Modern.az

İqbal Ağazadə: “Mənim kəlbəcərli girovları müdafiəmi hakimiyyət məqbul hesab etmədi”

İqbal Ağazadə: “Mənim kəlbəcərli girovları müdafiəmi hakimiyyət məqbul hesab etmədi”

18 May 2015, 18:08


Milli Məclisin 2014-cü ildə keçirilən iclaslarından birində Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ermənilərin Xankəndidə “mühakimə etdiyi” kəlbəcərli girovlarla bağlı təklif səsləndirib.
“Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır”.

Deputat  beynəlxalq təşkilatların onlarla maraqlanmadığını vurğulayıb əlavə etmişdi ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər. “Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar”.

Modern.az saytı İqbal Ağazadədən irəli sürdüyü təşəbbüsün nə yerdə olduğunu soruşub.

Deputat deyib ki, o vaxt situasiyanı hakimiyyət rəsmilərinin yanaşmasına görə qiymətləndirib: “Qənaətə gəldim ki, bu məsələdə hakimiyyət yanaşması fərqlidir. Buna görə də hesab etmirəm ki, əlavə müzakirə nəyisə həll edərdi. Bu razılıq Azərbaycan dövlətinin marağı çərçivəsində olub, ona görə də təşəbbüs məqbul hesab olunmur. Hər halda, bu gerçəkliyi aparan mövcud iqtidardır. Onun yanaşması da bu və ya digər şəkildə nəzərə alınmalıdır. Hakimiyyət bu gün bu məsələdə fərqli düşünür”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Onlarla birgə getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Girovluqda olan iki azərbaycanlıya qarşı cinayət işi açılıb. Separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələbinə əsasən, Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunublar.

Mayın 27-də separatçı “Dağlıq Qarabağ Respublikası"nın “ali məhkəməsi” Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar-Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir