Modern.az

Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - III yazı

Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - III yazı

Ədəbi̇yyat

18 May 2015, 10:15

 filologiya üzrə elmlər doktoru, professor

Mən – biz, sən – siz, o – onlar barədə deyimlərim – III yazı

Dillərin dialektal variantlarının yaranması həmin dillərin ədəbi dil normalarının unifikasiyası prosesinə mənfi təsir göstərir. Onda ədəbi dilin normasını müəyyənləşdirmək də çətinləşir. Bu mənada ingilis dilinin dialektal variantları ingilis dilinin vahid ədəbi dil normalarının sabitləşməsinə, anlaşılmasına maneçilik edir.

***

İnsanların böyük əksəriyyəti kitaba qiymət vermirlər. Əvvəllər kitabları növlərə ayırırdılar: elmi ktablar, bədii kitablar, nağıl kitabları və s. İndi isə kitabları nə növlərə ayırırlar, nə də oxuyurlar. Əgər kitabları oxusalar, bilirsinizmi nələr üzə çıxar?! Ən azı o üzə çıxar ki, elmi kitabların əksəriyyəti bərbad gündədir...

***

Həyat bir kotandır. Kotan yeri şumladığı kimi, həyat da insanın ömrünü beləcə şumlayır. İnsan isə kotanı çəkir. Bütün güc insana düşür. İnsan kotanı cüt çəkdikdə nisbətən həyat rahat olur. Tək çəkdikdə isə həyat əzaba dönür. Kotanı cüt çəkmək dedikdə insanı başa düşən, anlayan, duyan, hiss edən birisinin olmasını başa düşürəm.

***

Hər bir möhtəşəm ideya çox sadədir.

***

Dünya yaranandan Ayla Günəş bir-birini cəzb edir. Ancaq onlar birləşə bilmirlər. İnsanlar da bəzən belə olurlar.

***

Əslində hər birimizin peşəmiz, sənətimiz bizim üçün bir qaladır. Ömrümüzün sonuna qədər bizi tutub saxlayır, bizi tabe edir, bizi məhbus vəziyyətinə salır.

***

Qarnı doyandan sonra heç kəsi fikirləşməyən insanlar dünyada çoxdur.

***

Bəzi insanlar rahat yaşayanda nə Allahı, nə də bəndəni yada salırlar.

***

Qorxaq, yaltaq, ikiüzlü, riyakar adamlar əsən küləklər kimidir. Bilmirsən ki, onlar da küləklər kimi hansı tərəfdən əsəcəklər? Küləklər kimi istiqamətlərini necə dəyişəcəklər?

***

İnsanlar nədən və kimdən qorxduqlarını anlaya bilsələr, qorxduqlarının nəyə qadir olduqlarını dərindən bilsələr həyat mənasızlaşar.

***

Adamlar bəzən qorxulu yuxular görürlər. Ayılandan sonra düşünürlər ki, nə yaxşı bu yuxular həqiqət deyil, elə yuxudur. Ancaq unudurlar ki, istənilən bir həqiqət də insanlara yuxu kimi gələ bilər.

***

Əslində bizim hər birimiz ömrümüzün sonuna qədər arzu və istəklərimizin həyata keçməsi yolunda dizin-dizin sürünürük. Heç zaman rahat nəfəs ala bilmirik.

***

Təbiət bizə hər şeyi verir, biz isə təbiətə zülm edirik.

***

Təzə adamlar təzə fikirlər kimi insanlara çox maraqlıdır.

***

İnsanlar arasında maddiyyət üzərində başlamış dartışmalar vəhşi heyvanlar aləmini xatırladır.

***

Dünyada pul xərcləməyi sevənlər var. Ancaq onların pulu olmasa, pulu necə xərcləyə bilərlər?

***

Bəzən həyat da insanın bildikləri onun köməyinə çatmır. Ancaq onun köməyinə çatanları isə bilinmir.

***

İnsan ömrü boyu həyat laboratoriyasında təcrübədən keçir.

***

Yalançı adamlar bütün bağları qırıb – dağıtdığından heç kəs onlara inanmır.

***

İnsanlar nə vaxt əclaf olurlar? Niyə əclaf olurlar? Bunu bilmək üçün onların əclaflıqlarını öyrənmək lazımdır.

***

Özünü qabiliyyətli sayanlar çoxdur. Ancaq onların içərisində qabiliyyətli olanlar isə azdır.

***

Həyatda elə məqamlar var ki, gəzməkdənsə durmaq yaxşıdr, durmaqdansa oturmaq yaxşıdır, uzanmaq isə hamısından yaxşıdır. Bu barədə bir Çin məsəli də var: durmaq – gəzməkdən yaxşıdır, oturmq – ayaq üstə durmaqdan yaxşıdır, ən yaxşısı isə uzanmaqdır.

***

Bəzən çox oxumaq imkan vermir ki, insan yazsın.

***

Pulun da, var-dövlətin də həddi olmalıdır. Bəzən pul, var-dövlət o qədər çox olur ki, onun içərisində itib-batırlar. Hətta pul, var-dövlət öz içərisinə insanı alaraq onu boğur, öldürür.

***

İnsanlar öz təbiətlərindən və ümumiyyətlə, təbiətdən uzaqlaşıblar. Elə bunun nəticəsidir ki, insanlar öz təbii olmalarını itiriblər. Bəlkə də öz təbiətlərini itiriblər, süniləşiblər. Süni xarakter yiyəsi olublar. İnsanların böyük əksəriyyətinin xarakterində sünilikdən başqa heç nə yoxdur. Ona görə də cəmiyyəti qanunlardan daha çox süniliklər, saxtakarlıqlar, riyakarlıqlar... idarə edir. Hətta belə olanda cəmiyyətin həyat tərzi meşə həyatından da geridə qalır. Əgər meşədə ən güclü heyvanla hesablaşmalı olurlarsa, burada isə (cəmiyyətdə) güclülüyün prinsipləri itir. Ağıllı olmaq, istedadlı olmaq, xeyirxah olmaq, vətənpərvər olmaq, bir sözlə, dəyərli hesab olunan dəyərləri yaşatmaq bir prinsip kimi heç olur. Onda yaşamaq da çətinləşir. Eyni zamanda insanın ağlı və zəkası heç nə olur. Ağıla və zəkaya qiymət verilmir. Ağıllı və zəkalı adamlar isə süniləşməyi və öz təbiətlərindən uzaqlaşmağı bacarmırlar.

***

İnsanın həyatı yola çıxan, səfərə çıxan bir insanın taleyinə bənzəyir. Səfərdə nələr baş verəcək, bunu səfərə gedən bilmir. Eləcə də insanın həyatında baş verəcəkləri insan bilmir. Arabir olub keçənləri xatırlayır və ömrünün sonuna qədər bu cür yaşayır.

***

Dünyada qəlbində eşq olmayan insan yoxdur. Ancaq elələri var ki, bunu çoxdan unudub.

***

Bəzi vəzifəli adamlar kabinetindən həyatı öz istədiyi kimi görür. Bəzən bomboz səhralara yaşıllıqlar kimi baxır, bəzən isə yaşıllıqlara bomboz səhralar kimi baxır. Vay o gündən ki, onun bu baxışlarına yaşıllıqlar tuş gəlsin. Axı o yaşılı və yaşıllığı yaşıl və yaşıllıq kimi görməyəcəkdir.

***

İnsanın qəlbi bağlı bir otaqdır. Heç kəs bilmir ki, orada nə baş verir.

***

Bəzən bir ağılsız səni öz iradəsinə tabe etdirir. Bu zaman doğru olmayanı başa düşsən də, heç nə edə bilmirsən.

***

İnsanın başqasına ehtiyacı olanda bir az uşaqlaşır. Axı uşağın özü geyinib-soyuna bilmir. Uşağın məsləhətə ehtiyacı olur. Uşağın gücü çatmayanda gücsüz olur. Uşaq zərif və zəif olur.

***

Sənə mehribançılıq göstərənlər sənə olan mükafat deyil. Mehribançılıq göstərən adama olan mükafatdır.

***

Bu dünyada hərəyə bir şey lazımdır: kimiyə gündüz, kimiyə gecə, kimiyə məğrurluq, kimiyə nə isə...

***

Bu dünyada oxunmalı, öyrənilməli, yazılmalı çoxlu kitablar var. Ancaq onları oxumağa, öyrənməyə, yazmağa vaxt çatmır.

***

Başqalarından fərqli düşünənləri yalnız fərqli düşünənlər, fərqli düşünməyi bacaranlar başa düşür.

***

Qulağı ilə yaşayan, qulağı ilə idarə edən adamlar var. Onlarda hissiyyat, duyğu, ürək çırpıntıları arxa plana keçir. Onlar qulaqları ilə eşitdiklərini mütləq kimi qəbul edirlər. Bu adamların faciəsi də bundadır. Ona görə ki, onların qulaqlarına deyilən sözlərin, fikirlərin hamısı düz olmur. Ətrafdakılar bilir ki, o qulağı ilə yaşayır. Ona görə də onun qulağını yalan-palanla, böhtanla doldururlar.

***

Şeytanın gözü hər bir insana doğru yönəlibdir. Odur ki, şeytanın gözündən yayınmaq da bir bacarıqdır.

***

Uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq, ahıllıq insana verilən bir hədiyyədir. Bunların hər biri insanı xahiş etmədən tapır. İnsanlar isə bu tapıntını yaşamalarına görə fərqlənirlər. Ancaq bu tapıntıları da bir-birindən fərqləndirmək olur. Məsələn, uşaqlıq dövründən sonrakıları insanlar qazanırlar. Bəziləri isə uşaqlıq dövründən sonrakıları qazana bilmirlər. Əslində qocalıq, ahıllıq insanın sanki alın təri ilə olan qazancıdır. Elələri var ki, heç qoca, ahıl yaşına gəlib çatmırlar.

***

Mən varam deyənlərdən qorxmaq lazım deyil. Onlara yaxınlaşmaq, onların gücünü və özünü yoxlamaq lazımdır.

***

      Yazıq adam təsəvvürünü yaradanlara göz qoymaq, onları nəzərdə saxlayıb hər şeyi yəqinləşdirməyi unutmaq olmaz. Əks təqdirdə aldanmış olarıq.

***

Uşağa ad qoyanda nəzərə almaq lazımıdır ki, bir dəfə ad qoyulur. Ad nəcib olmalıdır. İnsanın bütün həyatı, taleyi bəzən bundan asılı olur. Elə ad qoymaq lazımdır ki, gələcəkdə həmin adın əzabını çəkməsinlər, acımasınlar. Yaxşı ad torpağa səpilmiş yaxşı toxum kimidir.

***

      Uşaq barədə düşünənlər və onun qeydinə qalanlar Allaha şükür edənlərdir. Bəzən öz itinin, pişiyinin qayğısına qalan adamlar heç bir insanın qayğısına qalmırlar.

***

Heç kəsin əzab çəkməyə ehtiyacı yoxdur. Ancaq ehtiyacı olmayan bu işə bəzən insanlar məhkum olurlar.

***

 Yaşadığımız  bu dünya və həyat bizim üçün qabaqcadan hazırlanır. Ona görə də bu dünyada və həyatda hər şeyi hazır görürük. Gözümüz nəyi görürsə, onlar bizdən qabaq mövcud olan həqiqəti təsdiq edir.

***

İnsan bütün ömrü boyu öz həyat və fəaliyyəti ilə nəyisə axtarır. Ancaq kimi axtarır, nəyi axtarır heç özü də bilmir.

***

Səni heç nə maraqlandırmırsa, onda ya yalqızsan, ya da dincliyə aludə olmusan.

***

“Lap az qalıb...” “Lap az qalıb...” demək təsəllidən başqa bir şey deyildir.

***

Mən sənin kimi düşünmək istəmirəmsə, deməli, nə isə var...

***

Dayan, hövsələn olsun, sənə də növbə çatacaq. Axı bu dünya bir pəncərədir.

***

Hər bir insan öz haqqını istəyir. Bu haqqı nə vaxt verəcəklər?! Kim verəcək?!

***

Bəzən qorxaqlar hücum etməyi son şansları kimi seçirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?