Modern.az

Konsensus masası: tamam, ya davam?

Konsensus masası: tamam, ya davam?

Aktual

16 May 2015, 21:36

Siyasi qüvvələr arasında keçirilən sayca üçüncü dialoqun, ümumən bir proses olaraq ilkin təəssüratı ondan ibarətdir ki, hakimiyyət mövcud formatla bu müstəvidə əlaqələrini daha irəli aparmaq xəttini seçir və yaxınlaşmanı stabil saxlamağa çalışır. Qarşı tərəfə gəldikdə isə, hər hansı pozucu, geriçəkilmə hərəkətləri olmadığından, demək ki, onlar da konsensus masasına olan ümidlərini hələ itirməyə tələsmirlər.

Əvvəlki iki görüşdə müzakirə predmeti olan məsələlərin nəticəsinə baxsaq, həmin yöndə uzlaşmanın hər hansı sonucunu görmək mümkün deyil. Vətəndaş cəmiyyətlərinin, siyasi partiya üzvlərinin həbsdən azad edilməsi və yaxud, əfv olunması məsələsini üçüncü dialoq da həll edəcək kimi görünmür. Seçkilərdə şəffaflığın tam gözlənilib-gözlənilməyəcəyi haqqında verilən vədlər də indilikdə təsəlliedici xarakterdən uzağa gedə bilmir. Çünki bu mövzular, nə təkrar gündəmə gəldi, nə də ötən dialoqlardakı təkliflərə cavab kimi qəti bir söz deyildi.

Təbii ki, vəziyyətin dəyişməzliyinin təklif müəlliflərində yaratdığı məyusluğu sezməmək mümkün deyil. Başqa tərəfdən də, Avropa oyunları ölkənin digər problem və məsələlərini arxa plana keçirtdi ki, üçüncü dialoqda artıq iqtidar müxalifətyönlülərin qarşısına təkliflər çıxardı-özü də geriçevrilməz təkliflər. Avropa oyunlarına siyasi institutlardan dəstək verilməsi istənildi, bununla dialoqda ilk öhdəliyi müxalifət götürməli oldu. Verilən sözü tutmaq sarıdan müxalifətin liberal qanadı ön sıraya çıxarıldı.


Hakimiyyət məhbus məsələsində opponentlərindən düşünmək üçün zaman alırkən, liberal müxalifət Avropa oyunlarına dəstək təklifində fikirləşməyə nə ehtiyac duyur, nə də vaxt almaq bəhanəsi ortaya qoya bilir.

Birincisi, ona görə ki, idman əyləncəsinin içərisində ölkənin xeyrinə aparılacaq ciddi təbliğat siyasəti yatır və dialoqdakı partiyalar beynəlxalq ictimai rəyin Azərbaycanın əleyhinə çevrilməsini istəyənlər kateqoriyasından deyillər.

İkincisi, öhdəlik almaq və yerinə yetirmək ilki ilə müxalifət hakimiyyəti siyasi məhbuslarla bağlı pozitiv qərar vermək borcuna, başqa sözlə, sözünü tutmaqda onu öz sırasına kökləmək istəyir. Yəni, biz oyunlar gedən ərəfədə radikalların mövqeyinə həmrəy olmadıq, Azərbaycanın maraqlarını qoruduq, indi də siz məhbuslarla bağlı təkliflərə real müsbət cavab verin.

Bəs, görüş formatındakı partiyalar Avropa oyunları zamanı üzərlərinə hansı missiyanı götürə bilərlər?

Əslində bu bayram və siyasət tədbirində onlarla xüsusi bir konsensusa ehtiyac yoxdur. Onlar ən azından icazəli mitinqin vaxtı ilə bir gün fərqinə görə hakimiyyətlə qəsdən konfliktə girməyə və müəmmalı davranışları ilə təhlükələrə meylli AXCP-nin oyunlarını oynayanlardan deyillər. Bəyanatlarında, mətbuat çıxışlarında Avropa oyunları ərəfəsində dövlətin, hakim elitanın zərərinə olan faktlar üzərində dayanmırlar. Bu münasibətin iqtidarla əməkdaşlıq, yəni, dialoq müstəvisində daha da etibarlılıq qazanması hakimiyyətə imkan verir ki, beynəlxalq aləmin anti-azərbaycan təbliğatına daxildə sevinən radikalların sırası seyrək olsun və onların əvvəllər güclərinə güc qatan xırda partiyalar yeni dönəmdə iqtidarın siyasətinə güc qata bilsin.

Bəs, siyasi məhbuslar məsələsindən başlasaq, hakimiyyət bu əməkdaşlığın qarşılığını ödəməyə nə qədər hazırdır? Arxasında xarici maliyyə kanallarına bağlı xırda-para vətəndaş cəmiyyətləri qalmış radikal müxalifət hakimiyyətlə dialoq masasına keçməyincə, məhbusların əfvi və azadlığı hazırkı formatın təklifi kimi diqqətə alınmayacaq-bu, böyük bir ehtimaldır. Bəlli məhbusların azadlığı o zaman həll ediləcək ki, radikal müxalifətin üzünü xaricdən daxilə çevirməsi, ölkənin milli maraqlarında hamının səfərbər olması gerçəkliyi baş versin, qiyam, siyasi sobataj üsulu ilə işləyən beynəlxalq təşkilatların ölkənin daxilində öz adamlarını təlimatlandırmaq cəhdləri puça çıxsın.

Dialoqa ciddi yanaşmaq, onu dinamik proses kimi saxlamaq, masanı istənilən mövzuların müzakirəsinə açıq saxlamaqla, hakimiyyət əslini axtarsaq, radikal spektri anlaşma masası ətrafına gətirmək və əməkdaşlığın faydalı olacağına inandırmaq istəyir. Əbəs deyil ki, Müsavatın “Sərq tərəfdaşlığı” məsələsinin müzakirə şərtini iqtidar inkarçı mövqedən qarşılamır, çünki əsas müxalifət partiyası kimi Müsavatın dialoqa qatılması mütləq sayılır.

Məsələ təkcə Avropa oyunları zamanı Azərbaycanı dünyaya demokratik ölkə kimi təqdim etmək çabasından ibarət deyil. Dialoq daha böyük və irəli hədəflərə görə hesablanmış addım kimi idrak olunur. Siyasi məhbus müzakirələrinin sonucunun olmaması o demək deyil ki, dialoq təsirləri ortaya qoyulmayan bir proses kimi yürüyür. İndi böyük nəticələri olmayan dialoq sabah mümkün ekstremal situasiyalarda, beynəlxalq təhdidlərdə Azərbaycanı təhlükələrdən sığortalayan bir vəziyyətə-barışcıl cəmiyyəti ortaya qoymağa hazırlıq xarakteri daşıyır.

Ukrayna kimi aldanmamaq, Gürcüstan kimi haldan-hala düşməmək, Şərq regionu kimi alışıb-yanmamaq, başqa sözlə, geosiyasi oyunlardan az zərər çəkmək üçün daxildə siyasi düşmənçiliyi güclü milli birliyə çevirmək ən vacib yoldur və bu yol konsensus masasından keçir.

Ona görə də bu gün üçün nəticələri ləng ortaya çıxan və indi sonucları böyük olmayan dialoqa tamam yox, davam...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür