Modern.az

“Azərbaycanın bütövlükdə bu sazişdən imtina etməsi üçün kifayət qədər əsaslar var” – MÜSAHİBƏ

“Azərbaycanın bütövlükdə bu sazişdən imtina etməsi üçün kifayət qədər əsaslar var” – MÜSAHİBƏ

18 May 2015, 09:50

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini  Azay Quliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Modern.az saytına müsahibə verib. 

- Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinə dair “Bişkek protokolu”nun imzalanmasından 21 il keçdi. Sizə elə gəlmir ki, hazırkı beynəlxalq siyasi konyukturada “Bişkek protokolu” özünün hüquqi qüvvəsini itirib?  

- “Bişkek protokolu”na müxtəlif yanaşmalar mövcuddur. Hesab edirəm ki, bu sazişin imzalanması o dövr üçün atılan mühüm bir addım idi. Ona görə ki, bu saziş bizim üçün iri miqyaslı hərbi əməliyyatları saxlamaqla Azərbaycanın iqtisadiyyatını, ordusunu yenidən qurmağa imkan yaratdı. Bilirsiniz ki, həmin dövrdə Rusiyanın köməkliyi ilə Ermənistan Azərbaycan torpaqlarını bir-bir işğal edirdi. Bu atəşkəs razılaşması olmasa idi, sonrakı proseslərin gedişatının necə olacağını demək çox çətin olacaqdı. Çünki Azərbaycanın nizami ordusu yox idi.

Dövləti yenidən qurmaq, iqtisadiyyatı dirçəltmək, neft müqavilələrini imzalamaq, Azərbaycana investisiya cəlb etmək baxımından “Bişkek protokolu”nun çox böyük əhəmiyyəti var idi. Bu sazişin imzalanması o vaxt tarixi zərurət baxımından Azərbaycanın marağında olub. Amma “Bişkek protokolu” atəşkəs sazişinin əldə olunmasını özündə ehtiva etsə də, cəbhə xəttində atəş heç vaxt dayanmayıb. Son illər qoşunların təmas xəttində atəşkəsin pozulması halları intensiv hal alıb. Azərbaycan tərəfi nəyin bahasına olursa-olsun, torpaqlarının geri qaytarılması mövqeyində qərarlıdır. Bu istiqamətdə cənab prezidentin prinsipal və qətiyyətli mövqeyi hamıya bəllidir. “Bişkek protokolu”nu həm də tam gücü ilə işləməyən saziş hesab etmək olar.  

- Bu sənədin müddəaları işləmədiyinə görə Azərbaycan “Bişkek protokolu”ndan imtina edə bilərmi?

- Azərbaycanın bütövlükdə bu protokoldan imtina etməsi üçün kifayət qədər əsaslar var. Çünki danışıqlar uzun müddətdir getsə də, ortada heç bir nəticə yoxdur. Azərbaycan bu razılaşmanın sülhün bərqərar olmasına köməklik etmədiyini əsas gətirərək birtərəfli şəkildə protokoldan çıxa bilər və buna tam haqqı var.

Güc tətbiq etməklə torpaqları işğaldan azad etməyə bu gün Azərbaycanın yetərincə imkana və gücə malikdir. Sadəcə olaraq hazırkı beynəlxalq geosiyasi vəziyyət bunun üçün o qədər də əlverişli deyil. Ancaq bu o demək deyil ki, Ermənistan uzun müddət torpaqlarımızı işğal altında saxlaya biləcək. Siyasətdə heç nə daimi deyil, geosiyasi situasiya və konyuktura tez-tez dəyişir. Uyğun mühit yetişdiyi təqdirdə Azərbaycan nə yolla olur-olsun torpaqlarını azad edəcək. Ancaq təbii ki, müharibə heç kimə fayda gətirmir. Ermənistan heç olmasa bunu başa düşüb konstruktiv mövqe nümayiş etdirsə və işğal altındakı torpaqlardan qoşunlarını könüllü şəkildə geri çəksə, bu Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinə olar.    

- Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını axtarmaq üçün siyasi danışıqlar da gedir. Artıq Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi də nəzərdə tutulur. Rəhbərlik səviyyəsində aparılan dialoqda Azərbaycanın prinsipial mövqeyinə uyğun olan yeni bir hüquqi sənəd ortaya çıxa bilərmi?

- Təəssüflər olsun ki, danışıqlar Ermənistan tərəfindən imitasiya xarakteri daşıyır. Ermənistanın danışıqlara olan qeyri-obyektiv yanaşması sülh prosesinə mənfi təsir göstərir. Buna baxmayaraq Azərbaycan böyük sülh sazişinin layihəsini, müddəalarını müzakirə etməyə hazır olduğunu bəyan edib.

Ancaq Ermənistana danışıqların uğurla yekunlaşması sərf etmir. Onlar istəyir ki, status-kvo davam etsin və düşünürlər ki, bununla da Qarabağın işğalını legitimləşdirə bilərlər. Bu əlbətdə yanlış yanaşmadır.   Bundan əlavə, danışıqlarda vasitəçilik missiyası ilə çıxış edən ölkələrin mövqeyi də nəzərə alınmalıdır. ABŞ, Rusiya, Fransa arasında bir çox məsələlərdə ciddi fikir ayrılıqları olsa da, Ermənistanın müdafiə edilməsi məsələsində vahid mövqe sərgiləyirlər. Beynəlxalq aləmdə  ikinci bir məsələ yoxdur ki, onlar bu qədər həmrəylik nümayiş etdirsinlər. Elə buna görə də Ermənistan beynəlxalq güclərin dəstəyinə arxalanaraq özünü bu cür həyasız aparır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və Ermənistan onların qəbul etdiyi qətnamənin yerinə yetirməyə borcludur. Əgər Ermənistan qətnamələrin tələblərini həyata keçirməkdən boyun qaçırırsa onda bu sənədi qəbul edən dövlətlər onu məcburi icrasını təmin etməlidirlər.

- Siz ATƏT-in Minsk qrupunun həmsədrlik formatında dəyişiklik olmasını təklif etmişdiniz. Amma bu təklif reallaşması və demək olar ki, mətbuatın gündəmindən düşüb...

- Deməzdim ki, bu məsələ gündəmdən çıxıb. Ötən müddət ərzində müxtəlif dövlətlərin qanunvericilik orqanlarının nümayəndələri, beynəlxalq inistitutların təmsilçiləri və ekspertlər bu təklifin münaqişənin nizamlanma prosesində effektiv rol oynayacağı ilə bağlı fikirlərini açıqlayıblar.

Təəssüflər olsun ki, qeyd etdiyim kimi ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistana açıq şəkildə dəstək nümayiş etdirirlər. Biz istəyirik ki, Minsk qrupunun həmsədr ölkələrinin tərkibində balans yaratmaq, onların birtərəfli mövqeyini və Ermənistana açıq dəstəyini aradan qaldırmaq üçün tərkibə yenidən baxılsın, Türkiyə və Avropanın əsas söz sahiblərindən olan Almaniya həmsədrliyə gətirilsin. Vasitəçilik missiyası yerinə yerən dövlətlərin Ermənistanın xeyrinə olan üstünlüyü aradan qaldırılsın və balans təmin olunsun.

Düşünürük ki, bununla  Minsk qrupunun həmsədrlik institutunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli vəziyyət yaranar. 

Aqşin KƏRİMOV

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir