Modern.az

"Ərdoğan daha xarizmatikdir" - ŞƏRH

"Ərdoğan daha xarizmatikdir" - ŞƏRH

18 May 2015, 12:44


“Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə qazanacağını güman edirəm. AKP-yə baş nazir Əhməd Davudoğlu sədrlik etsə də, o, prezident Rəcəb Tayyib Ərdoğan qədər xarizmatik deyil”.

Bunu Modern.az saytına Türkiyədə qarşıdan gələn parlament seçkiləri ilə bağlı proqnozlarını bölüşən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ərdoğan məhz Davudoğluna və AKP-yə dəstək vermək üçün seçki ilə bağlı mitinqlərə qoşulur.  

Ekspertin fikrincə, Türkiyə prezidentinin istəyi odur ki, seçkilərdə həddindən artıq böyük səs toplasın:

“Burada məqsəd odur ki, seçkilərdən sonra referendum keçirilib prezident səlahiyyətləri artırılsın. Amma AKP-nin referendum üçün lazımi səsi toplayıb-toplamayacağı hələ sual altındadır”.  

Elxan Şahinoğlu qeyd edib ki, parlament seçkilərindən ölkənin aparıcı müxalifət qurumu olan Cümhuriyyət Xalq Partiyası (CHP) ikinci çıxacaq. “Amma CHP-nin səsləri azala bilər. Ən əsas məsələ isə PKK-nın siyasi qanadı sayılan Xalqların Demokratik Partiyasının parlamentə keçib-keçməyəcəyidir. Bu partiyanın parlamentə düşüb-düşməyəcəyini heç kəs proqnozlaşdırmır”.  

Onun sözlərinə görə, AKP  kürdlərə daha böyük hüquqlar verib.

“Əsas məqsəd isə odur ki, PKK tərksilah olsun və dağlardan ensin”.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir