Modern.az

“Müsavatdan indiyədək 10 nəfər çıxarılıb” - Məclisin sədri

“Müsavatdan indiyədək 10 nəfər çıxarılıb” - Məclisin sədri

18 May 2015, 17:31

“Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin yerinə təyinat olmayıb. Təbii ki, partiyanın Qadınlar Birliyi başsız qalmayacaq”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.

O bildirib ki, Qadınlar Birliyinin sədrliyinə kimin təyin olunması barədə məsələ bu gün Divanın toplantısında müzakirə olunmayıb: “Bu məsələ sonra müzakirə olunacaq. Ellada Məmmədlinin partiyadan çıxması Xətai rayon təşkilatının təşəbbüsü ilə olub. Deyilənə görə, Ellada xanım təşkilatın yığıncağına gəlmədiyinə, nizamnamə pozuntularına yol verdiyindən partiya sıralarından xaric olunub.

Bu gün keçirilən Divan toplantısında partiyanı tərk edən insanların siyahısı ilə bağlı məsələ də müzakirə olunub. Məlum olub ki, partiyadan çıxarılanların siyahısı bir qədər şişirdilmiş formada təqdim olunur. Bu günə qədər partiyadan cəmi 10 nəfər çıxarılıb. Amma, nədənsə bu siyahını 10 dəfə artıq təqdim edirlər. Onların böyük əksəriyyəti partiyanın nizamnaməsinə tabe olmadıqları üçün xaric olunublar. Hətta istefa verən insanların böyük əksəriyyətinin partiya üzvü olmadığı, yaxud 2011-ci ildən artıq partiya sıralarından çıxdıqları məlum olub.

Müsavatla bağlı rəqəmlərin şişirdilməsi kimə maraqlıdır? Bu rəqəmləri bu cür təqdim edən kimdir? Buna çox təəssüflənirəm. Hər halda, bunlar kiminsə oyununu oynayırlar”.

Mayın 17-də Xətai rayon təşkilatının təqdimatı əsasında Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib.

Yeganə OQTAYQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir