Modern.az

Çoxbilmişlik bəzən başa bəla olur, buna inanın!

Çoxbilmişlik bəzən başa bəla olur, buna inanın!

18 May 2015, 10:10

Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı məzəli, qəribə xatirələr

Həyat qəribədir. Belə baxanda elə görünür ki, hər şey axarınca gedir. Kimi başını aşağı salıb iş-gücü ilə məşğul olur, kimi də onun-bunun söhbətinə, telefon danışığına qulaq asa-asa çoxbilmişlik edir, bunun da bəlasını çəkməli olur. Necə ki, axşam qəzetləri redaksiyasında işləyən Feyzi (dünyasını dəyişdiyinə görə ad-soyadını çəkmədin, şərti ad qoydum. – M.A.) çoxbilmişliyindən ziyana düşdü. Feyzinin bir xasiyyəti vardı: başqasının telefon danışığına qulaq asardı.

Şöbə müdiri Şaban Şabanov (tanınmış felyetonçu jurnalist, təmiz qəlbli insan) bunu dəfələrlə hiss etmişdi və Feyziyə irad tutmuşdu. Onların telefonu paralel idi. Şaban müəllim kabinetində olmayanda dəstəyi Feyzi götürərdi. Şaban müəllim telefona cavab verəndə Feyzi bu biri otaqda dəstəyi götürüb qulaq asardı. Şaban müəllim dəstəyin tıqqıltısından bilirdi ki, Feyzi qulaq asır. Bunu ona tərgitdirə bilmirdi. Axır ki, yolunu tapdı. Mən başqa bir otaqdan Şaban müəllimə zəng vurdum. Şaban müəllim dəstəyi qaldırandan bir qədər sonra Feyzi dəstəyə əl atdı. Şaban müəllim tıqqıltını eşidən kimi “mövzunu” davam etdirdi.

- Hərəsindən 110-112 qram? Bəs keçən dəfə dedin ki 80-100 qram qızıl çıxır hinduşkanın mədəsindən. Hə! Bunu de də, deməli yazda qardan sonra göy ot bol olduğundan mədədə qızılın ağırlığı artır. Bu günlərdə rayona gedəcəyəm ...

Feyzi bu söhbəti eşitcək həyəcanlanmışdı, nə edəcəyini bilmirdi. Şaban müəllim dəhlizə çıxan kimi Feyzi ona yaxınlaşıb xahişanə şəkildə:

- Şaban müəllim, qardaşım kənddən zəng vurmuşdu ki, anam xəstədir. Mənə ikicə günlüyə icazə verin gedim yoluxum.

Elə həmin gün Feyzi yola çıxdı, iki günlüyə icazə almasına baxmayaraq səhər tezdən işə gəldi. Qanı qara idi. Şaban müəllim bunun səbəbini soruşdu.

- Getdim kəndə. Qardaşımgilin vur-tut 12 hinduşkası vardı. Hamısını kəsdik, heç birinin mədəsindən bir qram da qızıl çıxmadı.110-112 qram! Yalan deyiblərmiş! Kəsilmiş hinduşkaların da tükünü təmizlətdirib gətirdim Bakıya, təzə bazarda alverçilərə dəyər-dəyməzinə verdim.

- Bəs sənə kim demişdi ki, hinduşkanın mədəsindən 112 qram qızıl çıxır? – deyə Şaban müəllim özünü gülməkdən güc-bəla ilə saxladı.

- Siz telefonla danışanda qulaq asmışdım.

- Əvvəla, mən sənə mənim, ümumiyyətlə kimsənin telefon danışığına qulaq asmağı qadağan etmişdim. Ikinci də, mənə zəng edən bunu zarafatla demişdi. Bu da sənin çoxbilmişliyinin bəlası. Özün çək!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?