Modern.az

Vyanada “Eurovision-2015”in açılış mərasimi keçirilib

Vyanada “Eurovision-2015”in açılış mərasimi keçirilib

18 May 2015, 09:43


Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Tarixi Rathaus meydanında təşkil olunan mərasim “Eurovision-2014”-ün qalibi Avstriya nümayəndəsi Konçita Vurst tərəfindən açılıb. Sonra müsabiqəyə qatılacaq ölkələrin nümayəndələri qırmızı xalça üzərinə çıxıb.

Azərbaycan nümayəndəsi Elnur Hüseynov “Anadolu” Agentliyinin müxbirinə Vyanada çox gözəl bir mühit olduğunu ifadə edərək, birinci olacağına inandığını söyləyib.

Böyük final mayın 23-də olacaq

Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.

Danimarkanın paytaxtı Kopenhagendə ötən il mayın 16-da keçirilmiş “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.

“Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 19-da, ikinci yarımfinal mayın 21-də, final isə mayın 23-də olacaq.

40 ölkə iştirak edir

Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Kipr, San Marino, Latviya, Moldova və Rumıniya.

Avstraliyanın ilk dəfə qatıldığı müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.

Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı.

Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışmalarda da iştirak etməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür