Modern.az

Ayaqlarım yerimək istəyir

Ayaqlarım yerimək istəyir

18 May 2015, 14:36


(hekayə)

Azad Müzəffərli,
əməkdar jurnalist

Həftə başlayandan bəri dörd gün idi dalbadal əməllicə-başlıca yeyib-içirdilər. Bir həftə ərzində bu qədər içki məclisində olduğu yadına gəlmirdi. İş yoldaşları Bəhrəm və Sədrəddin kimi o da evə kefi kök, damağı çağ qayıdırdı. Eldar qonşuluqda yaşayan dostları “QAİ”şniklərin əlinə düşməsinlər deyə hər dəfə təkidlə yaxınlıqdakı restoranda oturmağı məsləhət bilirdi. Bu iaşə obyekti “prestijni” sayılmasa da, yeməklərinin dadına söz ola bilməzdi. Qiymət də onlar üçün yola verilə biləndi. Normal yeyib-içəndə adambaşına təqribən 10 manat tuturdu, üstəgəl xidmətçiyə də yüngül cibxərcliyi verirdilər. İnsafən, buranın müştəriləri də əksilmirdi. Xeylisi də onlar kimi yazı-pozu adamları idi.

Eldar adəti üzrə “məclis”lərindən evə dönən kimi divanda dirsəklənib televizora baxmağa başlayardı. Çox keçməzdi, içkinin təsirindən  elə oturduğu vəziyyətdəcə onu şirin mürgü tutardı. Evdə tapşırmışdı, yuxuya getsə də, kimsə televizorun səsini almasın, qoy “lay-lay” çalmağında davam eləsin. Ən maraqlısı o idi ki, bu həftə hər dəfə yeyib-içməkdən gələndən sonra qəribə bir yuxu görürdü. Özü də bu yuxu lap “ Türk seriallar”ına bənzəyirdi. Beləki, yuxuları  bir-birinin davamı idi.

İlk yuxusunda gördü ki, qalın bir meşə ilə gur axan çayın arasındakı seyrək talada bir aslanla iki çaqqal ovlarının dadına baxmağa tələsirlər. Aslan şikarını düz çayın kənarındakı qollu-budaqlı ağacın kölgəsinə çəkdi. Başladı yenicə parçaladığı çöl camışının balasını həzmi-rabedən keçirməyə. Çaqqallar da “ov”larını yaxınlıqdakı kolluğa sarı sürükləyirdilər. Nəhayət ki, onlar böyük əzab-əziyyət bahasına murdar qoyun cəsədini kolluğa çatdırdılar. Aslan onların həyat uğrunda bu “döyüş mənzərəsi”ni çox saymazcasına seyr edirdi. Camış balasının leşini nə təhər iştahla dartışdırırdısa, hətta, yaxınlıqdan insan keçsə idi belə mütləq tamahı düşərdi. Ovlarının böyründəcə azacıq nəfəslərini dərən çaqqallar da bundan təsirlənərək bir-birinə mənalı-mənalı baxışıb nədənsə ürəkləndilər. Ehmallıca aslanın ovuna sarı yaxınlaşmağa başladılar. Aslan əməlli-başlı doyduğundanmı, ya da kefi fit çaldığındanmı gözlərindən məhrəmlik yağırdı. Bundan ürəklənən çaqqallar qarışbaqarış irəliləyib, girişdilər şikarın qalan hissəsinə . Aslan camış balasının təxminən dörddə birini aşırmışdı deyə çaqqallara kifayət qədər “pay” düşdü. Qonşularının heç qımıldanmadığını belə görən çaqqallar ağızlarının suyu zincirlənə-zincirlənə, mırıldaya-mırıldaya  öz peşkəşlərini tələm-tələsik uddular. Nə təhər doydularsa, sümüklərin qıraq-bucağında qalan ətlərə girişməyə belə lüzum görmədilər. Ayaqlarını çəkə-çəkə öz “qənimət”lərinə yaxınlaşan çaqqallar sürüyüb onu kolluğun arasında “gizlətdilər”.  

Həftənin çərşənbə axşamı və çərşənbə günlərində gördüyü yuxular da eyni idi, təkcə şikarlardan başqa. Hər dəfə də çaqqallar qədirbilməzcəsinə aslanın “məclis”ini tərk eləyən kimi, o, çağrılmayan qonaqlarını tənəli baxışlarla süzərək yerdə qalan sür-sümükləri dartıb çaya tökürdü. Aslan öz “məhəllə”sini tər-təmiz saxlayırdı. Çaqqalların “soyuducu”larının üfunəti isə dözülməz hala gəlirdi. Tox olduqlarından kolluğun ortasında üst-üstə qaladıqları “ov”larına gözlərinin ucu ilə belə baxmırdılar.

Bu dəfə də mürgüləyən kimi Eldar başladı yuxuda həmən səhnəni seyr etməyə.Birdən gözlənilməz hadisə baş verdi. Aslanın “şotu”na növbəti töhfəni ram edən və ağızlarının tamından “kişiləşən” çaqqallar adətləri üzrə öz “ov”larını əvvəlkilərin yanına sürükləməyə yönəldilər. Qəfildən aslan bütün hikkəsiylə onlara sarı götürüldü. Can yaman şirin şeydir. Bayaqdan ayaqlarını güc-bəla ilə çəkən çaqqallara elə bil qüvvət gəldi, özlərini tələm-tələsik vurdular meşənin dərinliyinə. Aslan gözünə döndüyüm də çaqqalların “qənimət”lərini bir-bir sürüyüb saldı suya. Sonra da eləməyib tənbəllik başladı öz “ev”ində sil-süpürə. Yuxunun bu dəmində  Eldardan qəfil bir qəhqəhə qopdu ki, az qala arvad-uşağın ürək-göbəyi düşə. Tez onu ayıltmağa çalışdılar. Həyat yoldaşı: - Az iç də bu zəhirmarı?!. – deyə onu tam dikəltdi və əlindəki soyuq su dolu stəkanı ona sarı uzatdı. Gözlərini aralayan Eldar elə uğunmağındaydı. Hamı mat-məəttəl qalmışdı, daha kimsə cınqırını çıxarmadı. Eldar  handan-hana özünə gəldi.  Heç kəsi eşitmək hayında deyildi, istəyi bircə səhərin tez açılmağı idi.

Eldar səhər tezdən bir qurtum su içib tələm-tələsik yollandı işə. Yolboyu fikri-zikri həmin günün ələdüşməz planını cızmaqdaydı. Bu gün də yeyib-içmək olacaqdı. Di gəl, həmin qonaqlıq tarixə düşməliydi. İşə başlayar-başlamaz Bəhrəm və Sədrəddin ilə hal-əhval  tutub onları axşamüstü baş tutacaq “məclis”ə hazırlamağa girişdi. Dostları ənənəvi qaydada ona xeyli “maya” qoyub dünənki qonağlığın ləzzətindən bəh-bəhlə söz açdılar. Özünü avamlığa qoyan Eldar dilləndi: - Dostlar, istəyirəm bu gün elə bir məclis quraq ki, indiyə qədərki bütün yeyib-içməklərimiz kölgədə qalsın. Ətrafdakı stollarda oturanların hamısı, hətta, cibişdanını tükənməz xəzinə bilənlər də heyrətdən barmaqlarını dişləyib bizə həsəd aparsınlar. Bir sözlə, bugünkü stolumuz şahlara layiq olmalıdır...

Bəhrəm yanakı Sədrəddinə göz vurub sakitcə onun qulağına pıçıldadı: - Qaqa, hərif əməlli-başlı dingildəyir ha...

 Sədrəddin  də cavabında: - Yəqin, bu günkü qonorarı yüksək olub, hə, yoxsa lap belə “xod” getməzdi?!.

Dostlarının ürəklərini boşaltmasına imkan yaradan Eldar azacıq fasilədən sonra əlavə etdi: - Bir şərtlə oturacağıq ki, nə yeməkdən, nə də içkidən doydum demək yoxdur. Özü də, ən say-seçmələri gələcək stolumuza. Əvvəlcədən qiymət soruşdu da, yoxdur, sadəcə, ən yaxşıları hansıdır onları da sifariş edəcəyik.Xidmət haqqı da iki-üç qatına ödənəcək. “Buxanka-buxanka” çörəklə ikinizə qafunluq biri-iki şiş kabab sifariş eləməyi unudun. Heç olmasa, bircə dəfə əsl kişilər kimi məclis qurun da. Qorxmayın, ürəkli olun, dağ kimi yanınızda olacam.

Eldarın son sözlərindən sonra Bəhrəmlə  Sədrəddin alınlarının qırışı açıldı, bayaqdan alacalanmış gözlərinə necə lazımdır işıq gəldi. Hər üçü səbirsizcəsinə iş gününün bitməsini gözləyidilər. Bu, onların həyatında “ən uzun” iş günü oldu.

İşdən çıxan kimi taksiyə oturub yollandılar ənənəvi restoranlarına. Yaxşıca kölgəsi olan ağaclardan birinin altındakı stolda lövbər saldılar. Tanış ofisiant qayğıkeşcəsinə onlara yaxınlaşdı və başladı sifariş qəbul eləməyə. Təbii ki, Bəhrəm və Sədrəddin bütün üz-göz cizgilərini oynada-oynada, təzimlə sözü verdilər Eldara: - Qardaş, bu dəfə başqa cür yeyib-içəcəyik. Stolu zövqüncə bəzəmək sənlikdir. Yaxşı nəyiniz var gətir, artıq qalsın ki, əskik olmasın. Bol-bol. Şərtimizi də bu başdan kəsirik... Yalnız məclis xoşumuza gəlsə, əməlli-başlı qonorar olacaq, yoxsa, bizə yaxınlaşma... Tam ciddi sözümüzdür...

“Baş üstə”  deyən ofisiant sevincək dördnala götürüldü və bir göz qırpımında dostların stolunda bazburdlu kişilərin toylarına münasib menyu yaratdı.

Eldar, Bəhrəm və Sədrəddin də acgözcəsinə girişdilər ləziz təamlara. Araq da su yerinə axırdı. Eldar imkan düşdükcə gözdən yayınıb arağı qurtum-qurtum içirdi, dostlarının badələrinin nəfəs almasına isə imkan vermirdi. Bir qədər sonra lap “Ad günü” kinosundakına bənzər səhnə yarandı. Bəhrəm və Sədrəddin qoşalaşıb çəkildilər stolun bir tərəfinə, başladılar Eldarı yuxarıdan aşağı süzüb dilxoşluq eləməyə, özü də urusuyca: - Zyoma, yeşyo budem?!. Nu k çyortu yevo, on uje pas...

Beləcə, Eldarla xeyli “məzələndilər”. O da stolun üzbəüz tərəfindən tox hərifləri lal-dinməzcəsinə seyr edirdi. Nəhayət ki, məclisin final fiti səslənmək üzrə olanda Eldar qəfildən uca səslə dostlarına çımxırdı: -Əşi, siz necə adamsınız, insan qarşınızda can verir, qovrulur, gözünüz görmür, üstəlik, tənələrinizdən də əl çəkmirsiniz?!. Belə də dostluq olar...    

İstər-istəməz diksinən Bəhrəm və Sədrəddin qoşaladığı dizlərini bərk-bərk qucaqlayan Eldara sarı tərs-tərs baxdılar. Bəhrəm  anadangəlmə “diplomat” idi, heç nəyə tezcə reaksiya verən deyildi. Ağızdan gəvə olan Sədrəddin  isə sözdə beşatılana oxşayırdı:  - Nə var, nə zəhləmizi tökürsən, görmürsən zər xırdalayırıq. Nə olub axı, səfehin biri səfeh?!.

- Həyatımda belə şey nəyinki, görməmişəm, hətta, heç eşitməmişəm də. Oturduğum yerdə, stolun altındaca ayaqlarım yerimək istəyir, dostlar canı düz deyirəm, qətiyyən zarafat eləmirəm. Güc-bəla ilə tutub saxlamışam...

- Ay danabaş, ayaqların yerimək istəyir, dörd bir tərəf yaşıllıqdır, səkidir, ətrafda gəzməyə gör nə qədər yer var, dur cəhənnəm ol, bir qədər gəziş də, elə buna görə bizi borclu çıxarmaq istəyirsən...

Özünü elə bil qış yuxusundan ayılan kimi göstərən Eldar günahkarcasına dilləndi: - Doğrudan, bu, heç bayaqdan ağlıma da gəlmir... Görürsən, indiyə qədər maraqlansaydınız, mən də bu qədər cəhənnəm əzabı çəkməzdim...

“Səfeh”i  tənəli-tənəli süzən Sədrəddin Bəhrəmə dedi: - Zyoma, naley pojaluysta, u neqo qolova nikoqda ne rabotala... Vnimaniye ne obraşay...

Əlləri ilə ayaqlarını qoşalayıb  “güc-bəla” ilə stolun altından kənara çəkən Eldar  “birtəhər” ayağa qalxdı və ilk addımlarını atan körpə təkin hərəkətə başladı. Hiss elətdirmədən əvvəlcə sivişib kolların arxasına keçdi, oradan da dabanlarına tüpürüb götürüldü beş addımlıqdakı evlərinə sarı. Tezcə mobil telefonunu da söndürdü.

Yarımca saat sonra onların stolunda üçüncü dünya müharibəsi idi. 198 manatlıq hesabı ofisiant lül dəm olan Bəhrəm və Sədrəddindən alınca əvvəlki iki cahan müharibəsindəki qədər “qurban”  verməli oldu.  İnsanı dəhşətə gətirən isə o idi ki, Sədrəddinin döş cibindən çıxarıb verdiyi 100 manatlıq “nəzir pulu” idi. Lazım olanda, o, adəti üzrə bu puldan istədiyi qədər borc götürər, sonra da imkan düşəndə borcunu “qaytarardı” .

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir