Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Özəl xəbər olanda bu yaşda uşaq kimi sevinirik” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Özəl xəbər olanda bu yaşda uşaq kimi sevinirik” - RUBRİKA

Media

18 May 2015, 09:57


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir. 

“Ədalət”qəzetinin İnformasiya şöbəsinin müdiri Ədil Ədilzadə jurnalist olduğu üçün fəxr edir: “Sumqayıt Dövlət Universitetinin Gömrük işi üzrə menecer fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə işləmək üçün cəmi 1 dəfə imtahan verdim. Gömrükdə işləmək üçün komitə özü imtahan keçirir. Bu imtahanda cəmi 5 balım çatmadı. Sonradan kiçik sahibkarlıqla məşğul idim. Ancaq bununla yanaşı, dövrü mətbuatı da izləyirdim. Çünki hələ tələbə vaxtı bir sıra qəzetlərdə yazılarım çıxırdı. Kiçik sahibkarlığın gələcək perspektivimdə bir rol oynamadığını görüb jurnalistikaya gəldim. O zaman hələ jurnalistikada ilk qədəmlərimi atanda məndən soruşurdular ki, niyə məhz jurnalistika? Mən isə cavab verirdim ki, mən perspektiv qazanmağa gəlmişəm. “Olaylar” qəzetindən ilk fəaliyyətimə başlamışam. Başda Yunus Oğuz olmaqla Fatma Abbasquliyeva, Elman Cəfərli hər zaman mənə dəstək olub. Hətta indinin özündə də Elman Cəfərliyə müəllimim deyirəm. “Olaylar”da işlədiyim dövrdə siyasət və digər sahələrdən yazılar yazırdım. Ən əsası cəmiyyəti maraqlandıran informasiyaları geniş ictimaiyyətə çatdırırdım.

Sonradan “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay mənə etimad göstərdi və iş yerimi “Ədalət” qəzetinə dəyişdim. Bu gün “Ədalət”qəzetində İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıram.

Bu sahəyə gəlməyimdə atamın da böyük rolu olub. İlk əvvəllər əmək haqqım o qədər az idi ki, bəzən həvəsdən düşürdüm, bu sahəyə gəlişimə görə peşmançılıq keçirirdim. Ancaq atamın dəstəyi nəticəsində bu gün bu pillədəyəm. Atam İsmayıllı rayonunda yaşayır. Hər gün qəzet alar və yazım çıxmayan kimi zəng edib niyə yazı yazmadığımı soruşardı. Bu zənglər məndə jurnalistikaya marağı daha da artırdı. “Ədalət” qəzetinə gələndən sonra Ceyhun Musaoğlunun jurnalist kimi formalaşmağımda mühüm rolu olub. Jurnalistikada Elman Cəfərli müəllimimdirsə, Ceyhun Musaoğlu ustadımdır. Və burada yaradılan şərait, eyni zamanda qazandığım uğurlar məni bu sahəyə daha da bağladı. Jurnalist olduğum üçün fəxr edirəm”.

“Gündəlik Teleqraf ” qəzetinin redaktoru Aqil Lətifov gözünü açıb bir də görüb ki, ciddi-ciddi jurnalistika ilə məşğul olur: “Mən ziyalı ailəsində dünyaya gəlmişəm. Atam, anam, əmilərim, demək olar ki, bütün nəslimiz yüksək savadlı insanlar olub. Gözümü açıb, yazı-pozu, dəftər-qələm görmüşəm. Mən uşaq olanda atam zaman-zaman sanballı məqalələrlə çıxş edirdi. Yəni hələ uşaqlıqdan qəzetlərin içərisində böyümüşəm. Bəlkə də bu səbəbdən idi ki, uşaq yaşlarımda ara-sıra cızma-qaralar edirdim. Yadıma gəlir, bir neçə dəfə yazılarım yerli qəzetdə də dərc olunmuşdu. Amma bütün bunlarla yanaşı, heç vaxt jurnalist olmaq arzusunda olmamışan. Heç bunu təsəvvür də etmirdim. Tarixi çox sevirdim. Elə bu həvəslə məktəb yaşlarında tarixi mükəmməl səviyyədə bilir, olimpiadlarda birinci olurdum. Təbii ki, bu işdə tarixçi olaraq atamın əməyi çox yüksək idi. Tarixçi olmaq arzusunda olsam da, ara-sıra müstəntiq olmaq fikrinə də düşürdüm. Bakı Dövlət Universitetinin “Tarix”inə qəbul ola bilməsəm də, tarixə daha yaxın olan və istədiyim ixtisasa- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinə daxil oldum.

Universitetə daxil olmazdan bir neçə ay əvvəl jurnalistikada çalışmağa başladım. Belə ki, 2003-cü ildə universitetə imtahan verdim və nəticələrin çıxmasına qədər olan müddəti boş keçirməmək üçün müvəqqəti işləmək arzusu ilə qəzetdə işə başladım. O zaman bir məqalə ilə “525-ci qəzet”ə müraciət etdim və yazım bəyənildiyi üçün burada işə qəbul olundum. Əslində məqsədim burada müəyyən təcrübə qazanmaq idi. Lakin sərbəst rejim olduğu üçün elə dərslər başlayandan sonra da universitetdən çıxıb redaksiyaya gəlirdim. Həvəskar formada işə başlasam da, “525-ci qəzet”in redaktoru Yusif Rzayevin tapşırıqları, tövsiyələri, habelə ondan öyrəndiklərim əsasında bir də gördüm ki, qəzetin aparıcı işçilərindən biri olmuşam. Yəni gözümü bir də açdım gördüm ki, sanki bu sahə ilə bütünləşərək jurnalistikanın içindəyəm. Beləcə, bu sahənin ayrılmaz parçası oldum və türklər demiş, jurnalistika ağır basdığı üçün öz ixtisasım üzrə çalışmaq fikrindən daşınaraq uşaqlıqda sevdiyim sahə üzrə işimi davam etdirməyə qərar verdim. Eyni zamanda universiteti bitirdikdən sonra bu sahədən ayrılmaq da artıq gec idi. Çünki yeni iş yerində hər şeyi sıfırdan başlamaq lazım idi, bu isə mənə çox çətin gəldi. Əslində özümü bu sahədən kənarda görmədim. Beləcə, jurnalistika ilə birgə artıq on iki ili başa vurmuşuq. İstədiyin zaman istədiyin mövzuda yazmaq, ürəyindən keçənləri ifadə etmək, hansısa bir məqalə ilə kimlərəsə kömək etmək, onların problemini işıqlandırmaq sözün həqiqi mənasında insana mənəvi rahatlıq verir. Və mən bunu heç nəyə dəyişmərəm desəm, yalan olmaz. Düzdür, jurnalistikada uğur qazanmaq, lazımi maddi ehtiyacları tam təmin etmək digər sahələrlə müqayisədə daha çətindir. Yəni hər bir jurnalist təsdiq edər ki, bu sahədə əziyyət çox, qazanc isə azdır. Amma nə etməli, yolumuz belə çizilib. 

Demək olar ki, əksər mətbu orqanda ya  çalışmışam, ya da əm əkdaşlıq etmişəm. Hamısının adını çəkmək istəməsəm də, bəzilərini qeyd edəcəm: “525-ci qəzet”, “Vətəndaş Həmrəyliyi” və digər qəzetlər, habelə Modern.az, Qol.az saytları bu sıradandır. Bununla yanaşı, bir sıra jurnal və saytlarla əməkdaşlıq etmişəm. Sözün açığı, bu sahədə olduğum zaman heç vaxt təəssüflənməmişəm. Geridə qalan bu illərə dönüb baxan zaman, xeyli uğurların, mükafatların olmasını görmək insana zövq verir. Həqiqətən əməyinin qarşılığını alanda insan daha şövqlə çalışır. Deyərdim ki, nə əldə etmişəmsə, bunu jurnalistikanın hesabına qazanmışam və hər bir uğura görə bu sahəyə borcluyam.
Amma bütün bunlarla yanaşı ara-sıra qarşılaşdığın mənzərə haqqında düşünmədən keçə bilmirsən. Bax, bu zaman müəyyən, lakin keçici peşmanlıqlar olur”.

“Virtualaz.org” saytının əməkdaşı İnarə Rafiqqızı həkim olmaq istəyib: “Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. İxtisasım üzrə çox az müddət- bir neçə ay işlədim.

Məni nənəmgil böyüdüblər. Hər ikisi müəllim idilər. Mütləq mənim də müəllim olmağımı istəyirdilər. Həkim olmaq istəyirdim, amma babam razılıq vermirdi. Onun sözünü yerə salmadım və razılaşdım. Qəbul olundum, oxudum, amma... cəmisi bir neçə ay işlədim.

Jurnalistkaya gəlişim təsadüfən olmayıb. Bəzi mətbuat orqanları ilə əməkdaşlıq edirdim: “Kriminal”, “İnterpolis”, “Oxu məni”, “Gündəlik Azərbaycan” qəzetlərində işləmişəm. Hazırda “Virtualaz.org” saytında çalışıram.
İşimdən razıyam, bu peşəni bu qədər sevəcəyimi bilməzdim. İnanırsız, özəl xəbər, açıqlama olanda adam bu yaşda balaca uşaq kimi sevinir. Bu, qəribə bir hissdir”.

Azad Media İnstitutunun təsisçisi və “Hürriyyət” qəzetinin parlament müxbiri Gülnaz Qənbərli illərlə radiodan yayımlanan səsini atasından gizlədib: “Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini, sonra isə ikinci ixtisas olaraq Şərşünaslıq fakültəsini bitirmişəm. Daha sonra AMEA-nın Ədəbiyyat İnstitutunda aspiranturanı bitirmişəm. Amma yalnız jurnalistika sahəsində çalışmışam.

Uşaq vaxtından yazırdım. Əvvəlcə gündəliyim vardı. Sonra ədəbiyyat müəllimiz deyirdi ki, səndən yaxşı yazıçı olar. Jurnalist də ola bilərsən. “Göyərçin”, “Pioner” jurnallarına yazanda jurnalistika nədir, bilmirdim. Axşamlar qəzetləri- “Pravda”, “Kommunist”, “İzvestiya”nı atam üçün bəlağətlə oxuyardım. Uşaq idim, həm də atam istəmirdi ki, jurnalist olam.

Orta məktəbi bitirdim, Hüquq fakültəsinə sənədlərimi verdim. Müsabiqədən keçmədim, başqa fakültə seçdim. Daha sonra isə Şərqşünaslığı- ərəb dili filologiyasını bitirdim. Aspiranturaya daxil oldum. Eyni zamanda Azərbaycan radiosuyla əməkdaşlıq edirdim. “Səhər”, “Gənclik” və Xaricə Yayımlanan Verilişlər redaksiyalarında reportaj və radio-süjetlər hazırlayırdım. Atam jurnalistikada fəaliyyətimi qəbul etmədiyindən bunu ona deməmişdim. Radioda işlədiyimi bilmirdi. Verilişimin yayım vaxtı çatanda mətbəxdəki kiçik radioqəbuledicini söndürərdim və uca səslə deyirdim ki, mən dərs oxuyuram. Beləcə, illərlə radiodan yayımlanan səsimi atamdan gizlədirdim. Böyük mətbuata gəlişim isə təsadüfi oldu. Nişanlım məşqçim idi. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldu. Bu hadisədən sonra atam dedi ki, nə ilə istəyirsən məşğul ol, ancaq hər gün qəbiristanlığa getmə. Radioda fəaliyyətimi davam etdirdim. Artıq parlament müxbiriydim. Az sonra hərbi jurnalist kimi yetişdim. Ön cəbhədən reportajlar hazırlayırdım. Türkiyənin “Hürriyyət” qəzetinin tanınmış jurnalisti İrfan Sapmazla ATA-da (Azərbaycan-Türk İnformasiya Agentliyi) çalışdım, sürətli reportajlar, xəbərlər hazırlamağa başladım. Redaksiyada əməkdaşlarımızın hamısı kişi idi, tək müxbir qız mən idim. Ancaq Qarabağ savaşıyla bağlı ön cəbhədən materialları yalnız mən hazırlayırdım. Günüm döyüş bölgələrində keçirdi. Beləcə, peşəkar jurnalist fəaliyyətinə başladım. Azərbaycanda ilk rəngli qəzet- “Avrasiya”, daha sonra “Şərq”, “Trend” İnformasiya Agentliyinin yaranmasında iştirak etdim. Bir müddət “Hürriyyət”, sonra “Elçi” qəzetində çalışdım. Orada çalışan dövrdə ANS-dən təklif gəldi. Təklif məni qane etdiyi üçün əməkdaşlığa başladıq və “El” jurnalını yaratdıq. Çox uğurlu alındı. Daha sonra bir neçə jurnalın ərsəyə gəlməsində xidmətlərim olub. ANS-dən sonra “Salamnews” İnformasiya Agentliyini yaratdıq. O zamanlar o qədər qəzet üçün yazırdım ki, sayı-hesabı yox idi. Amma mən peşəmi həmişə çox sevmişəm. Aylarla pulsuz işlədiyimiz olub. Amma dönməmişəm, üz çevirməmişəm peşəmə. Yenidən dünyaya gəlsəydim, yenə jurnalist olardım. Həm də qaynar nöqtələrdə, stringer fəaliyyətimi davam etdirərdim. Axı mən savaş reportyoruyam”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür