə bütün sahələrdə göstərir.
Ötən ay Avropa Parlamenti tarixdə olmamış bir hadisə, qondarma “erməni soyqırımı” haqqında sənəd qəbul etdi. Hansı ki, Xocalı Soyqırımını törətmiş Köçəryan, Sərksiyan bugün Avropa paytaxtlarında rahat gəzir, prezidentlər tərəfindən qəbul olunurlar. Özünü demokratiya qoruyucularından hesab edən Fransa prezidenti olmayan soyqırımızı yad etmək üçün İrəvana gəlir. Tarix həmişə qəribə təzadlara, məzhəkələrə şahidlik edib. Fikir verin, qondarma “erməni soyqırımı” yad etmək üçün İrəvana gələn Fransua Olland, Vladimir Putin və çox sayda Qərb diplomatı, siyasi xadimi əsl soyqırım törətməkdə iştirak etmiş, etnik zəmində cinayətlər törətmiş Sərkisyanla çiyin-çiyin durdular. Qəribə mənzərədir- qatillə oturub insanlıqdan dəm vurasan. I Avropa Oyunları ərəfəsində Qərbdə bəzi dairələr Azərbaycana qarşı daha quduzcasına hücuma keçiblər. Bu yaxınlarda mətbuatda gedən sənədlərdən aydın oldu ki, antiAzərbaycan “əməliyyatları” üçün yeni mərkəz yaranıb. ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisində yeni hücumlar üçün strategiya cızılıb. Onların vasitələri isə həmişəki insanlardır. Rəngli inqilablara külli miqdarda vəsait sərf edən qərb donorları Azərbaycandakı agentlərinin həbsindən sonra onları xilas etmək üçün geniş miqyaslı hücuma keçib. Müxtəlif cinayətlərə görə, xüsusilə də maliyyə cinayətlərinə görə həbs edilmiş insanları siyasi məhbus kimi qələmə verməklə ölkəmizə qarayaxmağa çalışırlar.
Çünki, Azərbaycan onların gözlədiyinin əksinə olaraq, Gürcüstan, Ukrayna kimi ölkələrdə baş verən fəlakətləri yaşamadı, Azərbaycan rəhbərliyi siyasi iradə ortaya qoyaraq ölkənin inqilablara, iqtisadi böhranlara, dövlət çevrilişlərinə sürüklənməsinə imkan vermədi. Azərbaycan Qərbin istəyinin əksinə olaraq Rusiyaya qarşı Soyuq müharibəyə qoşulmadı. Müasir gərgin beynəlxalq münasibətlər sistemində neytral mövqe ortaya qoyan Azərbaycan rəhbərliyi eyni zamanda açıq şəkildə Qərbi ikili standartlar prinsipi ilə işləməkdə ittiham edir. Beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, vaxtında Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək verilsəydi bugün Ukraynada eyni problem baş verməzdi. Bu həm də o deməkdir ki, siz öz ədalətsizliyinizin, riyakarlığınızın cəzasını çəkirsiniz. Bir müddət əvvəl İranın nüvə problemi ilə bağlı Qərb İrana embarqolar tətbiq edərkən, İranla münasibətlər pisləşərkən bəzi dairələr Azərbaycanı İrana qarşı qoymağa, Azərbaycandan təsir vasitəsi kimi istifadə etməyə çalışırdılar.
Ancaq Azərbaycanın siyasi rəhbərliyinin uzaqgörən siyasəti İranla münasibətləri daha inkişaf etdirmək üçün atdığı addımlar bugün özünü tamamilə doğruldur. Vaxtilə İrana qarşı mübarizəyə qoşulmamasına görə Azərbaycana təzyiq edən qüvvələr bugün Rusiyaya qarşı istifadə etmək üçün İranla dostlaşıblar. Əgər Azərbaycan vaxtında onların tələbini yerinə yetirsəydi indi qonuşu bir ölkəylə gərgin münasibətlərimiz ola bilərdi. Bütün bunlar sübut edir ki, hazırda demokratiya, insan hüquqları yalnız bir vasitədir. Böyük dövlətlərin kiçiklərə təzyiq etməsi, öz maraqlarını təmin etmələri üçün alətdir. Kiçik ölkələrə demokratiya, insna hüquqları dərsi keçən ABŞ-dakı son hadisələr, irqçilik, polisin zənci əhaliyə münasibəti, etirazların vəhşiliklə yatırılması göstərdi ki, əslində bu ölkələrin demokratikləşməyə, insan hüquqlarının qorunması sahəsində islahatlar aparmalarına ehtiyac var. Bugün Azərbaycanla bağlı sifarişli hesabatlar açıqlayan, Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurumlardan maliyyələşən beylnəlxalq QHT-lər, onların ölkəmizdəki əlaltıları nədənsə özünü demokratiya müdafiəçisi elan edən ABŞ-da baş verənləri görməzlikdən gəlir. Bütün bunlar həmin təşkilatların əslində nə qədər müstəqil olduğunu üzə çıxarır.
Dünya arenasında baş verən son hadisələr bir daha göstərir ki, kiçik dövlətlər, bacarıqlı, uzaqgörən lideri olmayan ölkələr həmişə böyük dövlətlərin maraqlarına qurban gedəcəklər. Bu siyasətin sonuncu nümunəsi Ukraynadır. Artıq hamımız görürük ki, bu ölkə parçalanıb, iqtisadiyyatı çöküb, daxili sabitliyin təminatında ciddi problemlər var. Ən ağrılısı isə ölkənin bir hissəsinin işğal olunması, Donbas regionunun isə seperatçıların nəzarətinə keçməsidir. Bir neçə gün əvvəl Ukrayna prezidenti Donbasda hava limanını azad etmək üçün hərbi əməliyyat keçirəcəklərini bildirəndə dünyada təəccüblə qarşılanan bir situasiya yaşandı. Con Kerri açıq şəkildə Poroşenkoya “sakit durmağı” əmr etdi. Buradan çıxan nəticə odur ki, Ukraynanı bu vəziyyətə salanlar əsla yalnız öz maraqları uğurunda mübarizə aparırlar. Ukraynanın problemləri onlar üçün maraqlı deyil. Beynəlxalq arenada baş verən belə siyasi proseslər Azərbaycan rəhbərliyinin nə qədər düşünülmüş, dəqiqliklə hesablanmış siyasət həyata keçirdiyini sübut edir. Bütün xarici təzyiqlərə və müxtəlif çirkin cəhdlərə baxmayaraq Azərbaycan öz müstəqil siyasətindən imtina etmir və məhz buna görə də daim regionun digər ölkələrindən fərqlənir.