Modern.az

Dostumuz Rəşad İlyasov

Dostumuz Rəşad İlyasov

18 May 2015, 23:25

Rəşad İlyasovu 20 ildir ki, tanıyıram. Azərbaycan Televiziyasında işləməyə başlayanda, “Xəbərlər” redaksiyasına qədəm qoyanda onu və dostu Pərviz İskəndərovu rejissor kimi təqdim etdilər. Amma nədənsə duruxdum. Axı mən elə bil onu haradasa çoxdan tanıyırdım. Özümü saxlaya bilmədim. Dərhal soruşdum. Ani susaraq, gülümsədi. Cavab verməyə isə macal tapmadı. Artıq yadıma düşmüşdü. “Hə, papaq...” deyəndə isə ətrafdakılar da gülüşdülər. Niyəsin isə sonra bildim.

94-ci illərdə klip çəkdirmək təzə-təzə dəbə düşürdü. Və musiqi üçün yeni olan bu proses çox ağır gedirdi. Həm müğənnilərin maddi durumları imkan vermirdi, həm də klipmeyker deyilən nəsil təzə-təzə cücərməyə başlamışdı. Texniki imkanlar məhdud olduğundan ilk qaranquşlar çox da keyfiyyətli alınmırdı. İfaçılar isə heç bu barədə düşünmürdülər də. Hər klip, əlbəttə ki, yaxşı klip böyük rezonanasa səbəb olurdu. 23 yaşlı gənc kanon ifaçısı Rəşad İlyasovun ilk “Çaldaş” klipi həm ifaçılıq, həm mahnı seçimi, həm də klipin rejissura və montaj həlli baxımından gözəl alınmışdı. O vaxt Rəşadın “Xəbərlər” proqramında iş yoldaşı olan montajçı, sonra isə sayılıb-seçilən klipmeyker Fuad Əlişovun ilk işi 6 aya başa gəlmişdi. İndi də bu videoyazıya baxanda onun adi montaj stolunda, kompüterin köməyi olmadan yığılmasına inanmağım gəlmir. Klipdə Rəşad İlyasovun şlyapası həm ona gözəl yaraşırdı, həm də kadrlar arası keçiddə gözəl vasitəyə çevrilmişdi – yoxa çıxır, meydana gəlir, yerə düşür, gah itir, gah tapılır. Rəşad həm də bu elementə görə də yadımda qalmışdı. Demə həmkarlarım da “ağ şlyapa” əvəzinə “papaq“ deməyimə gülüşübmüşlər.


İlk növbədə Rəşad İlyasov mənim üçün iş yoldaşı, həmkar idi. Qaynar qazanı xatırladan, yaradıcılıqdan daha çox operativliyin üstünlük təşkil etdiyi “Xəbərlər” mühitində redaktor – rejissor kimi dil tapıb işləyirdik. Amma bilmirdik ki, rejissor Rəşad artıq yeni bir yaradıcılıq yolunun astanasındadır.

Rəşad İlyasov mühəndis ailəsində dünyaya gəlib. Anasının Az.TV-də işləməsi onu da bu sənət məbədinə gətirib. Lakin mən sonradan bildim ki, onun gözəl ifaçı olmasının səbəbləri, daha doğrusu kökləri daha da dərindir. Xalası məşhur kaman ustası, xalq artisti Şəfiqə Eyvazova, digər xalası qarmonçu Vəzifə Eyvazova, dayısı ud ifaçısı Yasəf Eyvazov, qardaşı gitaraçı Rüstəm İlyasov, bibisi oğlanları Asəf Hüseynov qarmonçalan, Şamil Hüseynov isə nağaraçıdır. Bütün bunları biləndən sonra bir atalar misalını çəkmək yerinə düşərdi: “Ot kökü üstə bitər”.

İllər bir-birini əvəz edirdi. Demə Rəşad dostları üçün yeni sürprizlər hazırlayırmış. 1997-ci ildə ilk dəfə onu müğənni kimi tanımağa başladıq. Az.TV-nin efirində mərhum sənətkarımız Ələkbər Tağıyevin “Gözləyəcəyəm” mahnısı ilə debütü deyəsən uğurlu alınmışdı. Bu debütü bizi sevindirməklə yanaşı, həm də qorxudurdu. Görəsən Rəşad ifaçı olduğu qədər gözəl müğənni kimi də özünü təsdiq edə biləcəkmi?

Çox gözləmək isə lazım gəlmədi. Xalq artisti İlhamə ilə oxuduğu “Yaşın nə fərqi var ki” dueti öz möhürünü vurdu. Artıq onu hamı tanıyırdı. Bu mahnını ilk dəfə olaraq o, Sabunçu Mədəniyyət Sarayında təşkil edilən ilk solo-konsertində oxumuş və böyük alqışlarla qarşılanmışdı. Lakin mahnının klip şəklində ekranlara çıxması musiqimizdə böyük rezonans doğurdu. “Yaşın nə fərqi var ki...” sözü isə xalq arasında artıq zərbi-məsələ çevrilmişdi. İlhamə kimi sənətkarla duet oxumaq və onun tərəfindən klipə çəkilməyə bu dəvəti almaq isə Rəşad üçün böyük imtahan idi və bu imtahandan o üzüağ çıxmışdı.

Dediyim kimi, klip uğurlu alınmışdı. Hər şeyə tənqidi yanaşan mən nə qədər çalışırdımsa, bir şey tapa bilmirdim. Sadəcə olaraq “Rəşad, yekə oğlansan, adam da ağ köynək geyinib torpağın üzərinə uzanar” deyə ona sataşırdım.

Populyarlıq qazanmaq, ildiki dillə desək, ulduz olmaq hər ifaçı və müğənniyə nəsib olmur. Lakin bu adı qazanmaq nə qədər çətindirsə də, onu qoruyub saxlamaq, inkişaf etdirmək daha da çətindir. Rəşad İlyasov artıq gözəl mahnılar axtarışındaydı. Estradamızın bəstəçi-ulduzları sayılan Eldar Mansurov, Aygün Səmədzadə, Novruz Aslanov, Xanım İsmayılqızı, Nailə Mirməmmədli kimi bəstəkarlarımızla yeni mahnılar üzərində çalışır və hər mahnı da böyük rezonansa səbəb olurdu. İlk olaraq tanınmış rejissor Pərviz İskəndərovla birgə “Gəl qayıdaq o sahilə”, “İnləyən nəğmələr”, “Sən dönərsənmi” mahnılarına çəkilən klipləri uğurlu alındı. Türkiyənin məşhur “Raks” şirkəti tərəfindən “Anaram səni” adlı ilk audio albomu buraxıldı. Gözəl bəstələr bir-birini əvəz etdikcə rejissorlar Fuad Əlişov, Aqil M.Quliyevin çəkdiyi kliplər bu əsərlərin məzmununu daha gücləndirirdi. Artıq Rəşad bu kliplərdə özü çəkilməklə özünü bir aktyor kimi də göstərməyə başlamışdı.

Günlərin bir günü gecə 12.00 “Xəbərlər”ini yola verib Rəşadın maşınında evə qayıdırdıq. İstəyirdi ki, köhnə evimizə - 9-cu mikrorayona tərəf sürsün. Dedim ki, təzə ev almışıq, prezidentimiz bağışlayıb atama. Təzə Bazar səmtinə sür. Gedək bizə sən də gör. Vaxtın gec olmasına baxmayaraq (gecə saaat 1-də) qalxdıq yuxarı. Əlində balaca bir bağlama tutmuşdu. Soruşdum ki, bu nədir? Dedi ki, həm təzə evinə hədiyyədir, həm də sürpriz. Çay stolu arxasında “Fa minor” adlı 2 diskli və 1 audio kassetli albomunun üstünü yazıb, qızıma bağışladı. Çox sevindim. 29 yaşında artıq 3 albom buraxmaq, saysız videokliplər çəkdirmək hər sənətkara nəsib olmur. Bu, yalnız özünə hörmət qoyan ulduzlara xas bir xüsusiyyətdir.

2006-cı ildən Rəşadı biz yeni ampuladan tanımağa başladıq. O Az.TV-nin ən hörmətli, uzunömürlü proqramlarından birini həmkarımız, gözəl jurnalist Nəcibə xanımla aparmağa başladı. Canlı efirdə aparıcılıq eləməyin məsuliyyətini isə biz televiziya işçiləri gözəl başa düşürük. Sonra isə digər televiziyalarımızın efirində layihələrə imza atmağa başladı.

İndi Rəşadın 41 yaşı var. İfaçı, müğənni, ulduz, aktyor, aparıcı kimi artıq özünü təsdiq edib. Şou-biznesdə abrını-həyasını qoruyub saxlaya bilib. Dedi-qodularla yox, sənətiylə özünü göstərib. “Ulduz xəstəliyi”nə də tutulmayıb. Köhnə dostluq münasibətlərini qoruyub. Amma inanmıram ki, arxayın yerində otura. Əminəm ki, yenə də dostları və pərəstişkarları üçün yeni sürprizlər axtarışındadır. Uğurlar, uğurlar, yenə də uğurlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir